Dağlıq Qarabağ münaqişəsinin sülh müstəvisində çözümü istiqamətində Cenevrədə baş tutan məlum danışıqlardan sonra prosesin hansı istiqamətdə cərəyan edəcəyi barədə müxtəlif fikirlər səslənir. Azərbaycan məsələyə kifayət qədər təmkinli yanaşsa da, Ermənistanda böyük hay-küy qopub.
Burada səslənən fikirlərdən bəlli olur ki, danışıqlarda Azərbaycan kifayət qədər üstün bir mövqedədir. Ermənistan parlamentinin sabiq deputatı Ruben Hakobyan bunu ölkə hakimiyyətinin siyasəti ilə izah edir: “Baş nazir Nikol Paşinyana Qarabağ və Qarabağ münaqişəsinin nizama salınması barədə heç nə danışmamağı məsləhət görürəm, çünki onun dediyi hər şey erməni tərəfinə ziyan vurur”.
Onun sözlərinə görə, Paşinyanın ziddiyətli bəyanatlarından sonra Ermənistan Xarici İşlər Nazirliyi hər zaman özünü doğrultmaq məcburiyyətində qalır: “Bu həm “Qarabağ Ermənistandır, vəssalam”, həm də “Danışıqlar aparılmayıb” bəyanatı ilə əlaqəlidir, ATƏT-in Minsk Qrupu həmsədrləri, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin son birgə bəyanatı razılaşmaların olduğu barədə danışır, bu isə o deməkdir ki, danışıqlar da olub”. Siyasətçinin sözlərinə görə, danışıqlarda yeni bir gündəlik təqdim olunmursa, deməli, masa üzərindəki əvvəlki gündəlik müzakirə olunur: "Yəni bir neçə dəfə Azərbaycan tərəfinin irəli sürdüyü gündəliyi müzakirə etmək imkanı olub". Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryanın fikirləri olduqca maraq doğurur. O bildirir ki, Qarabağ münaqişəsinə dair danışıqlarda ərazilərin geri qaytarılması ilk günlərdən müzakirə olunur. Əks halda, yəni belə məsələ müzakirə olunmasaydı, Azərbaycan danışıqlar masasına da oturmazdı. Ekspert əlavə edib ki, Bakı Cenevrədə ötən həftə aparılan iki günlük danışıqlardan və Bratislava danışıqlarından məmnundur.
Qeyd edək ki, David Şahnazaryan hazırda Nikol Paşinyanın Qarabağ məsələsində əsas opponentlərindən biridir. İndiki Ermənistan hökuməti ətraf rayonların heç birinin qaytarılmayacağı haqda mesajlar versə də, o əmindir ki, Paşinyan “torpaqları qaytarmağa” hazırlaşır. Bu günlərdə Şahnazaryan Cenevrədə xarici işlər nazirləri arasında danışıqlarda “Şuşanın məsələsinin müzakirə olunduğunu” iddia etmişdi və bildirmişdi ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşadığı zonanın yaradılması da gündəmdədir. Şahnazaryan bildirir ki, Ermənistan tam təcrid olunub: “Minsk Qrupunun həmsədrləri və Bakı bir tərəfdədir, İrəvan digər tərəfdə. Və günahkar dövlət biz olacağıq, bütün bunları törədən isə Nikol Paşinyandır”.
"Adekvat" partiyasının həmtəsisçisi Artur Danielyan da eyni mövqeni bölüşür:“Paşinyan deyəndə ki, Qarabağ danışıqların tərəfinə çevrilsin, məhz Azərbaycan icması nəzərdə tutulurdu. Güman edilir ki, münaqişənin həlli "torpaqların təslim edilməsi" kimi görünməyəcək, ancaq həmin ərazilərdə əvvəllər oradan qaçmaq məcburiyyətində qalmış insanlar məskunlaşacaq, sülhməramlılar isə onların təhlükəsizliyini təmin edəcək. Beləliklə, baş nazir Azərbaycana və beynəlxalq ictimaiyyətə istədiklərini verəcək. Bundan əlavə, hər şey ediləcək ki, Qarabağdakı cəmiyyət daima nəyə görəsə didişsin və bu “nəyə görənin” əhəmiyyəti yoxdur ”.
Ermənistanın birinci ombudsmanı, hüquq müdafiəçisi Larisa Alaverdyan da bildirir ki, Qarabağın nizama salınması ətrafında aparılan danışıqlar uzun müddətdir yalnız “Madrid prinsipləri” ətrafında davam edir və hələlik başqa sənədlər yoxdur: “Qarabağ problemi ilə bağlı keçmiş səlahiyyətlilərin mirasını müəyyən formada təqdim etmək cəhdi hazırkı hakim qüvvə tərəfindən gələcək bəzi fəaliyyətləri əsaslandırmaq cəhdi kimi nəzərdən keçirilə bilər”.
İndilikdə, danışıqların atmosferindən də göründüyü kimi, Cenevrədə münaqişənin həlli ilə bağlı hansısa ümidverici nəticə ola bilər. Bu, Dağlıq Qarabağda mövcud status-kvonun dəyişməsnin başlanğıcı ola bilər. Görüş münaqişənin həllində indilikdə bir rol oynamır, lakin Azərbaycanın qazanclı çıxması ilə nəticələndiyini deyə bilərik. Təbii ki, münaqişə ədalətli şəkildə həll olunmadığı təqdirdə belə qazanclar kiçik görünür. Amma bu qazancın mürəkkəb diplomatik müharibədə önə keçmək olduğu da diqqətdən yayınmamalıdır. Böyük Britaniyanın “Conciliation Resources” təşkilatının Cənubi Qafqaz proqramının direktoru, politoloq Lourens Broers də bunu istisna etmir. Həmsədrlərin Cenevrədəki görüşdən sonra verdiyi açıqlamanı təhlil edən ekspert bldirir:“Açıqlama mənə maraqlı göründü. Orada danışıqların intensivliyi və əsaslılığı vurğulanır ki, bu da Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistan və Azərbaycan liderlərinin görüşlərindən sonra verilən açıqlamalardan çox fərqlidir. Digər tərəfdən, Cenevrə danışıqlarından sonra verilən bir açıqlama sülh prosesindəki şiddətin səviyyəsini göstərir. Tərəflər xalqları sülhə hazırlamaq barədə razılığa gəlsələr də, artıq bir ildir ki, bu istiqamətdə xüsusi səy görmədik. İstisna, bütün ön xətt boyunca gərginliyin azalmasıdır. Münaqişənin sülh yolu ilə həlli üçün mövcud fikirlərin tənqidini də görürük, amma yeniləri hələ təklif olunmur. Bəyanatda münaqişənin dinc yolla nizamlanmasının element və prinsiplərindən danışılması sevindirici haldır. Amma bu yalnız əvvəllər tərəflərin razılaşdırdığı bütün humanitar tədbirlər ardıcıl olaraq həyata keçirildiyi təqdirdə vacib olacaq. Həmsədrlərin Cenevrədəki görüşdən sonra verdiyi açıqlamanı təhlil etsək, bu barədə nə demək olar? Bölgədə sülhə ümid bəsləmək olarmı?”
İndiki vəziyyətdə 14-16 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü də istisna edilmir. Gözlənir ki, burada İrəvan və Bakı həll prinsiplərini, gələcək bir müqavilənin çərçivəsini və kompromis tapmaq yollarını müzakirə edə bilər. Əks təqdirdə məsələnin hərbi həlli ehtimalı artır. Düzdür, vasitəçilər yeni savaşın alovlanmasını istəmir, odur ki, prosesi "ölü nöqtə"dən tərpətməyə çalışırlar. Lakin bunun mümkün olması üçün Ermənistanın danışıqlarda səmimi və konstruktiv olması vacibdir. Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gələndən sonra münaqişənin nizamlanması istiqamətində bir müsbət addım belə atmadığı məlumdur. Indi bu davam edərsə, yeni Qarabağ savaşı qaçılmaz sayılır. Bunun qarşısı yalnız Erməistana qarşı konkret təzyiqlərin işə salınması ilə alına bilər.
Hazırda isə Qarabağ danışıqları, yuxarıda qeyd ounduğu kimi, "Madrid prinsipləri" əsasında aparılır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərtilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur. Araşdırmaçılar belə hesab edirlər ki, danışıqların effekt verməsi üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa başlamalıdır. Həmsədrlər bu prosesi davam etdirmək istəyirsə, Ermənistana təzyiq etməlidir. Ermənistan öz mövqeyindən geri çəkilməsə danışıqların heç bir perspektivi olmayacaq. Almaniyalı siyasi analitik Uve Halbax bu fonda vasitəçılırin fəal olmasının vacibliyni bildrirb. Ekspert Cenevrə görüşünün mühüm yeniliklərə rəvac verə biləcəyini bu fonda istisna etmir. O qeyd edib ki, görüşdən sonra yayılan bütün bəyanatlar bunun sübutudur:
“Yayılmış çoxtərəfli mətn yaxşı hazırlanıb və tərəflər üçün olduqca təhlükəsizdir. Yəni belə bir təəssürat var ki, Azərbaycanın diplomatik maraqları kontekstində vacib məsələlər müzakirə olunur və Ermənistanın maraqları kontekstində gələcək nizamlanma prinsipləri, elementləri, humanitar gündəm barədə söhbət gedir”
Rus siyasi analitik Aleksey Malaşenkonun sözlərinə görə, bənzər görüşlərin davamlılığından, rəsmi bəyanatların məzmunundan asılı olmayaraq, artıq 25 ildən çoxdur davam edən mürəkkəb münaqişə var:“Tərəflərin nizamlanmaya və ya nizamlanmanın hər hansı paketinə yaxınlaşdığını dəqiq demək çətindir. Diplomatiya tərəflərin, həmsədr ölkələrin bu və ya digər mərhələdə münaqişə zonasında vəziyyəti dəyişmək üçün hər hansı istəyə malik olmayaraq istifadə etdiyi gözəl vasitədir. Növbəti görüşdə nə olacağını güman edə bilmərik. Amma nəticə olmasa, savaş qaçılmazdır. Azərbaycan buna hazır olsa da, Ermənistan haqda eyni şeyləri deyə bilmərik”. Hesab olunur ki, bütün bunlardan Ermənistan müvafiq nəticə çıxarmağı bacarmlıdır. Əks təqdirdə bu nəticəni ona savaşla başa salmaq lazım gələcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.