Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan açıqlamasında bildirib ki, Ermənistanda neft emal olunan zavodun tikilməsi böyük hadisə ola bilər. Onun sözlərinə görə, bu işin İranla həmsərhəd olan Mehridə reallaşması gözlənir.
Bəs onda sual olunur: həmin zavoda neft haradan gələcək? Köçəryan bildirir ki, nə qədər təəccüblü olsa da, həmin neftin İranla Ermənistan arasında olan qaz kəməri vasitəsilə nəqli mümkündür: “Bu çox maraqlı layihədir. Belə təcrübə var və işləyir. Bunun üçün eyni boruya həm qaz, həm də neft vurula bilir. Neftin nəqli üçün xüsusi porşen qoyulur və o neftin nəqlindən sonra borunu təmizləyir, sonra yenidən qaz vurulur”. Ardınca Köçəryan bildirir ki, bu mümkündür, ancaq biz İran-ABŞ münasibətlərinin hara getdiyini diqqətlə izləməliyik. Hələlik ortada nə zavod var, nə də neft. Amma Ermənistan rəsmisi xam xəyalları ilə artıq ölkəsini neft ixrac edən ölkəyə “çevirib”.
Belə bir layihənin reallaşması mümkündürmü, yoxsa Köçəryan öz xam xəyalından danışır?
“Köçəryan diplomat olduğu üçün, elə bu məsələyə də mütəxəssis kimi deyil, xam diplomat ağlı ilə yanaşıb”
Neft-qaz üzrə mütəxəssis Nüsrət Qasımov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu bəyanatda siyasi və gülməli məqamlar çoxdur: “Elmi və praktik baxımdan həmin layihənin icrası mümkündür. Yəni qazla neftin müxtəlif vaxtlarda eyni boruda nəqlini həyata keçirmək olar. Ancaq rentabelli olmadığı üçün bu üsuldan istifadə etmirlər. Ermənistana gəldikdə, onların neft nəyinə lazımdır? Belə bir zavodun tikintisi hələ planlaşdırılır. İran layihəyə maraq göstərmir. ABŞ-la münasibətlərin gərginləşməsindən sonra həmin layihənin ərsəyə gəlməsi heç inandırıcı deyil. Texniki cəhətdən belə nəqlin bir yerdə həyata keçirilməsi üçün bir çox iş görülməlidir. Borulardakı germetikləşmə işləri yenidən olmalıdır. Xüsusi qurğular dəyişdirilməlidir. Çünki boruda nəql olunan zaman neftlə qazın təzyiqi arasında kəskin fərq olur. Bütün bunların edilməsi böyük vəsait tələb edir. Ermənistan kimi ac ölkə bunu etmək iqtidarında deyil. Bu, sərfəli variant olsaydı, elə dünyanın nəhəng layihələrində neftlə qazın nəqli bir boru ilə həyata keçirilərdi. Görüsünüz ki, fərqli borularla edilir. Başlarını itirən ermənilər ağıllarına gələni danışırlar. Daha çox bizi qıcıqlandırmağa hesablanan bəyanatdır. Heç vaxt da reallaşmayacaq. Ümumiyyətlə, İranın orada zavod tikməsi də mümkün görünmür. İranla Ermənistan arasında olan layihələrin böyük əksəriyyəti kağız üzərində qalıb. Köçəryan diplomat olduğu üçün, elə bu məsələyə də mütəxəssis kimi deyil, xam diplomat ağlı ilə yanaşıb”.
Məhəmmədəli QƏRİBLİ