Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır. Bu barədə diplomatik mənbədən məlumat verilib.
Məlumatda deyilir: "Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeriy Gerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir".
Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.
Göründüyü kimi, tərəflərin son görüşü iki ay əvvəl olub. Üstündən qısa müddət keçməsinə baxmayaraq, belə mühüm görüşün keçirilməsinə yaranan zərurət nədən irəli gələ bilər və görüş yerinin yenidən Bakı seçilməsi nə ilə əlaqəlidir?
Qabil Hüseynli: “Son iki ay ərzində dünyada hər iki tərəfin marağını kəsb edən mühüm proseslər yaşanıb”
Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, görüşün Bakıda keçirilməsi, sadəcə, təsadüf kimi xarakterizə oluna bilməz: “Əksinə, xatırlatmaq lazımdır ki, Azərbaycan son dövrlər çoxsaylı beynəlxalq əhəmiyyətli humanitar, siyasi, iqtisadi, idman tədbirinə, forum və konfranslara ev sahibliyi edir, bəzilərinin isə əsas təşkilatçısıdır. Buna Birinci Avropa Oyunları, Dördüncü İslam Həmyərliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Gənclər Siyasəti üzrə Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və digər mötəbər tədbirləri nümunə göstərmək olar. Bu bir daha sübut edir ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi, qlobal məsələlərin müzakirə olunduğu, ciddi qərarların qəbul edildiyi mühüm platforma, unikal dialoq məkanına çevrilib. Bu mənada, NATO-Rusiya görüşünün Bakıda keçirilməsi dövlətimizin nüfuzuna, beynəlxalq arenada formalaşdırdığı yüksək imicə verilən növbəti qiymət, dəyərdir.
Bakıda təşkil olunan görüşdə müzakirə olunan məsələlər də həm dünya, həm də Azərbaycan ictimaiyyəti üçün ciddi maraq kəsb edir. Ölkəmizin NATO ilə münasibətləri strateji əməkdaşlıq formatındadır. Azərbaycan etibarlı tərəfdaş kimi İraq, Əfqanıstan və Kosovodakı sülhməramlı missiyalarin yerinə yetirilməsində yaxından iştirak edir.
NATO - Rusiya dialoqunda Azərbaycan dəqiq, aydın, neytral mövqe tutur, barış missiyalarını arxayın bir şəkildə öz üzərinə götürür. Bu həm də Azərbaycanın müstəqil siyasətinin nəticəsidir. Rusiya və NATO rəsmi Bakını məhz müstəqil və neytral ölkə gözündə görür. Bu həm də güvən məsələsidir, tərəflər əmindir ki, Azərbaycandakı görüş müzakirə olunan məsələlərin konfedensiallığı baxımından da risq daşımır. Görüşün iki ay sonra yenidən baş tutması dünyada baş verən mühüm yeniliklərlə bağlıdır. Son iki ay ərzində dünyada hər iki tərəfin marağını kəsb edən mühüm proseslər yaşanıb. Bura İranla ABŞ arasındakı qarşıdurmanın kəskin mərhələyə qədəm qoymasını, Liviyada vəziyyətin tam dəyişdiyini və Suriyada proseslərin tam həllini tapmamasını aid edə bilərik. Ola bilər ki, tərəflər başqa mühüm məsələlər ətrafında da müzakirələr aparsınlar”.
Məhəmmədəli QƏRİBLİ