Ermənilər guya Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı yenidən boş ümidlərə qapılıbıar. Erməni mediasının yazdığına görə, fevralın 3-də Berlində Ermənistan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki qurumun gündəmindəki əsas məsələlərdən biri də Ermənistan-Türkiyə münasibətləri olub.
İddia edilir ki, 2008-ci ildə İsveçrə Ermənistan-Türkiyə münasibətlərini qurmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürdüyü üçün, indi bu məsələnin yenidən gündəmə gəlməsi təsadüfi deyil: “Bir həftə əvvəl Ankarada Ərdoğanın başçılığı ilə Türkiyə Yüksək Məşvərət Məclisinin iclası keçirilib. İclasda erməni məsələsi ilə bağlı problemlər müzakirə edilib. Bu, yeni dünya nizamının memarlığında özünə yer axtaran Ankara üçün sözügedən məsələnin vacibliyini göstərir. Üstəlik, yeni dünya nizamında erməni məsələsinin rolu getdikcə daha da aydınlaşır. Buna sübut ABŞ Konqresinin hər iki palatası tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamələrin qəbul edilməsidir”.
Daha sonra qeyd edilir ki, guya Ermənistandakı “məxməri inqilab” erməni dövlətçiliyinə yeni təkan verib. Bu səbəbdən dünyada baş verən dəyişikliklər Ankaranın diqqətini İrəvana çevirə bilər. Nətəcədə Türkiyə Ermənistanla münasibətlərə yenidən baxa bilər və bu, iki ölkə arasında sərhədlərin açılmasına zəmin yaradır.
Maraqlıdır, ekspertlər erməni mediasının bu iddialarını necə dəyərləndirirlər? Türkiyə-Ermənistan sərhədlərinin açılması yenidən gündəmə gələ bilərmi?
“Ermənilər, sadəcə, məsələni öz mənafelərinə uyğun olaraq təqdim etməyə çalışırlar”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, sərhədlərin açılması məsələsi gündəliyə gələ bilər: “Ancaq bu, ermənilərin təqdim etdiyi formada olmayacaq. Sərhədlər o zaman açıla bilər ki, Ermənistan işğal altında olan Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı hansısa konkret addımlar atsın. Ermənilər, sadəcə, məsələni öz mənafelərinə uyğun olaraq təqdim etməyə çalışırlar. Bu da onların xəstə təxəyyülündən irəli gəlir. Bu günlərdə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bəyan etdi ki, biz Türkiyə ilə münasibətlərimizə cavab tapmalıyıq. Başqa bir tərəfdən, Mnatsakanyan zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdi. Bütün bunlar təsadüfi deyil. Məsələ ondadır ki, ABŞ, Fransa, o cümlədən, Avropa İttifaqı Ermənistandan Türkiyə ilə münasibətləri normallaşdırmağı tələb edirlər. Bunu erməni mediası da bilir. Sadəcə, öz mənafelərinə uyğun buna izahat verirlər. Guya Türkiyə məcbur olub qondarma “soyqırımı” tanıya və sərhədləri aça bilər. Əsla belə olmayacaq. Türkiyə geosiyasətin içində olan regional bir gücdür. Regional güc olaraq da mövqeyi hər keçən gün güclənir. Türkiyə ilə Azərbaycan strateji münasibətlərə, müttəfiqlik əlaqələrinə malikdirlər. O baxımdan, Türkiyə heç vaxt ermənilərin təqdim etdiyi formada sərhədləri açmaz”.
Vidadi ORDAHALLI