Məlum olduğu kimi, Azərbaycanda Milli Məclisə fevralın 9-da seçkilər keçiriləcək. Seçkilərə artıq sayılı günlər qalıb. İndiyə qədər parlament seçkilərində iştirak etmək üçün 1637 namizəd qeydə alınıb. Onlardan 313-ü namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir. Onların sayının bu həftə də azalacağı istisna olunmur. Ümumilikdə, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
O da məlumdur ki, budəfəki seçkilərdə əvvəl millət vəkili olmuş bir çox şəxs namizədliyini yenidən verib. Namizəd var 25-30 ildir parlamentdə təmsil olunmağına baxmayaraq, yenidən namizədliyini irəli sürüb. Müşahidələr göstərir ki, 2-3 dəfə millət vəkili olan bəzi şəxslərin yenidən namizəd olmasına cəmiyyətdə sərt neqativ münasibət var. Bunun nəticəsidir ki, bəzi belə namizədlərin seçicilərlə görüşündə müəyyən insidentlər baş verir. Açıq formada belə namizədlər boykot edilir, görüşlərdə onların yenidən namizəd olmasına seçicilər etiraz edirlər. Bununla bağlı hətta sosial şəbəkələrdə, internet saytlarında bəzi videogörüntülər də yayılıb. Məlumata görə, iki dəfə deputat olan bəzi namizədlər müəyyən kəndlərdə seçicilərlə görüşə bilməyiblər. Bəzi belə namizədlər kəndlərdən faktiki olaraq qovulublar. Görünən odur ki, bəzi seçki dairələrində 2-3 dəfə deputat olanların yenidən bununla bağlı iddia ortaya qoyması açıq neqativ münasibətə səbəb olur. Maraqlıdır, bunun səbəbi nə ilə bağlıdır?
“Bu da haqlı olaraq ictimaiyyət tərəfindən qəzəblə qarşılanır”
Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin fikrincə, bir sıra şəxslərin yenidən deputat olmasına ictimaiyyətin neqativ münasibət bəsləməsinin kökündə bir sıra amillər dayanır: “Çünki 2-3 dəfə deputat olanların bir çoxu bir dəfə də olsun seçicilərin sosial qayğıları ilə yaşamayıb. Dairədəki sosial problemlərin həllinə passiv yanaşıblar, cəmiyyətə yuxarıdan aşağı baxıblar. Xalqın içinə girib problemləri ilə maraqlanmayıblar. Cəmiyyətdən ictimai dəstək almayıblar. Seçkidən-seçkiyə xalq onların yadına düşür. Prezident İlham Əliyevin ortada çox ciddi tapşırıqları var ki, xalqdan səs alan MM-də təmsil olunacaq. İndi onların yadına düşüb ki, xalqın içində olmaq lazımdır. O üzdən, parlament seçkilərində növbəti dəfə mandat almaq istəyirlər. Bu da haqlı olaraq ictimaiyyət tərəfindən qəzəblə qarşılanır. Açıq formada cəmiyyət onlara etiraz edir. Səbəb məhz bu sadaladığım amillərlə bağlıdır”.
Vidadi ORDAHALLI