Erməni mətbuatı yazır ki, Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına əsasən, Ermənistan dünyanın ən sürətli inkişaf edən turizm istiqamətlərindəndir. UNWTO “Turizm barometri”nin məlumatlarına əsasən, bununla bağlı ən sürətli inkişaf edən istiqamətlərin sırasında Ermənistan 14.4 faiz artımla 12-cidir.
Ümumdünya Turizm Təşkilatıının hesabatına əsasən, ən çox artım 40.2 faizlə Myanmada qeydə alınıb. Qonşulardan yalnız İran turizm artımında Ermənistanı qabaqlayıb. Adıçəkilən ölkə 27.9 faiz artımla dünyada üçüncü yeri tutur. Erməni mətbuatı böyük sevinclə qeyd edir ki, Avrasiya İqtisadi İttifaqı ölkələri arasında Ermənistan liderdir. Ermənistandan sonra Qazaxıstandır, 10 faiz artımla 20-ci yerdə qərarlaşıb.
Daha sonra qeyd edilib ki, Türkiyə və Azərbaycan turizm artımı siyahısında Ermənistandan geridə qalaraq 14-11.4% artımla müvafiq olaraq 13-cü və 17-ci yerləri tuturlar. Gürcüstan isə heç 20-likdə yer almayıb.
Bir sözlə, Ermənistan mətbuatı məlum hesabatdan çıxış edərək belə rəy yaratmağa çalışır ki, guya Ermənistan turizmin inkişafına görə nəinki Azərbaycan və Gürcüstanı, hətta Türkiyə kimi ölkəni üstələyir. Guya Paşinyan hakimiyyətə gələndən sonra ölkə elə sürətlə inkişaf edib ki, xarici ölkələrdən bura turist axını artıb.
“Sadəcə, ermənilər hesabatdan təbliğat məqsədi üçün istifadə edərək müəyyən görüntü yaradırlar”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, sözügedən hesabat o demək deyil ki, Ermənistan turizmin cəlbediciliyinə və inkişafına görə Türkiyədən, Gürcüstandan, Azərbaycandan üstün mövqedədir: “Əvvəla dünyanın əsas turizm istiqamətləri sürətlə dəyişir. Bu, zaman-zaman belə olub. Ümumdünya Turizm Təşkilatının son hesabatına əsasən, ötən ilin ən çox turist qəbul edən ölkəsi Fransa olsa da, digər populyar istiqamətlərdə ciddi azalma müşahidə olunub. Yeni və daha cəlbedici istiqamətlər yaranıb və bunlardan biri də Azərbaycandır. Bunun nəticəsidir ki, Azərbaycan yeni populyarlaşan 20 ölkədən biridir. Ölkəyə gələn turistlərin sayı 11,4 faiz artıb. Bu il Azərbaycana gələn turistlərin sayının daha da artacağı gözlənir. Ermənistanın hesabatda 12-ci olması o demək deyil ki, bu ölkədə qonşu dövlətlərlə müqayisədə turizm daha yaxşı inkişaf edib. Təbii ki, bu belə deyil. Başqa bir tərəfdən, Ermənistana ötən il gələn turistlər bu il ora getməyəcək. Çünki orada turistlərə göstərilən xidmət səviyyəsi Türkiyə, Gürcüstan və Azərbaycanla müqayisədə aşağıdır. Sadəcə, ermənilər hesabatdan təbliğat məqsədi üçün istifadə edərək müəyyən görüntü yaradırlar. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min turist gəlib. Bu da 2018-ci illə müqayisədə 11,3 faiz çoxdur. Ötən il Azərbaycana gələn turistlər 43 milyard manatdan çox vəsait xərcləyiblər. Bunun da obyektiv səbəbləri var. Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı verdiyi qərarlar bu sahənin inkişafına güclü stimul verib. Eyni zamanda, ölkədə mövcud olan sabitlik, əminamanlıq, ictimai asayiş də bunun əsas səbəblərindəndir. Son illər bu sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda geniş turizm infrastrukturu yaradılıb. Bu baxımdan, ermənilərin müqayisələri və saxta görüntü yaratmaq cəhdləri nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI