Məlum olduğu kimi, ötən həftə Azərbaycan və Ermənistan Xairci İşlər nazirləri arasında danışıqların növbəti raundu oldu. Görüşün detalları açıqlanmasa da, Xarici İşlər Nazirliyi və həmsədrlər bəyanatla çıxış etdilər.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub. Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar: “Bu sırada, ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub”.
Onu da qeyd edək ki, sözügedən görüş çox uzun və intensiv xarakterli oldu. Nəzərə almaq lazımdır ki, danışıqlar 7 saat çəkib və indiyə qədər belə uzun danışıqlar olmayıb. Ən başlıcası, görüşün iki gün keçirilməsi danışıqları konkret müstəviyə çıxarmaq üçün kifayət qədər ciddi səylərin olduğunu göstərir. Bütün bunlardan çıxış edərək Cenevrədəki görüşü substantiv (məzmunu olan) danışıqların başlanması hesab etmək olarmı?
“...erməni tərəfi danışıqlarla bağlı mövqeyini dəfələrlə dəyişib və üçüncü tərəfi prosesə cəlb etməyə çalışır”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Cenevrə görüşünü qismən substantiv danışıqlar prosesi hesab etmək olar: “Düzdür, Xarici İşlər nazirləri arasında danışıqların iki gün davam etməsi o demək deyil ki, Cenevrə danışıqları uğurla tamamlanmalı idi. Sadəcə olaraq iki gün ərzində bir neçə saat danışıqların aparılması prosesin gərgin keçməsinə işarə edir. Çünki uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar nəticə vermir. Təbii ki, belə bir mürəkkəb münaqişə bir-iki gün ərzində həll edilə bilməz. Buna baxmayaraq, görünən odur ki, danışıqlar konkret məsələlər ətrafında aparılıb. Azərbaycan öz mövqeyini bir daha ortaya qoyub. Bununla belə, Azərbaycan tərəfinin mövqeyi gündəmdədir. Çünki biz görürük ki, erməni tərəfi danışıqlarla bağlı mövqeyini dəfələrlə dəyişib və üçüncü tərəfi prosesə cəlb etməyə çalışır. Bununla bağlı rəsmi İrəvan müxtəlif sərsəm bəyanatlar səsləndirir. Ona görə də bu mənada biz qəti və prinsipial mövqeyimizi dəfələrlə bildirmişik. Yəni danışıqlar konkret predmet üzrə və beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır. Görünür, bir sıra məsələlərə yenidən aydınlıq gətirilməsi lazım olacaq. Çünki tərəflər belə qərara gəliblər ki, Cenevrə danışıqlarının davamı Münhendə olmalıdır. Düşünürəm ki, növbəti gərgin danışıqlar Almaniyanın Münhen şəhərində davam etdiriləcək”.
Vidadi ORDAHALLI