Artıq deputatlığa namizədlərin 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri çərçivəsində seçkiöncəsi təbliğat-təşviqat kampaniyası finişə yaxınlaşmaqdadır. Seçki gününə artıq sayılı günlər qalıb. Bu müddət ərzində deputatlığa namizədlər millət vəkili mandatına sahib olmaq üçün seçicilərlə görüşərək, seçkiöncəsi məram və proqramlarını açıqlayıblar. Hələ qarşıda 5 gün var və deputatlığa namizədlər bu qısa müddətdə seçicilərlə görüşlər keçirərək, qələbələri uğrunda mübarizəni davam etdirirlər.
Ancaq o da var ki, heç də bütün namizədlər cəmiyyət tərəfindən qəbul olunmur. Xüsusən də əvvəl deputat olmuş bəzi şəxslərin yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən hiddətlə qarşılanır. Bu bəzi deputatların seçicilərlə görüşmək istəyərkən yaşanan insidentlərdə özünü göstərir. Faktiki olaraq, bəzi belə iddialı namizədlərin görüşlərində rüsvayçılıq yaşanır. Seçicilər açıq-aşkar onları boykot edərək fitə basırlar. Elə namizəd var ki, onu kənddən qovurlar və bu səbəbdən, ümumiyyətlə, vətəndaşlarla görüş keçirə bilmir. Bununla bağlı rüsvayçı xarakterli video və fotolar sosial şəbəkələrdə yayılır. Görünən odur ki, cəmiyyətdə belələrinin yenidən deputat olmaması ilə bağlı çağırışlar var. Açıq-aydın görünür ki, vətəndaşlar belələrinin yenidən deputat olmasını istəmirlər.
Maraqlıdır, bu yöndə ictimai çağırışların səslənməsinə baxmayaraq, niyə belələri namizədliklərini geri götürmürlər? Prosesdən niyə geri çəkilmirlər?
“Yəqin belələri deputatlığın bəhrəsini o qədər çox görüblər ki...”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlınıın fikrincə, belə namizədlərin ictimai çağırışlara məhəl qoymaması bir sıra amillərlə bağlıdır: “Əvvəla belə münasibət həmin deputatların fəaliyyəti ilə bağlıdır. Hansı ki, vaxtında xalqın içində olsaydılar, onların sosial problemləri ilə maraqlansaydılar, belə biabırçı vəziyyətlə üzləşməzdilər. Ona görə də indi xalq tərəfindən bu cür cəzalandırılırlar. Hesab edirəm ki, belə vəziyyətlə üzləşən namizədin özünə hörməti olsa, o zaman namizədlikdən imtina edər. Bu yöndə səslənən çağırışları nəzərə alar. Elə insan var ki, bir söz onun xətrinə dəyir və buna görə hansısa iddiadan geri çəkilir. Elə insan da var ki, ambisiyaları üzündən kreslodan ikiəlli yapışır. Yəqin belələri deputatlığın bəhrəsini o qədər çox görüblər ki, bu səbəbdən mandatdan əl çəkmək istəmirlər. Buna ancaq belə yanaşmaq olar. Yoxsa, bir belə həngamədən sonra təzədən deputat olmaq istəməzdilər. Görə-görə ki, onların namizəd olmasına ciddi ictimai qınaq var, yenə də deputat olmaq həvəsi ilə yaşayırlar”.
Vidadi ORDAHALLI