Parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat mərhələsində maraqlı proseslərlə üzləşirik. Namizədlərin böyük hissəsi öz təbliğatını sosial şəbəkə üzərindən aparır. Burada ənənəvi olaraq fəal istifadəçilərə də rast gəlirik. Hansı ki, onlar hər zaman fəal olublar. Onların içində millət vəkilləri də var, başqa vəzifəni icra edənlər də. Ancaq belələrinin sayı çox azdır.
Bir çox keçmiş deputat məhz seçkilər başlayanda səhifələrini aktivləşdirirlər. Məsələ ondadır ki, sosial şəbəkədə qarşımıza ödənişli reklam qoyulan postları çıxır. Məlumdur ki, bunları “Facebook”da şəxsi profillər üzərindən yox, səhifələr üzərindən yaymaq mümkündür. Nəticədə indiyə qədər sosial şəbəkələrdə rastlaşmadığımız şəxslərin təbliğatını görürük. Həmin səhifələri araşdırdıqda məlum olur ki, sözügedən səhifələr bundan əvvəlki parlament seçkilərində aktiv olub. Yəni səhifələr üzərindən ancaq seçki ilə bağlı pullu reklamlar paylaşıblar. Seçki bitən kimi, səhifələrdən istifadə edilməyib. Məlum olur ki, bəzi namizədlərin yadına sosial səhifələrdən istifadə seçkidən-seçkiyə düşür. Deputat olandan sonra nə seçicilər yada düşür, nə də sosial şəbəkələr.
“Ona görə də seçicilər bu məsələnin fərqinə varıb aldanmamalıdırlar”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin sözlərinə görə, belə hallar var və bu, seçicilərin aldadılması deməkdir: “Mən özüm fəal sosial şəbəkə istifadəçisi olduğum üçün bu tendensiyanı müşahidə edirəm. Həqiqətən də sosial mediadan ara-sıra istifadə edən deputatlar əllərindən gələni edirlər ki, özlərini bu vasitə ilə reklam etsinlər. Bu da, bir növ, seçiciləri aldatmaq cəhdindən başqa bir şey deyil. Çünki vaxtilə deputat olan və indi namizədliyini irəli sürən bu adamlar sosial mediada əlçatan olmayıblar. Xüsusən də Azərbaycana qarşı xaricdən, ermənilərdən qaynaqlanan hücumlar olanda həmin adamlar öz sosial media hesablarında bir dənə də paylaşım etməyiblər. Yəni öz səhifələrində Azərbaycanın faydası üçün hər hansı bir paylaşımlar etməyiblər, qarşı tərəfə cavab verməyiblər. Xüsusən də deputat seçildikdən sonrakı dövrdə 5 il ərzində ildə bir dəfə də olsun səhifələrindən paylaşımlar etmirlər. Ümumiyyətlə, hansısa fəallıqları nəzərə çarpmayıb. İndi bu adamlar sosial mediadan sadəcə olaraq özlərini reklam etmək üçün istifadə edirlər. Seçicilərə göstərmək istəyirlər ki, onlar sosial media üzərindən əlçatandırlar. Ona görə də seçicilər belə adamların vədlərinə aldanmamalıdırlar. Çünki bu şəxslər yenidən seçilsələr, dərhal yoxa çıxacaqlar. Ümumiyyətlə, seçicilər üçün əlçatan olmayacaqlar. Sosial mediadan da fəal istifadə etməyəcəklər. Təbii ki, belə adamlar xalqın elçisi olub cəmiyyətə fayda verməz. Eyni zamanda, Prezidentlə xalq arasında körpü rolunu oynaya bilməzlər. Ona görə də seçicilər bu məsələnin fərqinə varıb aldanmamalıdırlar”.
Vidadi ORDAHALLI