“Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin”. Bunu Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Ölkə başçısı AŞPA-nın fəaliyyətini tənqid edərək bir sıra məqamlara toxunub: “Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat, əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir”. Məlumat üçün qeyd edək ki, Mövlud Çavuşoğlu 2003-2014 illərdə AŞPA vitse-prezidenti olub. 2010-2012 illərdə AŞPA rəhbərliyinə seçilib və bu vəzifəyə yüksələn ilk türk parlament üzvü olub.
Həqiqətən də Çavuşoğlunun quruma rəhbərlik etdiyi dönəmdə AŞPA müəyyən pərdəarxası qüvvələrin əlində alət rolunu oynamırdı. Ondan sonrakı dövrlərdə isə vəziyyət dəyişdi. AŞPA rəhbərliyi müəyyən pərdəarxası dairələrin sifarişlərini yerinə yetirməyə başladı. Çünki həmin dairələr elə şəxsləri qurumun başına gətirdilər ki, onlar ancaq siyasi sifarişlərə uyğun hərəkət edirlər. Bir növ, AŞPA prezidentliyinə namizədlərin seçimi anti-Azərbaycan və antitürk dairələr tərəfindən aparılır. Bu da getdikcə AŞPA-nı hörmətdən salır, siyasi nüfuzunu heçə endirir.
“Belə siyasət qurum üçün yaxşı perspektiv vəd etmir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, AŞPA-nın müstəqil qurum kimi fəaliyyət göstərməsi müşahidə edilmir: “Qurum müəyyən dairələrin təsiri altındadır. Bunun nəticəsidir ki, AŞPA həm Azərbaycana, həm də Türkiyəyə qarşı ədalətsiz mövqe sərgiləyir. Müxtəlif qərəzli xarakterli qətnamələr qəbul edir. Açıq-aşkar ikili yanaşma sərgiləyir. Bu cür ədalətsiz yanaşmalar Avropada susqunluqla qarşılanır. Fransada nümayişçilərə xəsarət yetirilir, onlara qarşı cinayət işi açılır, AŞPA susur. Ermənistanda sayt rəhbəri həbsxanada dünyasını dəyişdi, keçmiş hakimiyyət mənsublarının bəziləri siyasi səbəbdən həbsdədir. Qurum bunları görməzdən gəlir. AŞPA-ya indi rəhbərlik edənlər obyektivlik hissini itiriblər və onlara verilən tapşırıqları icra edirlər. Çavuşoğlu isə quruma rəhbərlik edəndə buna imkan vermirdi. O, əlindən gələni edirdi ki, ədalətli yanaşma ortaya qoyulsun. Qurum simasını itirməsin. Ancaq ondan sonra AŞPA-ya rəhbərlik edənlər müəyyən qüvvələrin sifarişlərini yerinə yetirməyə başlayıblar. Bu isə əsl ədalətsizlikdir. Belə siyasət AŞPA üçün yaxşı perspektiv vəd etmir”.
Vidadi ORDAHALLI