Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, generallar strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin, tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər. Qeyd edək ki, artıq bu formatda keçirilən görüş necənci dəfədir məhz Bakıda keçirilir və bu, artıq bir platforma halını alıb. Belə görüşlərin fasiləsiz olaraq Bakıda keçirilməsi nə ilə bağlıdır?
Samir Adıgözəlli: “Dünyanın taleyi Bakıda həll edilir və bu, şübhəsiz ki, bizim möhtəşəm uğurdur”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli qəzetimizə bildirdi ki, Azərbaycan bir çox sahədə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib və artıq belə görüşlərin Bakıda keçirilməsi təəccüb doğurmur: “Şübhəsiz ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbləri də var.
Bu, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibətləri var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir və eyni zamanda, heç bir hərbi-siyasi blokun üzvlüyünə can atmır”.
Ekspertin sözlərinə görə, Azərbaycan xarici siyasətinin dinamikası və yönü, prioritetləri, inteqrasiya istiqamətləri və qlobal layihələri Qərbə yönəlik müsbət mesajlar verməklə, Qafqazın bu ölkəsini hesablaşılan siyasi sabitlik vətəninə çevirib: “Bu, təkcə oynadığımız rolun siyasi tərəfi deyil, başqa sözlə, Avropada Rusiyanın qaz diplomatiyasına da alternativliyimizə görə əhəmiyyətimizdir, üstəgəl, Rusiya ilə qonşuyuq və regionun digər ölkələrindən olduqca sabitik. Rusiya tərəfinin Bakını seçməsi isə iki ölkə arasında yüksək münasibətlərdən qaynaqlanır və Moskva Bakıda coğrafi yaxınlığı faydaya çevirir. İki hərbi güc mərkəzi arasında dialoqlara dünyada baş verən toqquşma tendensiyaları şərait yaradır, qüvvələr balansının bölünməsi, siyasi və hərbi demarşların edilməsi, sadə ifadə etsək, dünyanın taleyi Bakıda həll edilir və bu, şübhəsiz ki, Bakının möhtəşəm uğurudur”.
Məhəmmədəli QƏRİBLİ