Son dövrlərdə işğalçı Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, onun maraqlı tərəf kimi danışıqlar prosesində iştirakıdır. Ermənistan hər vəchlə buna qarşı çıxsa da, hadisələrin gedişi bu dəfə də düşmən ölkənin məğlub durumda olacağını göstərir.
Bu barədə danışmazdan öncə qeyd edək ki, xüsusən xarici işlər nazirlərinin məlum Cenevrə görüşündən sonra Ermənistanda icmalarla bağlı narahatlıq artan xətt üzrə inkişaf edir. Ermənistan hakimiyyətinin nümayəndələri Dağlıq Qarabağ bölgəsində iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirməkdə davam edir. Amma faktdır ki, 24 mart 1992-ci il tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Bu faktın qabardılması Ermənistanda indi narazılıqla qarşılanır. Lakin erməni politoloq Yervand Bozoyan İrəvanın narazılıq və narahatlığının artıq hansısa önəm kəsb etmədyini bildirir: “Hazırkı vəziyyətə əsasən, Qarabağ rejimini danışıqlar masasına daxil etmək istəyi Qarabağın azərbaycanlı icmasinin nümayəndə heyəti problemi ideyasını yenidən canlandıra bilər. Burada təkcə danışıqlar formatı yox, həmçinin məzmun da vacibdir. Cəmiyyətimizin diskussiyası xəstə xarakterinə malikdir, təkcə danışıqların məzmunu ilə deyil, həmçinin onun forması ilə maraqlanır. Danışıqlar masası ətrafında nə baş verməsi barədə cəmiyyətimizin adekvat təsəvvürləri yoxdur. Heç kim izah etməyə maraqlı deyil ki, ümumiyyətlə danışıqlar masası ətrafında nə baş verir”. Ekspert bildirir ki, Ermənistanın azərbaycanlı icmasının maraqlı tərəf kimi danışıqlarda iştirakını əngəlləməsi, bu xüsusda verdiyi açıqlamaların artıq əhəmiyyəti yoxdur.
Xatırladaq ki, qeyd olunan məsələ Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan tərəfindən Cenevrə danışıqlarından sonra yenidən gündəmə gətirildi. Amma onun ddeiklərinin əsassızlığı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev tərəfindən faktlar əsasında yenidən alt-üst edildi:"Bu günlərdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar baş tutdu. Görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan sülh prosesinə “Artsax xalqının seçilmiş nümayəndələrinin” cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə danışıqlara kölgə salmağa cəhd etdi. Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan tərəfi aparılan danışıqların həssas məqamlarında bu cür təxribatçı metodlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsinə həmişə əngəllər yaradır. “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının tərkib hissəsidir və Azərbaycan vətəndaşlarıdır. Heç bir əsası olmayan “Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən çəkinmir. Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Prezidenti İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var". Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin keçən il verdiyi bəyanatlarda və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya son səfəri zamanı etdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik". Elə ekspertlər də bildirir ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icma olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin sülh yolu ilə həlli mümkün ola bilər. Məsələyə münasibət bildirən erməni ekspert Narek Minasyan bu xüsusda qeyd edir: “Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı icması ilə bağlı Azərbaycan tezisini beynəlxalq platformalarda aktiv şəkildə dövriyyəyə buraxmağa çalışır. Azərbaycan İrəvanın Qarabağı danışıqlar masasına qaytarmaq tələbinə əks olaraq icma modelini aktiv şəkildə ön plana çəkir. Ötən il Avropa Parlamentinin bütün deputatlarına Dağlıq Qarabağın azərbaycanlı icmasından məktublar göndərilib, ABŞ, Fransa səfirləri Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüşlər keçirir. Bunlar icma məsələsində Azərbaycanın istədiklərinin reallaşması və danışıqlarda Bakının daha bir üstünlüyüdür”. Qeyd edək ki, daha əvvəl bu xüsusda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da narahatlığını ifadə etmişdi: “Əsas məsələlərdən biri Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında birgə yaşayış zonalarının yaradılmasıdır. İlk növbədə Şuşa məsələsi, eləcə də əsaslı danışıqların intensivləşdirilməsi müzakirə edilir. Məhz bu kontekstdə Cenevrə danışıqları ilə paralel olaraq ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb”. Hesab olunur ki, əslində, Dağlıq Qarabağın azərbaycanlı icması, ümumiyyətlə, bundan sonra danışıqlarda maraqlı tərəf kimi daha fəal mövqe nümayiş etdirəcək. Bu fonda onların Dağlıq Qarabağın erməni icması ilə təmasları da mümkün sayılır. Rusiyanın hərbi eksperti İqor Korotçenko isə bildirir ki, əslində, Qarabağın erməni icmasının əvvəlki qaydada Azərbaycanın tərkibində bu ölkənin vətəndaşları kimi yaşaması onların öz maraqlarına da uyğun gələrdi. O, sadəcə, Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məsuliyyətsiz mövqeyinin uzun illərdir aparılan danışıqlar prosesinə böyük ziyan vurduğunu deyib: "Bu, uzaqgörən siyasət deyil. Çünki diplomatik yolla aparılan danışıqları pozur. Gec-tez Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı olacaq. Heç olmasa, ilkin olaraq ətraf 7 rayonu boşaltmalıdırlar. Doğma yurdlarından, evlərindən qovulan azərbaycanlı əhali Dağlıq Qarabağa qayıtmalıdır. Bütün bunlardan sonra Dağlıq Qarabağda referendum keçirilməsi mümkündür. Bu referendum isə Dağlıq Qarabağa xüsusi statusun verilməsi ilə bağlı keçirilə bilər. Dağlıq Qarabağın mübahisəsiz Azərbaycanın ərazisi hüdudlarında olması şərtilə bu regiona xüsusi status verilməsi mümkündür. Bütün bunlardan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıra bilər. Əminəm ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda yaşayacaq ermənilər Ermənistanda yaşayan ermənilərdən daha yaxşı həyat səviyyəsinə malik olarlar".
İndilikdə isə görünən budur ki, İrəvan, Qarabağ münaqişəsi ilə bağlı danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı təxribat xarakterli mövqeyindən əl çəkmir. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunu İrəvan hələ də qəbul etməkdə çətinlik çəkir. Halbuki, bu məsələ birbaşa beynəlxalq hüquqla təsbit olunub. Amma erməni politoloq Anjela Əlibəyova İrəvanın bu xüsusda mövqeyinin sarsılmaqda olduğunu deyir. O bildirir ki, indi Ermənistan və Azərbaycan müəyyən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindədir: “ Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Cenevrədəki son danışıqlardan əvvəl tərəflər hazırlıq və texniki mərhələlərdə idisə, indi həqiqətən bir sənəd ətrafında genişlənəcək danışıqlar mərhələsindəyik. Ermənistan tərəfinin açıqlamasında “təkliflərin verilməsi, qərar qəbul edilməsi və müzakirə olunmasının bəzi vaxtları” anlayışlarına rast gəlinir. Buna görə daha intensiv danışıqlar prosesinə giririk. 2020-ci ildə prosesin sürətlənəcəyini və həmsədrlərin tərəflərə təzyiqi artıracağını gözləmək olar. Amma bu təzyiq daha çox Ermənistana olacaq. Xüsusən də son dövrlərdə bu, icma məsələsində özünü göstərir. Azərbaycan artıq həmsədrlərə Dağlıq Qarabağın azərbaycanlı icmasını qəbul etdirib və həmsədrlər Ermənistanın da qəbulu üçün təzyiqləri artıracaq”. O, 2020-ci ildə kifayət qədər gərgin danışıqlar prosesinin gözlənildiyinə inandığını söyləyib. Rəsmi Bakının mövqeyi isə budur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadirdir. Azərbaycan tərəfi bunun üçün müvafiq addımlar atmağa hazır olduğunu bəyan edir. Ermənistan və erməni icmasının bunu düzgün dəyərləndirməsi isə sadəcə münaqişənin dinc müstəvidə həll prosesini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.