Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Azərbaycanın bu gün dünyada sayı o qədər də çox olmayan, tam müstəqil siyasət aparan ölkə olduğunu bildirib:
“Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumdaxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir. Bizim ixracımız da, xüsusilə qeyri-neft sektorunda artıbdır, xarici ticarət dövriyyəsi də artıbdır. Bir sözlə, iqtisadi sahəyə aid olan bütün məsələlər öz həllini tapıb”.
Göründüyü kimi, ölkə başçısı Azərbaycanın hansı amillərə əsaslanaraq müstəqil siyasət yürüdə bildiyinin konturları barədə ətraflı izahat verib. Prezidentin bu əsaslandırmasından hansı nəticələri çıxarmaq olar?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının bizim müstəqil siyasəti niyə yürüdə bilməyimizi əsaslandırmasında dərin məntiq var: “Müstəqillikdən sonrakı kiçik bir dönəm istisna olmaqla, sonrakı mərhələdə biz böyük inkişaf və quruculuq işləri aparmışıq. Görülən işlər haqqında bəlkə də saatlarla danışmaq olar. Ən önəmlisi ondan ibarətdir ki, bu müddət ərzində Azərbaycan bölgədə və dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən, dost ölkə kimi tanıtdıra bilib. Xoşniyyətli siyasətlə Azərbaycan bu gün dünyada özü üçün dostlar qazanıb. Tərəfdaşlarımızın, Azərbaycanla xoş münasibətlər qurmaq istəyənlərin sayı artır. Bizim siyasətimiz bütün sahələrdə xoşniyyətlidir. Biz əməkdaşlığın tərəfdarıyıq. Əməkdaşlıq üçün təkliflərimizi irəli sürürük. Biz istəyirik ki, bütün bölgədə sülh, əminamanlıq olsun. Bütün xalqlar mehriban qonşuluq şəraitində yaşasınlar. Ölkə daxilində hökm sürən sabitlik, inkişaf, xoşniyyətli siyasət və xoş ovqat bizi daha da gücləndirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu bizim böyük üstünlüyümüz, xoşbəxtliyimizdir. Bu gün dövlətin qorunması üçün qoyulan əsaslar müstəqillik, suverenlik, demokratiya, bazar iqtisadiyyatı, sosial ədalət prinsipləridir. Güclü milli ideologiya, milli ruh bizə yol göstərən prinsiplərdir. Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk. Bütün bunları təmin etmək üçün həm də müstəqil siyasət yürütməyi bacarmaq lazımdır. Azərbaycan hakimiyyətinin ən böyük uğuru budur ki, həmin siyasəti yürüdə bilir. Buna bəzən balanslı siyasət də deyirlər. Bütün bu balansın daxilində bizim milli maraqlarımızın önə çəkilməsi olur. Dünyanın güc mərkəzləri ilə biz bu tarazlığı qoruyub saxlaya bilmişik. Prezident doğru olaraq qeyd edir ki, bunun üçün həm də xalqdan böyük dəstək almaq lazımdır. Bu dəstək də var”.
Məhəmmədəli QƏRİBLİ