Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa Şurasının ünvanına sərt tənqidlər səsləndirib:
“Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib. Göründüyü kimi, ölkə başçısı Avropa Şurasının dünyada öz çəkisini itirdiyini və deqradasiyaya uğradığını bildirib. İlham Əliyevin təşkilat barədə bildirdiyi iradlar konkret faktlara əsaslanır. Bu özünü daha çox qurumun ikili standartlarında büruzə verir. Məsələn, biz dəfələrlə şahidi olmuşuq ki, Avropa Şurası bizimlə yaxın qonşu və eyni coğrafiyada mövcud olan dövlətlərlə bizə münasibətdə tamamilə təzadlı mövqe sərgiləyir. Bu xüsusda Ermənistan, Gürcüstan, Ukraynaya olan münasibətin fonunda bizimlə davranışda, qəbul edilən qərarlarda tamamilə absurd bir mövqe üzə çıxır.
Biz bilirik ki, Avropa Şurasının mahiyyəti təbii olaraq tənqiddir. Ancaq tənqiddən tənqidə böyük fərq var. Tənqid obyektivdirsə və konstruktivdirsə, belə tənqid nəzərə alınmalıdır. Amma tənqid qərəzlidirsə, yalandırsa və tənqidin arxasında hansısa başqa məqsədlər dayanıbsa, bu, tənqid edən tərəfin özünü zəiflədir, onu pis vəziyyətdə qoyur. Məhz buna görə də Avropa Şurası özünün bərabərhüquqlu üzvü olan Azərbaycanın Prezidentindən ünvanına haqlı və çox sərt iradları eşitmiş olur. Qəbul edilən son qərəzli qərarlardan sonra, təəssüf ki, biz əyani şəkildə Avropa Şurasının bir təşkilat kimi çox çətin bir böhran içində olmasının şahidi olduq. Çünki bu təşkilatın qəbul etdiyi və ya qəbul etmək istədiyi sənədlərə ciddi müdaxilələr var. İlham Əliyev tam haqlı olaraq qeyd edir ki, reallığı əks etdirməyən sənəd heç bir dövlət tərəfindən qəbul edilə bilməz və bu gün burada baş verən hadisələr bu sənədin ciddiliyini xeyli aşağı salır. Biz özümüzə qarşı ikili standartları Avropa Şurasının tam nəzarətində olan Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də görürük. Böyük Britaniya, ümumiyyətlə, bu məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib. Hətta elə ölkə də var ki, Avropa Şurasından, ümumiyyətlə, imtina edib. Nə üzvlük haqqını verir, nə də insan haqları məhkəməsini tanıyır. Buna baxmayaraq, Avropa Şurası həmin ölkələrlə çox mülayim davranır. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və bu müddət ərzində Avropa Şurası ilə bağlı xeyli nailiyyətimiz olub. Azərbaycan bu gün regionda ən güclü dövlətdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biridir. Buna baxmayaraq, Avropa Şurası Azərbaycana tam ögey münasibət bəsləyir. Bizimlə qonşu olan ölkələrdə baş verən proseslərə və həmin hadisələrə Avropa Şurasının loyal mövqeyinə diqqət edək. Ermənistanda, sözün əsl mənasında, diktatura hökm sürür. Nikol Paşinyan bütün siyasi rəqiblərini inzibati resursların hesabına sıradan çıxarır. Sabiq prezident Robert Köçəryanı həbs edib, digər eks-prezident Serj Sarkisyana cinayət işi açıb. Eləcə də orta eşelonda olan bir çox sabiq məmurun həbsi reallaşıb və barələrində cinayət təqibləri həyata keçirilir. Paşinyanla qanun çərçivəsində danışan, onun siyasi sifarişlərini yerinə yetirməyən Konstitusiya Məhkəməsinin hakimləri və rəhbərinə qarşı total hücum həyata keçirilir. Bütün bu amillərə baxmayaraq, Avropa Şurası Ermənistanla bağlı nəinki tənqidedici mövqe ortaya qoymur, heç səsini belə çıxarmır.
Bənzər misalı digər qonşumuz olan Gürcüstanla da bağlı qeyd edə bilərik. Həmin ölkədə hakimiyyətin sərt tənqidçisi olan Mixeil Saakaşviliyə cinayət işi açılıb, onun ölkəyə girişinə qadağa qoyulub. Onun tərəfdarı olan Okuraşvili siyasi partiya yaradıb mübarizəyə qoşulmaq istəyərkən həbsə atıldı. Bu yaxınlarda Gürcüstan parlamentinin qarşısında baş verən etiraz aksiyaları polisin gücü ilə dağıdıldı. Bütün bunlara rəğmən, Avropa Şurası Gürcüstanı az qala demokratiyanın beşiyi elan edir. Ukraynanın özündə də demokratiya ilə daban-dabana zidd olan proseslər yaşanıb. Avropanın ən yaxın silahdaşı kimi tanınan Ukraynanın keçmiş prezidenti Poroşenkoya qarşı cinayət işi açıldı. Eks-prezidentə qarşı cinayət işini Dövlət Araşdırma Bürosu başladı. Poroşenko hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunurdu. Bütün bunlara da Avropa Şurası susqun mövqe sərgiləyib.
Ancaq Azərbaycanda baş verən kiçik bir hadisəyə qurum dərhal reaksiya verir, hətta bununla bağlı müzakirələr təşkil edib, yekunda bəyanat da verir. Analoji hadisələr Avropa ölkələrinin özündə də yaşanır. Fransada “sarı jiletlilər”in etirazı kimi yadda qalan aksiyalarda minlərlə adam yaralandı, onlarla adam isə həbs olundu. Bir sözlə, Azərbaycandan kənar ölkələrdə demokratiya ilə daban-dabana zidd olan çoxlu sayda hadisənin yaşanmasına baxmayaraq, hədəf olaraq Azərbaycanın seçilməsi sonda öz nəticəsini verməli idi. Bu baxımdan da cənab Prezidentin Avropa Şurasının fəaliyyətinə yönəlik irad və təkliflərini tam haqlı saymaq olar.
Məhəmmədəli QƏRİBLİ