Artıq erməni KİV-ində Ermənistan hakimiyyətinin istəklərini siyasi fantaziya janrında çəkilən filmlərlə əlaqələndirməyə başlayıblar. Yazılan bəzi məqalələrdə çox ironik tərzdə izah olunur ki, Ermənistanın başqalarının hesabına özgə torpaqları əldə etmək cəhdləri artıq fantaziya kimi görünür.
Bildirilir ki, bir vaxtlar ermənilər Türkiyənin parçalanacağı və Şərqi Anadolu torpaqlarının Ermənistana birləşdiriləcəyi kimi xülyalarla yaşayırdılar. Ancaq dünyada çox ciddi proseslər, müharibələr oldu və bitdi, lakin ermənilər istəklərinə nail ola bilmədilər. Hətta bu proqnozların saxta “soyqırımın 100 illiyi”nə kimi reallaşacağını da bildirənlər olub. Məqalədə qeyd olunur ki, sonra erməni təbliğat maşını asanlıqla Naxçıvanı əldə edə biləcəyinə dair rəy formalaşdırmağa başladı. Əsas kimi Naxçıvanın Azərbaycanın digər ərazilərindən təcrid olunması və ən əsası İran və Türkiyə sərhədinin olması göstərildi. Ermənilərin iddialarına görə, Kreml keçmiş SSRİ sərhədlərinə özünün nəzarət etməsini istəyir. Təsadüfi deyil ki, Ermənistan “müstəqil” ölkə olsa da, onun Türkiyə və İranla olan sərhədlərini rus sərhədçiləri qoruyurlar. Buna görə də Naxçıvanın ermənilərin əli ilə Ermənistanın nəzarətinə götürüləcəyini həm də Kremlin marağı kimi yozurdular. Erməni ictimai rəyi artıq Naxçıvanı özləri üçün yem yox, böyük təhlükə kimi qəbul etməyə başlayıb. Son Günnüt əməliyyatından sonra Azərbaycan Ordusu məhz Naxçıvandan Ermənistan ərazisində olan önəmli strateji ərazilərə nəzarət edə bilir. Artıq Naxçıvanda elə silahlar var ki, həm onların parametrləri, həm də məsafədəki yaxınlıq məhz oradan İrəvandakı istənilən nöqtəni hədəfə almağa qadirdir. Bütün bunlar onu sübut edirmi ki, ermənilər Naxçıvana olan iddialarının tamamilə mənasız söhbət olduğunu anlayıblar?
Daşdəmir Əliyev: “Bəli, bu gün ermənilər Naxçıvana olan iddiadan əl çəkiblər və hətta oradan ehtiyat etməyə başlayıblar”
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin məlum istiqamətdə olan məkrləri bitib-tükənən deyil: “Əvvəlcə həmin millətin bir tarixinə baxaq. Onlar harada yaşayıblarsa, xislətlərinə görə həmin ərazilərdən qovulublar. Hazırda dövlət yaratdıqları ərazi də onlara məxsus deyil. Buna görə də hara ayaqları dəyibsə, ora qarşı ərazi iddiaları qaldırmağa başlayıblar. Bizimlə yaxın ərazidə məskunlaşdıqları üçün, onların məkrinə daha çox tuş gəlmişik və bunun da acı nəticələri göz qabağındadır. Ermənilərin “Böyük Ermənistan” deyilən bir doktrinası var. Həmin xəritəyə nəzər salanda görünür ki, onlar İran, Türkiyə, Gürcüstan, hətta Rusiyaya qarşı da açıq ərazi iddiaları ortaya qoyurlar. Bir sözlə, dənizdən-dənizə deyilən ərazidə böyük bir ölkə yaratmaq istəyirlər. Onların hətta müdafiə naziri, yəni rəsmi şəxsi belə yeni ərazilərin zəbtinin mümkünlüyündən danışıb. Yəni Ermənistanın harasa ərazi iddiası irəli sürməsi təsadüfi deyil. Naxçıvanla bağlı onların iddiaları hər zaman olub. Bunun üçün də əllərindən nə gəlibsə, hamısını ediblər. Hətta tarixi saxtalaşdıraraq həmin ərazinin guya özlərinə məxsus olduğunu deyirlər. Sonra isə bunu hərbi yolla etməyə çalışdılar. 1990-cı ildən başlayaraq belə cəhdlər oldu. Nəticədə Sədərək və digər istiqamətdə ciddi müqavimətlə üzləşdilər. Onların həm siyasi, həm də hərbi həmlələri nəticə vermədi. Bu gün Naxçıvanda çox güclü Ümumqoşun Ordusu var. Ən müasir silahlarla təchiz olunan həmin ordu nəinki müdafiə olunmağa, eləcə də Ermənistan ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. Biz bunu 2018-ci ildə baş tutan Günnüt əməliyyatı zamanı gördük. Bəli, bu gün ermənilər Naxçıvana olan iddiadan əl çəkiblər və hətta oradan ehtiyat etməyə başlayıblar. Naxçıvan nəinki Azərbaycan, eləcə də bütün Türk dünyası üçün mühüm strateji önəmə malikdir. Türkiyəni digər türkdilli ölkələrlə birləşdirən bir körpüdür. Naxçıvanın təhlükəsizliyi həm də beynəlxalq sənədlərdə öz əksini tapıb. 1921-ci ildə imzalanan Qars müqaviləsinin şərtlərinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantorluğu ilə bağlı məsələdə həm də Türkiyə söz haqqına sahibdir”.
Məhəmmədəli QƏRİBLİ