Dünyanın iki böyük geosiyasi güc mərkəzi olan ABŞ və Rusiyanın münasibətlərinin beynəlxalq nizama da əsaslı surətdə təsir göstərdiyi heç kimə sirr deyil. Bu fonda məsələyə NATO-nun da qarışması vəziyyətə daha çox təsir edir. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini sərtləşdirməyə çalışır.
Belə ki, Brüsseldə qəbul olunan qərarlar təşkilatın şərq cinahına doğru daha da irəliləməsini, Şərqi Avropada ABŞ-ın hərbi qüdrətinin artırılmasını nəzərdə tutur. Bunu Vaşinqton təşkilata üzv ölkələrin hərbi xərclərini artırması hesabına etmək fikrindədir. Aydın görünür ki, Şimali Atlantika alyansı nəinki hərbi ixtisara getmək niyyətində deyil, hətta daha qüdrətli hala gəlməyi düşünür. Moskvanın da buna cavab verəcəyi gözlənir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı aydın görünür. Amma hadisələrin bu səpkidə inkişafının Rusiya və NATO-nun özü üçün də təhdid yaratdığını tərəflər özləri də aydın görür. Bu səbəbdən onlar arasında dialoq qurulması da diqqət mərkəzindədir.
Artıq məlumat verildiyi kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Volters arasında növbəti görüşün keçirilməsi planlaşdırılır. Bakıda baş tutacaq görüş barədə “RİA Novosti” özəl mənbəyə istinadla bildirir: “Bu həftə, çox güman ki, 6-7 fevralda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Voltersin görüşü planlaşdırılır. Gündəm yalnız tərəflərə məlumdur. Bakı ənənəvi görüş yeri sayılır”. Xatırladaq ki, Bakıda bundan öncə Rusiya-NATO formatında görüş keçən il noyabrın 26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə edib.
Bu il baş tutacaq yeni görüş barədə isə elə Tod Volters özü ötən ilin sonlarında məlumat vermişdi. Onunla Valeri Gerasimov arasında Bakıda artıq bir dəfə görüş olub. Onların ilk görüşü 2019-cu ilin iyulunda Bakıda olub. Həmin vaxt tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər. Bununla yanaşı, Avropada və dünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparılıb. Tod Volters hələ də Bakı görüşlərinin tərəflər üçün mühüm əhəmiyyət kəsb etdyini vurğulayır. Bunlar isə generalların Bakı görüşlərinin nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini aydın göstərir.
Ekspertlər bildirir ki, Azərbaycan rusiyalı və amerikalı generalların görüşərək normal şəraitdə danışıqlar aparacağı ən münasib, neytral və əlverişli məkandır. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə normal, sürətlə inkişaf edən və tərəfdaşlığa söykənən siyasətin yürüdüldüyü məkan kimi də qəbul edilir. Azərbaycan nə NATO-nun, nə də “MDB NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu isə Azərbaycana marağı artırır. Ekspertlər bütün bunları vacib sayır. Məsələ burasındadır ki, hazırda dünyanın müüxtəlif bölgələrində nüfuz və maraq müharibəsi davam edir. Beynəlxalq ekspertlər də yeni dünya müharibəsinin addım-addım yaxınlaşdığı haqda həyəcan təbili çalır. Elə bu mənzərə fonunda dünyanı qlobal qəzadan xilas etmək üçün hərəkətə keçə biləcək, barışdırıcı, birləşdirici rolu üzərinə götürəcək qüvvəyə və bütün problemlərin müzakirə edilə biləcəyi məkana ehtiyac var. Bu qüvvə və məkan elə bir yer olmalıdır ki, bütün tərəflərlə uzlaşa bilsin, həmçinin, bütün tərəflərdə nüfuza sahib olsun. Azərbaycan məhz bu missiyanı üzərinə götürür.
Hələlik isə NATO-Rusiya münasibətlərinin hamar olmadığı çoxdan məlumdur. Şimali Atlantika alyansı, qeyd olunduğu kimi, Rusiyanın sərhədlərinə yaxınlaşır. Bunu dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirən rəsmi Moskva cavab tədbirləri görür. Xüsusilə NATO-nun cənub və şərq cinahlarında Moskva ilə münasibətlər ağırdır. Daim qarşılıqlı hədələr və bəzi hallarda çox yaxın məsafələrdə edilən hərbi manevrlər bunu aydın göstərir. Lakin indiyə qədər Bakıda baş tutan görüşlər tərəflər arasında kəskin ziddiyyətlərin yaşanmasına yol verməyib. Ölkəmiz bu mənada regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Məhz bunlar fonunda Tod Volterslə Valeri Gerasimovun bir neçə gün sonra nəzərdə tutulan görüşünün yenə Bakıda təşkili dünya üçün vacib sayılır.
Nahid SALAYEV