Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə xüsusi seçki fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb. Fiziki şəxslər partiyaya 453 300 manat ianə köçürüblər.
Qeyd edək ki, maliyyə hesabatını MSK-ya YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov təqdim edib. Bildirilir ki, seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir. Qeyd edək ki, seçki prosesində YAP-la yanaşı, bir çox partiya da iştirak edir. Bəs onların bu istiqamətdə vəziyyətləri necədir?
Tünzalə İsmayılova: “Həmin vəsait də öz hesabımızdan xərclənir”
Ana Vətən Partiyası mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova qəzetimizə bildirdi ki, onlar pul toplanması ilə bağlı sıravi üzvlərə, xalqa müraciət etməyiblər: “Namizədlərin bütün təbliğat-təşviqat işlərinə seçki prosesində nə qədər pul xərclənibsə, hamısı partiyanın hesabına olunub. Bizim partiya parlamentdə təmsil olunduğu üçün, ona büdcədən pul ayrılır. Həmin vəsait də öz hesabımızdan xərclənir. Bunun miqdarı barədə konkret rəqəm deyə bilmərəm. Çünki dəqiq məbləğ seçkidən sonra hesablanıb tam bəlli olacaq”.
Könül Vaqifqızı: “Biz xalqa nəsə etməyə çalışırıq, onlardan niyə pul istəməliyik?”
Seçkidə iştirak edən Müasir Müsavat Partiyasının ideologiya məsələləri üzrə sədr müavini Könül Vaqifqızı qəzetimizə bildirdi ki, belə kampaniyanın keçirilməsinə zərurət görməyiblər: “Biz xalqa nəsə etməyə çalışırıq, onlardan niyə pul istəməliyik? Bizim partiyadan seçkiyə elə də çox adam qatılmayıb. İştirak edən namizədlərin hamısı öz gücünə bu işi aparır. Hərəyə öz dostu, tanışı yardım edir. Bir də bizə könüllülər də çox kömək göstərirlər. Seçkidə iştiraka o qədər də böyük vəsait lazım deyil ki, belə kampaniya keçirək. Əsas xərc poster və broşurların çapına gedir, onu da birtəhər qarşılayırıq. Bizim partiya belə kampaniya keçirməyib”.
Elman Abbasov: “Çox adam yardım edəcəyi ilə bağlı söz verdi, amma xəbər çıxmadı”
Seçkiyə 80-ə yaxın namizədlə qatılan Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elman Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onlar seçkinin gedişində belə bir kampaniyaya start veriblər: “Biz bütün rekvizitləri, bank hesablarımızı qeyd etdik. Çox adam yardım edəcəyi ilə bağlı söz verdi, amma xəbər çıxmadı. İndi mən maraqlandım, bu günə qədər bir manat da olsun pul köçürülməyib. YAP-a niyə çox pulun yığıldığı aydındır. Çünki hakimiyyət partiyasıdır”.
Məhəmmədəli QƏRİBLİ