Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etmək məqsədilə çəkilmiş erməni filminin Moskvada nümayişinə qadağa qoyulub. Belə ki, yanvarın 26-da Rusiya paytaxtının “Pobeda” kinoteatrında nümayişi nəzərdə tutulmuş “Aran - mistik ölkə” adlı bədii-sənədli filmin təqdimatı təxirə salınıb.
Moskvada həmin filmin nümayişinə icazə verilməyib. Sözügedən filmdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun “tarixi Ermənistan” torpağı olduğu iddia edilib.
Filmin nümayişinə kəskin etiraz bildirən Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhər hökumətinin mədəniyyət departamentinə müraciət edib. Erməni separatçılarının məkrli niyyətlərini diqqətə çatdıran icma sədri filmin göstərilməsindən imtina etməyə çağırıb və xəbərdarlıq edib ki, əks halda, Rusiyanın Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda erməni təxribatının qarşısı alınmışdı. Azərbaycanın Qazaxıstandakı səfirliyinin etirazı nəticəsində qardaş ölkədə yalançı faktlara əsaslanan “Qərbi Ermənistan, itirilmiş vətən” adlı erməni filminin nümayişindən imtina edilib.
Moskvada sözügedən filmin nümayişinə icazə verilməməsi erməniləri bərk hiddətləndirib. Bir sıra erməni saytları bu səbəbdən Rusiyanı ciddi tənqid ediblər. Görünən odur ki, ermənilər Rusiya müstəvisində hər keçən gün mövqelərini itirirlər. Əvvəlki kimi erməni lobbisi Azərbaycana qarşı təbliğat apara bilmir. Hansı ki, bir vaxtlar ermənilər öz mənafelərinə uyğun informasiyaları Rusiya mətbuatı, telekanallarında çox asanlıqla təqdim edirdilər. Həmçinin, Dağlıq Qarabağdakı separatçı qurumun təbliği ilə bağlı müxtəlif adlar altında tədbirlər keçirirdilər. Sonra bütün bunlardan təbliğat məqsədi üçün geniş istifadə edirdilər. Bəlli olur ki, artıq ermənilər Rusiyadakı bu imkanlarını itirirlər.
“...Azərbaycanın maraqlarına uyğundur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Moskva kinoteatrlarında separatçı qurumla bağlı filmin nümayişinə qadağa qoyulması ermənilərə zərbədir: “Rusiyada ermənilərin bu kimi maneələrlə üzləşməsi bir sıra faktorlardan irəli gəlir. Əvvəla son illər Azərbaycanla Rusiya arasında siyasi münasibətlər daha da yaxşılaşıb. Tez-tez ikitərəfli müxtəlif rəsmi səfərlər baş tutur. İki ölkə arasında müxtəlif sahələrdə iqtisadi əlaqələr genilənir. Nəqliyyat-tranzit daşımalarda tərəflər yaxından əməkdaşlıq edirlər. Digər tərəfdən, 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyi və ondan sonra gedən bir sıra proseslər Moskva ilə İrəvan arasında münasibətlərdə müəyyən soyuqluğun yaranmasına səbəb olub. Kremlin maraqlarından çıxış edən “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması Moskvanı qane etmir. Paşinyan nə qədər Rusiyayönümlü reveranslar etsə də, Kreml ona etibar etmir. Üstəgəl, Putinin istəyinə rəğmən, Paşinyanın əzəli düşməni olan keçmiş prezident Robert Köçəryanı həbsdə saxlaması Moskvanı qane etmir. Təbii ki, bütün bunlar Ermənistanın Rusiya müstəvisindəki təsir imkanlarına açıq və dolayı olaraq öz mənfi təsirini göstərir. Bunun nəticəsidir ki, sözügedən bədnam filmin nümayişinə məhdudiyyət qoyulub. Əvvəlki dövr olsaydı, çox güman ki, ermənilər belə maneə ilə üzləşməzdilər. Hesab edirəm ki, belə halların baş verməsi ümumən Azərbaycanın maraqlarına uyğundur. O üzdən, maksimum bundan səmərəli istifadə etmək lazımdır. Rusiyadakı Azərbaycan diasporu daha aktiv fəaliyyət göstərməlidir. Belə olsa, o zaman erməni lobbisinin Rusiyadakı təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyə bilər”.
Vidadi ORDAHALLI