I yazı
Azərbaycanın tarixi torpaqları üzərində qurulan indiki Ermənistan Respublikasının əsasını qoyanların əsas məqsədi bizim torpaqlarımız üzərindən başlayaraq “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. Lakin erməni ideoloqlarının bu xəstə xəyalı gerçəkləşmədi, gerçəkləşə də bilməzdi. “Böyük Ermənistan”ın yaradılması yalnız Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün böyük təhlükədən başqa bir şey deyildi.
Məlum olduğu kimi, hələ keçən əsrin əvvəllərində ermənilərin Qafqazda respublika, torpaq, ərazi sahibi olması üçün onların xaricdəki ağaları böyük canfəşanlıqlar edir, hansı yolla olursa-olsun erməniləri Azərbaycan torpaqlarında yerləşdirib, onlar üçün bizim ərazilərimizdə dövlət qurmaqdan ötrü əllərindən gələni edirdilər. Gənc Azərbaycan Xalq Cümhuriyyətinə bir çox Avropa dövlətinin təzyiqləri nəticəsində ermənilər Azərbaycan torpaqlarına sahib oldular.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Tarixçilər qeyd edirlər ki, dövlət müstəqilliyimizin Tiflisdə elan edilməsinin əsas siyasi səbəbi ölkənin paytaxtı Bakı şəhərinin başda Stepan Şaumyan olmaqla cinayətkar bolşevik rejiminin əlində olması idi. 1918-ci il sentyabrın 15-də Bakı düşmənlərdən təmizləndi və həmin ayın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin müvəqqəti paytaxtı Gəncədən Bakıya köçdü. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yarandı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı elan edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdilər. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Bu qərarın bağışlanmaz bir səhv olduğunu açıq söyləyən İrəvan quberniyasından Milli Şuraya seçilmiş üç deputatın– M.H.Seyidov, N.Nərimanbəyov və R.Bağırovun yazılı etirazlarına baxmayaraq, məsələ Milli Şuranın mayın 29-da keçirilən üçüncü iclasında da müzakirə edilmədi. Ermənilər İrəvanı ələ keçirdikdən sonra Azərbaycana qarşı ərazi iddialarının coğrafiyasını zaman-zaman genişləndirməyə başladılar. Azərbaycan Milli Şurasının atdığı bu addım nəticədə Azərbaycanın tarixi torpağı İrəvan xanlığının Göyçə mahalının qərb hissəsinin, faktiki olaraq, əldən çıxmasına səbəb oldu. Azərbaycanın qərb sərhədləri Göyçə gölü ilə məhdudlaşdı və bu göl iki respublika - Azərbaycan və Ermənistan arasında sərhəd ərazisinə çevrildi. Gölün şərq hissəsi «Göyçə dairəsi» statusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bəyazid qəzasının şərq torpaqlarını əhatə edirdi və Göyçə gölünün şimalındakı Maralicə dağının qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı.
Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri – Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi.
Tarixçilər qeyd edirlər ki, 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi ilə bağlı keçirilən iclasa Həsən bəy Ağayev sədrlik edirdi. İclasda F.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski, Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov, X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.
Fətəli xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.
Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir.
Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib. Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıblar.
Daha sonra isə ermənilərlə konfederasiya yaradılması məsələsi müzakirə olunub. Qısa fikir mübadiləsindən sonra məsələ səsverməyə qoyulub. Səsvermədə iştirak edən hər kəs Azərbaycan və Ermənistan konfederasiyasının yaradılmasının lehinə səs verib. Fətəli xan Xoyski Teymur bəy Makinskinin müştərək yolla şuraya qoşulmasını səsverməyə qoyub və bu təklif yekdilliklə qəbul olunub.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da Xarici İşlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik".
Lakin Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Onu şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı.
İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırım törətdi. İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet (1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldılar, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata keçirildi.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəsləfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, AXC dövründə Azərbaycan torpaqlarının ermənilərə verilməsinin bir neçə səbəbi var. “Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan olunanda onun nə bir əsgəri, nə də bir polisi vardı. Faktiki olaraq, AXC-nin heç bir hərbi qüvvəsi yox idi. Fətəli xan Xoylu (Xoyski) ilk Baş nazir olarkən parlamentdəki çıxışında deyirdi ki, biz dövlət quranda heç bir qüvvəmiz yox idi: “Ona görə də hətta biz Osmanlı Türkiyəsindən hərbi yardım istəmək məcburiyyətində qaldıq. O dövrdə də Azərbaycan Cümhuriyyətinə yeganə yardım edəcək dövlət də Osmanlı dövləti idi”. Yəni belə bir şəraitdə bizim Şimali Azərbaycanın torpaqlarının Göyçaya qədər olan bir hissəsi Bakı Xalq Komissarları Soveti adı altında Stepan Şaumyanın başçılıq etdiyi “sovet hökuməti”nin əlində idi, digər torpaqları - İrəvan, Naxçıvan, Gəncə quberniyası isə Andronikin, Lalayanın və digər daşnak-rus birləşmələrinin, Çar Rusiyası tərəfindən silahlandırılmış hərbi qüvvələrin nəzarəti altında idi. Yəni həmin şərait çox mürəkkəb bir şərait idi. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini Tiflisdə elan etmişdi, təxminən iki həftədən sonra Gəncəyə köçdü. Faktiki olaraq, dediyim kimi, Azərbaycan Cümhuriyyətinin heç bir hərbi və polis qüvvəsi yox idi. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun 5-6 min əsgəri isə yalnız iyunun ortalarında Gəncəyə gəlib çıxa bildilər, qalanları sonra gəldilər. Nuru paşa gələnə qədər artıq İrəvan Milli Şura tərəfindən Ermənistana, daha doğrusu, Ararat Respublikasına güzəştə gedilib. Fətəli xan Xoylu da, başqaları da öz çıxışlarında dəfələrlə deyiblər ki, çarəsizlikdən, ancaq müəyyən şərtlər altında İrəvanın Ararat Respublikasının paytaxtı kimi tanınmasına və eyni zamanda İrəvan dairəsinin təxminən 9 min kvadratkilometrində Ararat Respublikası yaradılmasına razılıq verilib. Söhbət ondan gedir ki, o dövrdə Ararat Respublikasının İrəvan dairəsinə aid olan 9 min kvadratkilometr hesabına yaradılmasının səbəbi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin heç bir real gücünün olmaması idi”.
F.Ələkbərli vurğuladı ki, yalnız 1918-ci il iyunun 4-də Osmanlı hökuməti, Vəhab paşa ilə Məhəmməd Əmin Rəsulzadə (Milli Şuranın sədri) və Məmmədhəsən Hacinski (yeni qurulmuş ilk Cümhuriyyət hökumətində Xarici İşlər naziri vəzifəsini yerinə yetirirdi) arasında gedən danışıqlardan sonra Nuru paşa Azərbaycana gəldi, buna qədər isə artıq İrəvanın məsələsi həll edilmişdi. “Erməni Milli Şurasının da əlindəki “əsas” o idi ki, o zaman Gümrü (Aleksandropol) və onun ətrafı Osmanlı qüvvələrinin nəzarəti altında idi. Onlar da bunu bəhanə gətirdilər ki, bizim paytaxtımız yoxdur, biz harada müstəqilliyimizi elan edək? Onlar bu məsələni Azərbaycan Milli Şurası qarşısında qaldırmışdılar. Fətəli xan Xoylunun sədrliyi ilə Milli Şuranın ilk, xüsusən də ikinci toplantısında (Milli Şuranın nə birinci, nə də ikinci iclasında M.Ə.Rəsulzadə iştirak etməyib) İrəvanın yeni yaradılan Ararat Respublikasının paytaxtı kimi tanınması və 9 min kvadratkilometr ərazisi kimi qəbul edilməsi barədə qərar qəbul edildi. Azərbaycan Milli Şurası Ermənistan Milli Şurası qarşında şərt qoymuşdu ki, ermənilər Naxçıvana və Qarabağa olan iddialarından əl çəkməlidirlər, əl çəkməsələr, İrəvanın yeni yaradılan Ararat Respublikasına güzəşti də qüvvəsindən düşəcək. Yəni torpaqlarımızın, xüsusən də İrəvanın və ətrafının ermənilərə güzəştə gedilməsi o dövrün real şərtləri çərçivəsində baş verib”.
AXC dövründə Azərbaycan və Ermənistan arasında müharibələr baş verib və Azərbaycan torpaqları itkiyə məruz qalıb. AXC dövründə Ermənistanın ərazisinin 9 min kvadratkilometr olduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, Azərbaycanın həm dövrdə ərazisi 114 min kvadratkilometr idi. “27 aprel işğalından sonra proseslər bir qədər fərqli məcraya yönəldi. Xüsusən də 1920-ci il noyabrın 30-da Ermənistan SSR-in yaradılmasından sonra, çox təəssüflər olsun ki, biz Azərbaycan torpaqlarının bir hissəsinin itirilməsi ilə qarşılaşırıq...”
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.