Ermənistanın Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində 5 avqust 2019-cu ildə Xankəndidə etdiyi çıxışı zamanı toxunduğu 6 kompromis variantına yenidən işarə edib.
Qeyd edək ki, onun təklif etdiyi konsensus variantlarının böyük hissəsi Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistan arasındakı münasibətləri əhatə edir. Həmin kopromislər sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamlara da toxunulub. Paşinyan bu xüsusda yenidən qeyd edir ki, problemin həlli qondarma rejim ərazisində yaşayan ermənilərin maraqlarına uyğun olmalıdır. Paşinyan bir daha bəyan edib ki, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ mövzusunda hansısa separat razılaşmaya getməsi mümkün deyil. Bir daha sübut olunur ki, Paşinyan köhnə, yəni qeyri-konstruktiv mövqeyində qalmaqdadır. Onun təklif etdiyi kompromislərdə yer alan Dağlıq Qarabağla bağlı müddəanı necə dəyərləndirə bilərik?
Yeganə Hacıyeva: “...Paşinyan heç bir yeniliyə imza atmayıb, əvvəlki mövqeyinə sadiqlik nümayiş etdirib”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ konfliktinin nizamlanmasında tərəflər Azərbaycan, Ermənistan və tək legitim beynəlxalq qrup kimi ATƏT-in Minsk Qrupudur: “ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının 3 həmsədr dövlətindən biri kimi Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli istiqamətində uzun illərdir fəaliyyət göstərir.
ATƏT ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgəyaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı qaydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşıyır. ATƏT-lə üzv dövlətlərin suveren bərabərliyi prinsipi əsasında qarşılıqlı öhdəliyi mövcuddur. ATƏT qarşısında qurumun Helsinki Yekun Aktının prinsiplərinə əməl etməsi öhdəliyi varsa, eynilə ATƏT-in də üzv dövlətlərin bir-birinə münasibətdə bu öhdəliklərə əməl edilməsinə nəzarət öhdəliyi mövcuddur və biz bunu ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq yanaşması kimi qəbul edə bilərik. Bir sözlə, üzv dövlətlərin ATƏT qarşısında öhdəliyi olduğu kimi, ATƏT-in də bu dövlətlər qarşısında öhdəlikləri mövcuddur.
Bütün müzakirələr ATƏT in Minsk Qrupu çərçivəsində beynəlxalq hüquq və münaqişənin nuzamlanması çərçivəsində əldə olunmuş razılaşmalar, yenilənmiş Madrid prinsipləri əsasında davam etməlidir və edir. Dağlıq Qarabağı tərəf olaraq müzakirələrə çəkmək cəhdi ilə atılan bu addımlar münaqişənin nizamlanması prosesinin pozulmasına yönəlik atılmış addımlardır. Dağlıq Qarabağ konflikti regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə əsas hədədir.
Konfliktin nizamlanmasında əldə olunan nəticələr lokal, regional xarakterli deyil, qlobal səviyyədə təhlükəsizliyə, sülh və dayanıqlı inkişafa, qitələrarası ticarət və nəqliyyat xətlərinin inkşafına töhfə verəcək bir təşəbbüs olacaq. Ancaq görürsünüz ki, Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə mövqeyi konstruktiv deyil. Onun təklif etdiyi kompromislər problemin həllindən daha çox Ermənistan və Dağlıq Qarabağdakı ermənilərin yaxınlaşmasına hədəflənib. Konfliktin nizamlanması ilə bağlı hissəsində isə Paşinyan heç bir yeniliyə imza atmayıb, əvvəlki mövqeyinə sadiqlik nümayiş etdirib”.
Məhəmmədəli QƏRİBLİ