Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Andrey Şircel (Sloveniya) və Kimmo Kilyuner (Fillandiya) Ermənistanda Konstitusiya Məhkəməsinin ləğvi istiqamətində atılan addımlara çox loyal bir münasibət ortaya qoyublar.
Onların bəyanatında bildirilir ki, Ermənistan hakimiyyətinin Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı atdığa addımlar təqdir edilmir, bunun üçün Venesiya Komissiyasının rəyi alınmalıdır: “Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin fəaliyyətinə xitam verə bilmədiyi üçün, indi də həmin qərarın referendum vasitəsilə tətbiqinə nail olmaq istəyir. Konstitusiyaya bəzi düzəlişlərin edilməsini nəzərdə tutan referendumun keçirilməsində başlıca məqsəd Konstitusiya Məhkəməsinin üzvlərinin səlahiyyətinə xitam verilməsidir”.
Həmməruzəçilər hesab edirlər ki, bu addımlar Ermənistandakı konstitusion institutların gələcək fəaliyyəti üçün təhlükə yarada bilər. Onlar referendumun keçirilməsinə də etiraz etmir, yalnız bildirirlər ki, bu məsələdə Venesiya Komissiyasının rəyinin alınması bütün tərəflərin mövqeyini əks etdirə bilər. Təbii ki, bu mövqe Ermənistanda baş verən hadisələrin fonunda olduqca loyaldır. Bənzər hadisə Azərbaycanda baş versəydi, AŞPA-nın mövqeyi necə olardı?
Elşən Həsənov: “Artıq uzun illərdir AŞPA-nın tutduğu istiqamət onun qoyduğu prinsiplərə uyğun gəlmir”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda baş verən bütün bu hadisələr antidemokratikdir: “Paşinyan hakimiyyətə gələndən sonra atdığı bütün addımlar zorakılıqla müşahidə edilib. Yadınıza gəlirsə, o, Serj Sarkisyanın tərəfdarlarının çox olduğu parlamenti buraxa bilmirdi. Ancaq zorla da olsa bunu etdi. Yeni seçkilərdə Venesiya Komissiyasının rəyini, ümumiyyətlə, nəzərə almadı. Sonra başladı ölkədəki siyasi rəqiblərini bir-bir sıradan çıxarmağa. Hazırda onun əsas siyasi rəqibləri ya həbsdədir, ya da barələrində cinayət işləri açılıb. Ermənistandakı Konstitusiya Məhkəməsi Paşinyana müqavimət göstərən, onun sifarişlərini canla-başla yerinə yetirməyən son qalalardan biri sayılır. Həmin qurumun ayrı-ayrı üzvlərinə qarşı həyata keçirilən təqib kampaniyası, təzyiqlər nəticə vermədiyi üçün, indi qurumun üzvlərinin səlahiyyətlərinə xitam vermək qərarına gəliblər. Paşinyan guya bunu qanunla etmək istəyir. Parlamentdəki cəhdləri alınmadı. İndi də referendum təyin edib Konstitusiyanı dəyişmək istəyirlər ki, onlara mane olan baryerləri asanlıqla adlaya bilsinlər. AŞPA-nın məsələyə münasibəti çox loyaldır və proseslə adekvatlıq təşkil etmir. Burdan açıq görünür ki, onlar Ermənistana ərköyün uşaq münasibətini bəsləyirlər. Ermənistanda baş verən proseslər AŞPA-nın maraqlarına tamamilə ziddir. Ona çox sərt reaksiya olmalıydı”.
Ekspertin sözlərinə görə, bənzər hadisə Azərbaycanda olsaydı, qurum çox fərqli mövqe sərgiləyərdi: “AŞPA-nın Azərbaycana münasibətdə qərəz siyasətini davam etdirməsinin əsasında ölkəmizin yürütdüyü müstəqil siyasət dayanır. İstər Azərbaycan, istərsə də quruma üzv olan digər dövlətə qarşı AŞPA tərəfindən sərgilənən münasibət heç bir halda həmin təşkilatın mövcud nizamnaməsi və əsasnaməsinə uyğun deyil. Bu təşkilatda bəziləri çalışırlar ki, ora üzv dövlətlər üzərində dominantlıq etsinlər. Əslində, qurumun missiyası, birinci növbədə, üzv dövlətlərin qanunvericilik bazasını bir-birinə yaxınlaşdırmaq, əməkdaşlığın daha da dərinləşdirilməsini təmin etməkdən ibarətdir. Bu, bir inteqrasiya modelidir. İnteqrasiya modeli isə onu tələb edir ki, dövlətlər arasında əməkdaşlıq münasibətlərinin normallaşması üçün müvafiq addımlar atılsın. Lakin heç bir halda bu, o anlama gəlmir ki, dövlətlərə qarşı hər hansı bir sanksiya təyin edilsin, hansısa bir məruzəçinin, maraqlı olan tərəfin, o cümlədən, erməni lobbisinin təsiri altında hansısa qərarlar qəbul edilsin və bu qərarlar fonunda da dövlətlərin müstəqillik hüququna təsir göstərməyə çalışsınlar. Bu baxımdan da AŞPA-nın artıq uzun illərdir tutduğu istiqamət onun qoyduğu prinsiplərə uyğun gəlmir. Nəticədə artıq ayrı-ayrı ölkələr mövcud prosesdən digərlərinə qarşı cəzaverici mexanizm kimi istifadə etməyə çalışırlar. Xüsusən də müstəqil siyasət yürüdən ölkələrə münasibətdə bu amil daha aydın özünü göstərir”.
Məhəmmədəli QƏRİBLİ