Fevralın 6-da Azərbaycan Respublikasının (AR) Qırğız Respublikasında (QR) fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovla QR Baş nazirinin birinci müavini, iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Qırğızstan tərəfdən həmsədri Kubatbek Boronov arasında görüş keçirilib.
Baki-xeber.com Qırğızstan mətbuatına istinadən xəbər verir ki, görüşün əvvəlində səfir H.Orucov bildirib ki, Azərbaycanla iqtisadi, humanitar əlaqələrin möhkəmləndirilməsində fəal iştirakına görə bir qrup xarici siyasi, ictimai xadim Azərbaycan Respublikasının “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif ediliblər. Siz əvvəllər QR Fövqəladə Hallar naziri, sonra Baş nazirin birinci müavini, İqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Qırğızstan tərəfdən həmsədri kimi həmişə ölkələrimiz arasında əlaqələrin inkişafında səylər göstərmisiniz.
Sonra H.Orucov yubiley medalını K.Boronova təqdim edərək Baş nazirinin birinci müavini, iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri kimi bundan sonra da əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
K.Boronov “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley medalı ilə təltif edildiyinə görə dərin təşəkkürünü bildirib, bu mükafatı ona göstərilən böyük etimadın əlaməti hesab edib və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini söyləyib. K.Boronov deyib ki, keçən ilin oktyabr ayının 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində AR Prezidenti cənab İlham Əliyevlə QR Prezidenti cənab Sooronbay Jeenbkov arasında keçirilmiş görüş əlaqələrimizin inkişafına yenidən təkan verib. Hökumətlərarası Birgə Komissiyanın 3-cü iclasının yüksək səviyyədə keçirilməsində H.Orucovun əməyini yüksək qiymətləndirən K.Boronov qeyd edib ki, iclasın Protokolunda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün müvafiq göstəriş verib.
Səfir Hökumətlərarası Birgə Komissiyanın 3-cü iclasının Protokolunda qarşıya qoyulan vəzifələrlə bağlı Azərbaycan tərəfinin müvafiq işlər gördüyünü K.Boronovun diqqətinə çatdırib.
Sonra ölkələr arası iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub.