ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı təşkilat məkanındakı həlli uzanmış münaqişələrdən danışıb.
BMT-nin saytında verilən xəbərdə bildirilir ki, Dağlıq Qarabağ münaqişəsindən söz açan ATƏT sədri bu istiqamətdə müəyyən irəliləyişin olduğunu deyib: “Biz, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik. Ötən həftə vasitəçilərin himayəsi altında Cenevrədə keçirilən danışıqlarda əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynaya biləcək prinsiplər və elementlər müzakirə edilib”. Xatırladaq ki, bu il ATƏT-ə Albaniya sədrlik edir. ATƏT-in bu ölkədən olan fəaliyyətdə olan sədrinin belə nikbin danışmasını nə dərəcədə əsaslı saymaq olar?
Qabil Hüseynli: “Təzyiqlərin nəticəsidir ki, Paşinyan əvvəlkilərdən fərqlənən populist çıxışlarına bəraət qazandırmağa çalışır”
Politoloq Qabil Hüseynlinin fikrincə, həlli uzadılmış bir çox münaqişənin tənzimlənməsi prosesi ATƏT-in mandatı altında həyata keçirilir: “Dağlıq Qarabağ da onun kimidir. Bu baxımdan ATƏT sədri konkret bir fakta əsaslanmasa bunları söyləməz. Cenevrə görüşü əvvəlki görüşlərdən fərqləndi. Əvvəl erməni XİN rəhbəri ordan-burdan danışırdısa, bu dəfə münaqişə, onun həlli perspektivləri haqda müzakirə aparıldı. Üstəlik, Minsk Qrupu həmsədrlərinin müzakirələrə qatılması danışıqları predmetli etdi. Artıq erməni nazirin nazı ilə oynamırlar və görünür ki, sülhyaratma prosesinin əsas istiqamətləri müəyyənləşdirilib. Bu onu göstərir ki, ermənilərə beynəlxalq hüquq normaları, öhdəlikləri nəzərlərinə çatdırılıb. Onlara izah edilir ki, Ermənistan tərəfindən münaqişənin provokasion yolla uzadılması bumeranq effekti verə bilər. Paşinyanın çıxışı və Mnatsakanyanın hərəkətləri də göstərir ki, danışıqlarda canlanma yaranıb. Tezliklə nazirlərin yenidən görüşməsi razılaşdırılıb. Deməli, danışıqlar prosesində müəyyən dönüş ola bilər və əvvəlkindən fərqlənəcək. Eyni zamanda, ATƏT-in Minsk Qrupu Paşinyana təzyiqlər edir. Təzyiqlərin nəticəsidir ki, Paşinyan əvvəlkilərdən fərqlənən populist çıxışlarına bəraət qazandırmağa çalışır. Paşinyan indi ortaya atıb ki, Sarkisyanın dövründə 7 rayonun qaytarılması və Laçın dəhlizinin saxlanması razılığı olub. Guya ki, Qarabağın statusu məcburi köçkünlər qaytarıldıqdan sonra referendumla həll ediləcəkmiş. Həmçinin, bölgəyə beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsini bəyan edir. Ad çəkilməsə də, Rusiyanın qüvvələri deyil, regiona qonşu olmayan ölkələrin sülhməramlı qüvvələrindən təşkil olunmalıdır. Paşinyan elektoratına müraciətlə deyir ki, guya Sərkisyan və komandası belə ciddi “güzəştlərə” gedib və siyasi manevr imkanları məhduddur. Paşinyan yenə siyasətçi kimi danışmır və dünyanın hansı qanunlarla idarə edildiyini nəzərə almadan erməni xislətinə uyğun çıxışlar edir, guya daha yaxşı həll variantı təklifi irəli sürür. Bütün bunlar danışıqlar prosesində bir tərpənişin olduğuna işarədir”.
Məhəmmədəli QƏRİBLİ