Ermənistan Prezidenti Armen Sarkisyan ölkə parlamentinin qəbul etdiyi 2 qanun layihəsinə öz imzasını qoymaqdan imtina edib. Erməni mediasının məlumatına görə, Armen Sarkisyan “Bank sirri haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər haqqında” qanun layihələrini imzalamayıb və Konstitusiya Məhkəməsinə müraciət edib.
“Prezident bu qanunları imzalamayıb və həmin qanunların Konstitusiyaya uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edib” - deyə Prezidentin administrasiyası rəsmi məlumat yayıb.
Görünən odur ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra müsbətə doğru hansısa yeniliklərin olacağına dair bütün ümidlərin artıq tam məhv olduğu üzə çıxır. Çünki bu ölkədə iqtisadiyyatdan tutmuş, siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir. Belə durumda ən çox diqqəti cəlb edən məqamlardan biri də Ermənistanda Paşinyan və Konstitusiya Məhkəməsi ətrafındakı gərginliyin ən yüksək həddə çatmasıdır. Qeyd edək ki, tərəflər arasında münaqişə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb. "Məxməri inqilab”dan sonra hakimiyyətə gələn Paşinyan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın açıq şəkildə keçmiş hərbi xuntaya bağlı olduğunu vurğulayaraq, inqilabdan sonrakı dövrdə onun ədalətli və qanuni qərarlar verməyə qadir olmadığını açıqlayıb. Lakin Baş nazir Tovmasyanı qanuni yolla vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoysa da, hələ ki, buna nail ola bilmir. Bu arada Prezident A.Sarkisyanın məlum addımı hakimiyyət daxilində yeni qarşıdurmanın olmasından xəbər verir. Çox güman ki, Konstitusiya Məhkəməsinin çıxaracağı qərar Paşinyanın maraqlarına uyğun olmayacaq. Nəticədə Ermənistanda hakimiyyətdaxili qarşıdırma növbəti müstəvidə özünü göstərəcək.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Sarkisyanın məlum addımı hakimiyyətdaxili qarşıdurmanın yeni təzahürü sayıla bilərmi?
“Prezidentlə Baş nazir arasında qarşıdurmanın dərinləşəcəyi gözlənir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmədi: “Ermənistanda daxili siyasi situasiyada gərginliklər hökm sürür. Baş nazir Nikol Paşinyan çalışır ki, siyasi hakimiyyətini gücləndirsin. Bu istiqamətdə Cinayət Məcəlləsində və Konstitusiya Məhkəməsində dəyişikliklərə can atır. Prezident Armen Sarkisyan köhnə hakimiyyətin adamı olduğu üçün Paşinyanın dəyişikliklər islahatına mane olur. O baxımdan hesab edirəm ki, Prezidentlə Baş nazir arasında qarşıdurmanın dərinləşəcəyi gözlənir. Məhz Prezidentlə Baş nazir arasında bu konfliktin dərinləşəcəyi gözlənir. Nəticədə A.Sarkisyana yönəlik hücumlar artacaq. Nəzərə almaq lazımdır ki, ölkədə Prezident postu və Konstitusiya Məhkəməsi “Qarabağ klanı”nın nəzarətindədir. Paşinyan çalışır ki, Konstitusiyada dəyişikliklər etməklə, bir növ, bu postlardan əvvəlki klanın nümayəndələrini uzaqlaşdırsın. O üzdən, artıq problem dərinləşir və Paşinyana qarşı “Qarabağ klanı” cəbhə açır. Hesab edirəm ki, bu, ölkə daxilində yeni münaqişəyə gətirəcək və Ermənistanda siyasi böhran dərinləşəcək. Göründüyü kimi, Paşinyan öz hakimiyyətini gücləndirə bilmir”.
Vidadi ORDAHALLI