Azərbaycan 2001-ci ildən Avropa Şurasına üzv qəbul ediləndən sonra, dəfələrlə qərəzli münasibətlə üzləşib. İş o həddə çatıb ki, artıq Avropa Şurasının bu gün Azərbaycana lazımlılığı xalqımızın müzakirə obyektinə çevrilib.
Məlum olduğu kimi 2020-ci ilin yanvar ayının 30-da AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı qərəzli qətnamə qəbul edilib. Avropa Şurası bir daha Azərbaycana ikili standartlarla yanaşdığına dair mövqe ortaya qoydu. Çünki Ermənistan və digər MDB ölkələrində baş verən anti-demokratik hadisələrə qurumun passiv və loyal münasibəti müşahidə edildiyi halda, xırda bir məsələyə görə Azərbaycanın üzərinə səlib yürüşünün çəkildiyini görürük. Təbiidir ki, bu cür qərəzli qətnamələr Azərbaycanın siyasi mövqeyinə təsir edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Avropa Şurasının (AŞ PA) Azərbaycana qarşı olan qərəzli münasibətinə toxunub.
Prezident AŞ PA-ya inamın itdiyini və təşkilatda ikili standartların hakim olduğunu deyib.
Azərbaycan-Ermənistan konflikt məsələsində biz Avropa Şurasının ikili standartarını görürük. Gəlin baxaq, Avropa Şurasında Ukrayna, Gürcüstanın mövqeləri hansı, Azərbaycanın mövqeləri hansı şəkildə formalaşır. Eyni zamanda müqayisədə götürsək, Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi işğal, etnik təmizləmələr lazımi səviyyədə Avropa Şurasında öz tənqidini tapmır. 800 mindən çox etnik təmizləməyə məruz qalan insan var ki, Avropa Şurası buna heç bir cavab vermir, Ermənistana qarşı sanksiya tətbiq etmir.
Avropa Şurasının Azərbaycanla bağlı sərgilədiyi mövqedə bir cəhət də xüsusilə nəzərə çarpır. Adətən Azərbaycan əleyhinə qəbul edilən sərt və qərəzli bəyanatlar, qətnamələr ölkəmizdəki mühüm hadisələrin baş verdiyi ərəfəyə təsadüf edir. Yanvarın sonunda qəbul edilən qətnaməni də bu qəbildən saya bilərik. Çünki bu ölkəmizdə aparılan mühüm islahatların fonunda keçiriləcək növbədənkənar parlament seçkilərinə təsadüf edir. Açıq görünür k, Azərbaycana qarşı növbəti qərəzli mövqe üçün zəmin hazırlayırlar. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizdə siyasi məhbus yoxdur. Konkret cinayət əməllərinə görə həbsə atılan bəzi tanınmış şəxslər məsələni siyasiləşdirərək bu adı özlərinə bayraq edib, etdikləri cinayət əməllərinə haqq qazandırırlar. Ölkənin daxilindəki bəzi dairələr isə bu amillə manipulyasiya edib, qrantlar vasitəsilə pul qazanırlar. Bütün bu müştərək maraqlar həm də Avropanın bəzi qurumlarının istəkləri ilə tam uzlaşır. Həmin qurumlar da bu neqativ donoslar əsasında Azərbaycana qarşı təzyiq üsulu sayıla biləcək qərarlar qəbul edirlər. AŞ-nın son qətnaməsi də ölkəmizdə keçirilən parlament seçkilərinin nəticələrinə əvvəlcədən kölgə salmaq marağını güdür. Ancaq bütün bu təzyiqlərdən təngə gələn Azərbaycan hakimiyyəti artıq AŞ-nın lazımsız quruma çevrildiyini açıq mətnlə bəyan edir. Deməli, düşünmək və qərar vermək AŞ-nın öhdəsinə düşür.
Məhəmmədəli QƏRİBLİ