Ermənistan daxilində baş verənlərin, xüsusən də mövcud hakimiyyətlə “Qarabağ klanı” arasında ziddiyətin dərinləşməsinin Dağlıq Qarabağ münaqişəsinə təsirinin hansı formada olacağı əsas müzakirə predmetlərindən birinə çevrilib. Düşmən ölkənin özündə səslənən fikirlərdən belə bəlli olur ki, yaşanan ziddiyyət tərəflərin Qarabağ cəbhəsində müəyyən addımlar atmasına, bundan bir-birinə qarşı istifadə etməsinə gətirib çıxara bilər. Ermənistanın “Past” nəşri yazır ki, belə vəziyyətdə cari ildə Qarabağ məsələsində müəyyən yeniliklər də ola bilər.
Qəzet yazır ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra baş nazir Nikol Paşinyan korrupsiyaya qarşı barışmaz mübarizəsi barədə dəfələrlə danışaraq, bu məsələdən rəqiblərini neytrallaşdırmaq üçün istifadə edir: “Eyni zamanda, Paşinyan təmsil etdiyi hökumətin korrupsiyadan uzaq olduğunu iddia edib, lakin bir qədər sonra bəlli oldu ki, hökumət daxilində korrupsiyadan azad olmayan məmurlar da var. Burada yalnız aşkar edilmiş hallar danışılır, ancaq açıqlanmayan faktların az olmadığına dair zəmanət varmı? Düşünürük ki, belə bir zəmanət yoxdur. Hökumət daxilindəki korrupsiya hadisələri ilə bağlı məsələnin kökündən həll edilməməsinə baxmayaraq, korrupsiyaya qarşı mübarizə məsələsi siyasi müstəviyə keçib. Problem ondadır ki, baş nazir Paşinyan reytinqini qorumaq üçün davamlı olaraq sübut və hökm olmadan rəqiblərini, keçmişdə vəzifədə olmasından asılı olmayaraq, korrupsiyada ittiham edərək korrupsioner adlandırır. Məhkəmənin qanuni qərarları olmadan isə heç kimin bu və ya digər şəxsə ittiham irəli sürmək hüququ yoxdur. Baş nazirə prokuror və ya hakim səlahiyyətləri verilmir və bu baxımdan Paşinyan siyasi düzgünlüyü təmin etməlidir, çünki yol verdiyi ifadələr məhkəmə qərarı ilə təsdiqlənməyə və sonradan o, üzr istəməli ola bilər. Yeri gəlmişkən, qısa müddətdə Paşinyana qarşı böhtan atmaqla bağlı çox sayda iddia qaldırıla biləcəyi barədə şayiələr gəzir. Korrupsiyaya qarşı mübarizənin bu fonunda müxtəlif ekspertlərin hazırkı hökumətin antikorrupsiya alət dəstgahının siyasi rəqiblərini susdurmaq üçün istifadə edildiyi mövzusunu gündəmə gətirməsi təsadüfi deyil. Bu yaxınlarda verdiyi müsahibəsində bu məsələyə toxunan tanınmış iqtisadçı Daron Acemoğlu Ermənistan hakimiyyətini korrupsiyaya qarşı mübarizəni siyasi rəqiblərini təqib etmək vasitəsinə çevirməməyə çağırış edib. Buradakı nəzarət olunan məhkəmələr şəraitində hakimiyyət korrupsiyaya qarşı mübarizəni prioritet elan edib, amma əslində bunu siyasi rəqiblərə qarşı yönəldib. Qafandakı mətbuat konfransında da Paşinyan Acemoğlunun fikirləri ilə razılaşdığını deyib. Paşinyan, əslində, Ermənistandakı korrupsiyanın siyasi rəqiblərə qarşı istifadə edilmədiyini göstərməyə çalışıb, amma faktlar bunun əksini sübut edir və Acemoğlunun bununla bağlı xəbərdarlığı təsadüfi deyildi. Mövcud hakimiyyətin antikorrupsiya alətlərini siyasiləşdirmə yanaşmasına qarşı onun rəqibləri Qarabağ kartından istifadə edə bilər. Qarabağ cəbhəsində istənilən hansısa yeni məğlubiyyət Paşinyan iqtidarı üçün ciddi zərbə olacaq. Paşinyanın rəqibləri Qarabağda hələ də güclü mövqe sahibidirlər. Onlara qarşı Paşinyanın təzyiqi davam edərsə, rəqiblər Qarabağ kartından mütləq istifadə etməyə çalışacaq”.
Indilikdə görünən budur ki, Ermənistan daxilində parçalanma və qarşıdurma bir qədər də sürətlənəcək. Bəzi ekspertlər bildirir ki, əslində, “Qarabağ klanı”nın istədiyi də budur. Çünki belə vəziyyətdə Ermənistanda qarşıdurma və ziddiyyət daha da dərinləşir, xaos artır. Məhz bu xaos durumunda “Qarabağ klanı” Paşinyanı devirməyin daha asan olduğunu düşür. Digər tərəfdən, bu vəziyyətdə zəbt olunmuş ərazilərin daha bir hissəsinin Azərbaycana qayıtması Paşinyanın mövqelərini daha sürətlə sarsıdacaq. Erməni mediası yazır ki, məsələnin başqa bir tərəfi də var, o da bundan ibarətdir ki, Paşinyan bəri başdan zəbt edilmiş ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasının günahkarı qismində “Qarabağ klanı"nı göstərmək istəyir və bununla həmin klana zərbə vuracağını düşünür. Yəni istənilən halda, həm Paşinyan, həm də “Qarabağ klanı” işğal altındakı ərazilərin daha bir hissəsinin Azərbaycana qayıtmasını istəyir və bunu da öz siyasi məqsədləri naminə edirlər. Beləliklə, Ermənistanda yaşananlar Qarabağ məsələsində tezliklə müəyyən dəyişikliklərin olmasını istisna etmir. Tərəflər arasında dərinləşən ziddiyyət də bu ehtimalı artırır. Belə bir vaxtda yayılan məlumata görə, Nikol Paşinyan Dağlıq Qarabağdakı separatçı rejimi maliyyələşdirməkdən imtina etməyi düşünür. Səbəb kimi separatçıların silahlı dəstəsinin Paşinyana tabe olmaq istəməməsi göstərilir. Belə ehtimal edilir ki, onların atəşkəsi pozması Ermənistanın hökumət başçısına təzyiqlərin artmasına səbəb olur. Erməni mediası yazır ki, əvvəllər separatçı rejimlərin başçıları Ermənistanın keçmiş prezidentlərinə tabe idi. Onlar Kşçaryanın və Sarkisyanın əmrlərini sözsüz icra edirdilər. Ancaq indiki halda Bako Saakyan və onun dəstəsi Ermənistana itaətsizlik göstərir. Bunun səbəblərindən biri Paşinyanın separatçıların indiki başçısını dəyişməyə cəhd göstərməsidir. Buna artan müqavimət isə tərəfləri daha ziddiyyətli mövqeyə sürükləyir. İndi Ermənistanda ciddi şəkildə narahatdırlar ki, bu durum davam edərsə, proseslərin nəticələri İrəvana çox baha başa gələcək. Bunu rusiyalı politoloq Vitali Arkov da təsdiq edir. Onun fikrincə, Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır və bu məsələdə Qarabağ kartından yararlamağa çalışır: “Amma o ciddi nöqsanlara da yol verir. Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqda acizliyi elə bəri başdan bəllidir, amma əhalinin yoxsulluqda yaşayan çoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi. İndi isə Ermənistan xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə şikəst olacaq. Yəni Paşinyan bir çox erməni ailələrinə faciə gətirə bilər. “Qarabağ klanı” ilə Paşinyanın arasında ziddiyyətlərin daha da dərinləşməsini gözləmək olar. Baş nazir Qarabağdakı separatçı rejimi nəzarətə götürmək istəyir. Dağlıq Qarabağın köhnə kadrlardan təmizlənmədiyi az qala yeganə ərazi olması baş naziri və onun arxasındakı qrupları xeyli narahat edir. Bu vəziyyətdə tərəflər arasında ziddiyyət daha da dərinləşir və bu hal Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcək”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanda Qarabağ məsələsi ətrafında ziddiyyətlər dərinləşir və bu hal düşmən ölkənin münaqişə ətrafında mövqelərini daha da zəiflədir. Erməni şərhçi Sarkis Artsruni bu xüsusda bildirir:“İrəvan və Xankəndi arasında qarşıdurma yaşanır və bu, gizli siyasi zərbələrin endirilməsi ilə nəticələnə bilər. Ermənistan üçün təhlükəli vəziyyət yaranıb. Qarabağ “hakimiyyəti” Nikol Paşinyandan uzaqlaşır, zaman keçdikcə onun bütün əleyhdarları ilə həmrəy olur. Bu qarşıdurma Ermənistanı uçuruma aparır. Azərbaycan bundan mütləq istifadə etməyə çalışacaq”. O da bildirilir ki, “Qarabağ klanı” ilə Paşinyan arasında ziddiyyət tezliklə özünün pik həddinə çatacaq. Belə ki, martın 31-də Qarabağ rejimində “prezident” və “parlament” seçkisi keçiriləcək. Separatçı rejimdə “prezident seçkisi” uğrunda mübarizədə Vitali Balasanyan, Masis Mailyan, Araik Arutyunyan, Aşot Qulyan, David İşxanyan iştirak edəcəklərini açıqlayıb. “Seçki”də əsas mübarizənin hazırkı Ermənistan hakimiyyəti ilə “Qarabağ klanı”nın prezident postuna nəzarəti uğrunda aparılacağı vurğulanır. Paşinyan sepatçılarin rəhbəri vəzifəsinə öz adamı kimi Araik Arutyunyanı gətirməyi düşünür. Amma digər tərəf Vitali Balasanyanı yeni sepataçı lider kimi görmək istəyir. Bu fonda Paşinyan Vitali Balasanyana qarşı mövqeyini daha da sərtləşdirir. “1in.am” saytı bu xüsusda yazır: “Balasanyan Qarabağda vəzifəsində olarkən daha nəzarət olunan və müəyyən edilə bilən idi. Xankəndiyə qarşı siyasi və administrativ resurslarla, hər şeydən öncə, onun təhlükəlilik səviyyəsini məhdudlaşdırmaq mümkün olurdu. İndi o, idarəolunmaz və qeyri-müəyyəndir. Balasanyan indi Serj Sarkisyanın “ağır artilleriyası”dır. Vitali Balasanyan bu fonda Paşinyanı daha sərt formada tənqid edir. Məsələn, o bildirir: “Nikol Paşinyan bəzən absurd, bir-birini təkzib edən fikirlərlə çıxış edir. O gah deyir ki, “Qarabağ Ermənistandır”, gah da deyir, “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir. Nikol Paşinyan və rəhbərlik etdiyi hökumət dərhal istefaya getməlidir. Vaxt gələcək, siz bu hakimiyyətin xalqı hansı vəziyyətə saldığını görəcəksiniz. Onlar getməyəcək, onları qovmaq lazımdır”. Balasanyan Paşinyanı hakimiyyətə Qərbdəki “məşhur mərkəzlər”in gətirdiyini bildirib. Onun ümumiyyətlə nə etmək istədiyini başa düşmək olmur. Hazırda bütün proseslər Bakının ssenarisinə uyğun gerçəkləşir. Paşinyanın Azərbaycan hakimiyyəti qarşısında acizliyi artıq açıq-aydın görünür. Belə getsə, mən və mənim ardımca gedəcək insanlar rəsmi İrəvana qarşı çıxacaq”. Belə yanaşma ermənilər üçün parçalanma deməkdir və Qarabağ məsələsində Azərbaycanın lehinə işləyir”. Indilikdə görünən budur ki, dərinləşən ziddiyyət Qarabağ münaqişəsinin gedişinə mütləq şəkildə təsirini göstərəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.