Cenevrə görüşündən bir ay əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, danışıqlar masasında konkret sənəd yoxdursa, bu, danışıqlar deyil, görüşlərdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşünə dair yaydığı bəyanatda isə danışıqlar zamanı tərəflərin 2019-cu ildəki danışıqlar və razılaşmalarının nəticələrinə yekun vurulduğu qeyd olunur. Sual yaranır: danışıqlar aparmırsınızsa, necə razılığa gəldiniz, belə çıxır ki, 2019-cu il ərzində danışıqlar aparılıb.
Bundan əlavə, bəyanatda məsələnin sonrakı həlli üçün əsas sayılan prinsip və elementlərə diqqət yetirilib. Qeyd edək ki, Madrid prinsiplərindən başqa heç bir danışıqlar paketində vasitəçilər "prinsiplər və elementlər" ifadələrini işlətmirdilər. Bir həftə bundan əvvəl Baş nazir Paşinyan Qafanda yenidən danışıqlar masasında sənədin olmadığını bəyan etdi, ancaq biz Cenevrədə bu sənədin olduğunu görürük. Belə olan təqdirdə, Paşinyanı yalan danışmağa nə vadar edir?
Elşən Mustafayev: “Real mənzərə bundan ibarətdir ki, Ermənistanın işğal edilən torpaqları geri qaytarmaq niyyəti yoxdur”
Politoloq Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, danışıqların hansı istiqamətdə getdiyi, hansı sənəd üzrə aparıldığı hamıya, o cümlədən, Paşinyana yaxşı məlumdur: “Danışıqlar 2005-2006-cı illərdə ortaya çıxan “Madrid prinsipləri” adlı sənəd üzrə aparılır. 2009-dan sənədin yenilənmiş variantı da mövcuddur. Bunun əsasında da müxtəlif sənədlər təklif edilib. Bu sənədlər müzakirə edilsə də, ermənilər daim Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsini qəbul edir, amma müxtəlif şərtlər də qoyurdular. Bu şərtlər də onunla bağlı olurdu ki, yeddi rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağın “müstəqilliyi” Azərbaycan tərəfindən qəbul edilsin. Təxminən bu təklif əsasında danışıqlar gedirdi və erməni tərəfinin mövqeyi belə idi. Sözsüz ki, Azərbaycan tərəfi bu mövqeni qəbul etmirdi. İndi Paşinyanın başqa çarəsi qalmayıb. Manevr imkanları bitib. Güzəştə getsə, daxildə vəziyyət pisləşir. Mövqeyində qalanda isə problemin həlli dalana dirənir və müharibə risqi artır. Buna görə də Paşinyan bu addımı siyasi imicini təhlükədən qorumaq və danışıqlardan imtina etmək üçün atır. Əslində, Azərbaycan üçün burada yeni nəsə yoxdur. Çünki hakimiyyətə gələndən bu tərəfə Paşinyan daim danışıqlara zərbə vuran mövqe ortaya qoyub və onun yersizliyini əsaslandırmağa çalışıb. O, daim imitasiya ilə məşğul olub. Belə olan halda, yenə Paşinyan pis vəziyyətə düşür. Çünki Azərbaycan dövlətinin mövqeyi dəyişməz qalır. Bu da ondan ibarətdir ki, ya sülh yolu, danışıqlar vasitəsilə Azərbaycanın torpaqları azad edilir, ya da Azərbaycan silah gücü ilə öz ərazi bütövlüyünü təmin etmək məcburiyyətində qalır. Ancaq real mənzərə bundan ibarətdir ki, Ermənistanın işğal edilən torpaqları geri qaytarmaq niyyəti yoxdur. Belə vəziyyətdə söz həmsədrlərin olmalıdır. Yəni onlar mənasız danışıqların davamını məqbul saymamalıdırlar. Konstruktivliyə nail olmaq üçün isə Paşinyana konkret təzyiqlər göstərilməlidir. Artıq Paşinyan gizli şəkildə yox, açıq bəyanatı ilə danışıqların mənasız olduğunu ifadə edir. Onun son bir ay ərzində verdiyi açıqlamalar ancaq həmin mövqeyin gücləndirilməsinə xidmət edib”.
Məhəmmədəli QƏRİBLİ