Ermənistanın bəzi deputatları ölkənin monarxiyaya keçidini tələb edən qanun layihəsini parlamentin müzakisinə təqdim ediblər. Bu sensasion məlumatı erməni KİV-ə hüquq müdafiəçisi Arsen Babayan təqdim edib. A.Babayan bidirib ki, təşəbbüsə imza atanlar simvolik olaraq 37 nəfərdir. Hüquq müdafiəçisi həmin deputatların bir-bir adlarını da qeyd edib.
Bildirilir ki, həmin 37 nəfər Konstitusiyaya dəyişikliyin olmasını tələb edirlər ki, Ermənistan demokratik qurumları saxlamaqla monaxiyaya çevrilsin. Hüquq müdafiəçisi bildirir ki, bu mənfur qanun layihəsinin müəlliflərinin adını bir-bir yadda saxlamaq lazımdır. Hətta həmin adamların cinayət məsuliyyətinə cəlb olunması da tələb edilir. Ermənistanda birdən-birə belə təşəbbüsün ortaya gəlməsi çox maraqlıdır. Monarxiyaya keçid kimin ideyası ola bilər və bu mövzu niyə gündəmə buraxılıb?
Hatəm Cabbarlı: “Ermənistanda hansı nəsil və ya təbəqənin insanı monarx olmağı haqq edir?”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, çox maraqlı proses baş verib: “Ermənistanda bir qrup deputatın qanun layihəsi hazırlayaraq, monarxiya üsul-idarəsinə keçməyi təklif etməsi təsadüf sayıla bilməz. Hazırkı şəraitdə Ermənistanın belə bir sərt dönüşü edəcəyinə dair ehtimallar çox zəifdir. Həmin 37 deputatın hansı siyasi qütbü təmsil etdiyinə dair məlumat verilmir. Gündəmi dəyişməyə yönəlik bir təşəbbüs ola bilər. Ermənistanın monarxiya üsul-idarəsinə keçməsi olduqca zəif ehtimaldır. Deputatların qanun təşəbbüsünü ciddiyə almaq doğru deyil. Ancaq məsələnin niyə məhz indiki məqamda gündəmə gətirilməsi çox maraqlıdır. Monarxiya üsul-idarəsində kimin monarx kimi təklif ediləcəyi də maraqlıdır. Hələlik bu da bəlli deyil. Ermənistanda hansı nəsil və ya təbəqənin insanı monarx olmağı haqq edir? Əks effekt verən və etirazla qarşılanacaq bir layihədir. Dəstək ala bilməz. Ola bilər ki, gündəmi çaşdırmaq, diqqəti vacib məsələlərdən uzaqlaşdırmaq üçün ortaya atılıb və daha çox Paşinyanın dəst-xəttinə oxşayır”.
Məhəmmədəli QƏRİBLİ