Fevralın 20-21-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Parlament Assambleyasının (PA) 19-cu qış sessiyası keçiriləcək. Secki-2020.az saytı xəbər verir ki, bu barədə ATƏT PA-nın Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 300-dək deputatın, həmçinin müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkə hökumətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sessiyanın açılışında Avstriya parlamentinin aşağı palatasının sədri Volfqanq Sobotka, ATƏT PA-nın prezidenti Georgi Tsereteli, ATƏT-ə sədrlik edən Albaniya rəsmiləri çıxış edəcək.
Üç baş komitənin iştirakı ilə keçiriləcək sessiyanın gündəliyində uzanan münaqişələrin həllində ATƏT-in alət və mexanizmlərindən səmərəli istifadə etmək, iqlim dəyişiklikləri ilə bağlı fəsadlar, insan hüquqları sahəsində çoxtərəfli əməkdaşlıq kimi məsələlər var. Son günü hər üç komitənin birgə iclasında ATƏT məkanında antisemitizm, ayrıseçkilik və dözümsüzlüyə qarşı mübarizə məsələlərinə dair xüsusi müzakirələr aparılacaq, Azərbaycan, Belarus, Özbəkistan, Ukraynada seçkilərdə müşahidəçi missiyalarının rəhbərlərinin məruzələri dinlənəcək.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.