Ermənistanda hökumətin qanunsuz və siyasi motivli həbslərə geniş rəvac verməsi birmənalı həqiqətdir. Bununla bağlı Ermənistanın söz azadlığının qorunması Komitəsinin sədri Aşot Melkonyan bildirir ki, Nikol Paşinyan hökuməti üçün münasib olmayan şəxslər belə təqiblərə məruz qalır.
Eyni zamanda, Melkonyanın sözlərinə görə, “məxməri inqilab”dan sonra siyasi qərarla həyata keçirilən həbslər ölkədə söz və ifadə azadlığının pozulmasıdır, çünki hökumət yadfikirli insanlara qarşı hədsiz dözümsüzlük nümayiş etdirir. O qeyd edir ki, Paşinyan hökuməti özünə rəqib hesab etdiyi yüksək vəzifəli şəxs, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı siyasi təqibi də davam etdirir.
Xatırladaq ki, hakim “Mənim addımım”ın parlament fraksiyası Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başlayıb. Buna səbəb olaraq Tovmasyanın vəzifəsində pozuntulara yol verməsi və səlahiyyətlərindən sui-istifadə etməsi göstərilir. Qeyd edək ki, Konstitusiya Məhkəməsi Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın sərbəst buraxılması barədə qərar qəbul etmişdi. Bunlar fonunda artıq məlumdur ki, Ermənistan parlamentinin növbədənkənar iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin erkən istefasına dair referendum keçiriləcəyi haqda qanun layihəsi təsdiqlənib. Parlament sədri Ararat Mirzoyan qərarın 88 lehinə səslə qəbul olunduğunu açıqlayıb. Layihəyə görə, Konstitusiyaya düzəlişlərin qəbul edildiyi 2015-ci ildən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin səlahiyyətlərinə xitam verilməklə, onların yerinə, qanuna görə, ölkə prezidenti, Nazirlər Kabineti, hakimlərin ümumi yığıncağı tərəfindən təqdim edilənlər təyin olunur. Yeni düzəliş Paşinyanla Konstitusiya Məhkəməsinin sədri arasında düşmənçliklə bağlıdır. Paşinyan Hrayr Tovmasyanın vəzifəyə saxtakarlıqla gəldiyini dəfələrlə bildirmişdi. Tovmasyan isə bunu siyasi təzyiq olaraq səciyyələndirib. Bunlar ölkə prezidenti tərəfindən də mənfi qarşılanır. Elə bu səbəbdən Nikol Paşinyanla prezident Armen Sarkisyanın son görüşü kifayət qədər gərgin atmosferdə keçib. Sarkisyan Paşinyana deyib: “Mən belə bir anti-konstitusion qanunu ratifikasiya etməyə hazır deyiləm, gələcəkdə problemlər ola bilər”.
Yeri gəlmişkən, məlumata görə, beynəlxalq təşkilatlar hökumətə xəbərdarlıq edib ki, dayanmaq lazımdır. Ermənistan parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanov qeyd edib ki, indiki hakimiyyətin öz mövqeyi ilə razı olmayan insanları təqib etməsi Stalin repressiyası dövründə Yaqoda, Yejov və Beriyanın əməllərinə bənzəyir. O əlavə edib ki, erməni müxalifəti “37-ci il hadisələrinin təkrar olunmaması üçün əlindən gələni edəcək”. Sabiq ədliyyə naziri Arpine Ovannisyan isə bildirib ki, Paşinyan hakimiyyəti hüquq-mühafizə orqanlarını “qırmızı xətti” keçməyə və özünə sərf etməyən fikirlər səsləndirən insanları təqib etməyə məcbur edir. Onun sözlərinə görə, iqtidar öz hərəkətləri ilə insan ləyaqəti prinsipini ayaqlar altına atır.
Xatırladaq ki, Paşinyan hökumətinin təzyiqi ilə Ermənistan prokurorluğu Hrayr Tovmasyanın və ailə üzvlərinin əmlakını da siyahıya alıb. Bu durumda Ermənistanın “İrates” nəşri yazır ki, Paşinyanın addımları hüquq-mühafizə orqanlarını da narazı salır:“Ermənistan polis rəisinin vəzifəsini müvəqqəti icra edən Arman Sarkisyan tərəfindən Paşinyanın onu polis rəisi təyin etməsi üçün əlindən gələni etdiyi barədə sistem daxilində də danışılır. Amma baş nazir bunu etmədiyindən polis rəisi müxalifətə meyllənir. Arman Sarkisyan daha əvvəl, hətta silahlı şəxslə danışıqlara getdi, hətta ordu günündə işləyib, Paşinyana acı sözlər deyənləri saxlayıb öz maşını ilə polisə gətirdi, bütün bunlar indi cavabsız qalmalı deyil ki?
Ancaq bütün bunlar onun üçün vəzifə almağın “qiymət”i olsa da, adi polis işçiləri üçün bu çoxdan xoşagəlməz və qəbuledilməz olub. Məlumata görə, Ermənistan hüqu- mühafizə orqanları yuxarıdan verilən məntiqsiz təlimatlardan inciməyə başlayıb, amma bütün hakimiyyətlər dövründə olduğu kimi, yenə də öz “xaçlarını” səssiz daşımağa məcburdurlar. Lakin eyni zamanda onlar da başa düşür ki, xalqın nəzərində polis sistemini yavaş-yavaş gözdən salmağa çalışırlar. Bu günlərdə sistemdəki bir çox insan, əsassız təlimatlara görə hərəkətlərinin nəinki qanun normalarına uyğun olmadığını, həm də çox vaxt gülməli olduqlarını görür və dərk edirlər. Ancaq bütün bunlardan əlavə, polisləri başqa bir şey daha çox narahat edir.
Mənbəmizin dediyinə görə, hüquq-mühafizə orqanları, müxalifətin aktiv hərəkətləri ilə paralel olaraq, Paşinyanın “qaralar və şeytanların” tutulması əmrinin yanında çox yumşaq görünəcək göstəriş verə biləcəyini proqnozlaşdırır. Hüquq mühafizəçiləri “müxaliflərin aktiv siyasi mübarizəyə başladığı zaman” sabahkı sərəncamın nə olacağını təxmin etməkdə belə çətinlik çəkirlər”. Qeyd olunur ki, bu durumda hüquq-mühafizə orqanlarının müxalifətlə birləşməsi mümkündür. Çünki onlar Tovmasyanın taleyini yaşamaq istəmirlər.
Nahid SALAYEV