Tariximiz üçün çox mühüm olan elə hadisələr, quruluşlar var ki, onların adları bir deyil, bir neçə, ən azı iki variantda yazılır. Məsələn, XX əsrdə Azərbaycanın ilk müstəqil dövləti olan Azərbaycan Cümhuriyyətinin adını götürək.
Tarix kitablarında, bədii-publisistik əsərlərdə, mətbuatda Azərbaycan Cümhuriyyətinin adı əsasən Azərbaycan Xalq Cümhuriyyəti (AXC), ya da Azərbaycan Demokratik Respublikası (ADR) olaraq yazılır. Məsələ burasındadır ki, AXC və ADR paralel işlədilir, hətta elə mətnlər olur ki, burada hər iki variant saxlanır. Bu da sözsüz ki, fikir ayrılıqları ilə yanaşı, ikitirəlik də yaradır.
Tarix kitablarında AXC ilə ADR-in paralel işlənməsi şagird və tələbələrin özlərində belə, çaşqınlıq yaradır. Hətta müəllimlərin özləri belə bu məsələdə çaş-baş qalırlar.
Mütəxəssislərin sözlərinə görə, tarixi ədəbiyyatda, KİV-də, bədii və publisistik əsərlərdə AXC, yaxud ADR-in adının əsas variant kimi saxlanması dəfələrlə müzakirə edilib. Ekspertlər bu çaşqınlığın, ikitirəliyin aradan qaldırılması üçün maarifçilik işlərinin aparılmasını da vacib sayırlar.
Vaqif Sultanlı: “Azərbaycan Cümhuriyyətinin adı Azərbaycan Xalq Cümhuriyyəti olaraq qalmalıdır və bu şəkildə qeyd edilməlidir”
Professor Vaqif Sultanlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Cümhuriyyətinin adının ADR deyil, AXC kimi saxlanılması, işlədilməsi, qeyd edilməsi daha düzgündür: “Əslində, 1918-ci ildə qurulan dövlətin adı Azərbaycan Cümhuriyyətidir. Əvvəllər onun adı “Xalq Cümhuriyyəti” deyil, Azərbaycan Cümhuriyyəti olub. Amma başlanğıcdan biz Azərbaycan Xalq Cümhuriyyəti yazdıq və o da artıq işləklik hüququ qazandı, dildən-dilə keçdi, indi onu dəyişdirmək olur. ADR isə rusdillilərin yazdıqları formadır. Amma dövlətin adı o cür olmayıb. Hazırda işlənən və qəbul edilən AXC-dir. ADR yazılması düzgün deyil, dövlətin adı AXC yazılmalıdır. Ancaq Məhəmməd Əmin Rəsulzadə bütün kitablarında “Azərbaycan Cümhuriyyəti” yazıb, pulun üstündə də “Azərbaycan Cümhuriyyəti” qeyd edilib”.
V.Sultanlının sözlərinə görə, müstəqillik bəyannaməsi qəbul edilərkən orada qeyd edilib ki, Azərbaycan Cümhuriyyətinin şəkili-idarəsi Xalq Cümhuriyyətidir. “Amma bu, dövlətin Xalq Cümhuriyyəti olması anlamına gəlmir. Azərbaycan Cümhuriyyətinin adı Azərbaycan Xalq Cümhuriyyəti olaraq qalmalıdır və bu şəkildə qeyd edilməlidir ” - deyə bildirən V.Sultanlı hesab edir ki, ADR sözü dərsliklərdən, digər ədəbiyyat növlərindən də yığışdırılmalıdır.
Boran Əziz: “...Azərbaycan Xalq Cümhuriyyəti kimi işlənsə daha yaxşı olar”
Tarix üzrə fəlsəfə doktoru, Cümhuriyyət tarixçisi Boran Əziz də hesab edir ki, Azərbaycan Cümhuriyyətinin adı ADR kimi deyil, AXC kimi işlədilsə, daha məqsədəuyğun olar: “1918-ci ildə qurulan dövlətin adı bütün sənədlərdə Azərbaycan Cümhuriyyəti gedir. Amma rus dilinə sətri tərcümədə də o, ADR kimi səslənib. Ona görə də Azərbaycan Cümhuriyyəti, yaxud Azərbaycan Xalq Cümhuriyyəti kimi işlənsə daha yaxşı olar”.
İradə SARIYEVA