Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uoltersin Bakıda planlaşdırılan görüşünün mümkün tarixi açıqlanıb. Baki-xeber.com “RİA Novosti”yə istinadən xəbər verir ki, diplomatik mənbələr, görüşün fevralın 6-7-də keçirilə bləcəyini deyib.
"Gələn həftə, təxminən fevralın 6-7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, amerikalı general Tod Uoltersin danışıqlara başlayacaqları gözlənilir. Gündəlikdəki məsələlər barədə ancaq tərəflər məlumatlıdır. Bakı ənənəvi görüş yeridir", - mənbə “RİA Novosti”yə bildirib.
Xatırladaq ki, Valeri Gerasimovla Tod Uoltersun sonuncu görüşü Bakıda 2019-cu il iyulun 10-da baş tutub. Hərbi rəhbərlər Avropa və qlobal təhlükəsizliyin vəziyyəti, Rusiya-NATO təmas xəttində mümkün münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə məsələlərinə və Əfqanıstan İslam Respublikası və Suriya Ərəb Respublikasında vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Bakıda Rusiya-NATO formatındakı sonuncu görüş 2019-cu il noyabrın 26-da keçirilib. Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Stüart Piiç arasında görüş keçirilib.
Görüş zamanı Avropa təhlükəsizliyi sahəsində vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması üzrə tədbirlər, o cümlədən, hərbi ekspertlərin dialoqunun bərpa olunması məsələsi müzakirə olunub. Onlar, həmçinin, böhran regionlarında vəziyyəti müzakirə edib.