Gələn həftə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uolters arasında görüşün keçirilməsi planlaşdırılır. Baki-xeber.com Bu barədə "Kommersant" NATO strukturlarında olan mənbəyə istinadən məlumat yayıb.
Görüşdə təriflərin cari il üçün Rusiya və NATO ölkələrində hazırlanan hərbi təlimlər, həmçinin Suriya və Əfqanıstandakı vəziyyətə dair məsələlərin müzakirəsi gözlənilir.
Görüşünün konkret keçirilmə tarixi açıqlanmır.
Qeyd edək ki, Valeri Gerasimovla Tod Uoltersun sonuncu görüşü Bakıda 2019-cu il iyulun 10-da baş tutub. Hərbi rəhbərlər Avropa və qlobal təhlükəsizliyin vəziyyəti, Rusiya-NATO təmas xəttində mümkün münaqişələrin qarşısının alınması, terrorizmə qarşı mübarizə məsələlərinə və Əfqanıstan İslam Respublikası və Suriya Ərəb Respublikasında vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı əlaqələrin davam etdirilməsinə birgə maraq ifadə olunub.
Bu, Rusiya və NATO rəsmilərinin Azərbaycan paytaxtında ilk görüşü deyil. Alyansa üzv dövlətin təmsilçisi ilə Rusiyanın ali hərbi rəsmisi arasında ilk görüş 2017-ci ilin fevral ayında olub. Həmin vaxt Gerasimov ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Cozef Danfordla görüşüb. Həmin ilin sentyabrın 7-də isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin sədri Petr Pavellə Bakıda görüş keçirib. 2018-ci il aprelin 19-da Valeri Gerasimov Azərbaycan paytaxtında NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının Baş komandanı Kertis Skaparotti ilə görüşüb. Ötən görüşlərlə bağlı yayılan məlumatlara görə, tərəflər mövcud vəziyyətə dair məsələləri müzakirə ediblər.
Dugər tərəfdən, belə görüşlər üçün Bakının seçilməsi Azərbaycanın regionda həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyindən, o cümlədən, hər iki güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Ali hərbi rəhbərlərin sülh və dialoq məkanı kimi Bakıda mütəmadi görüş keçirmələri Azərbaycanın regional dövlət kimi statusunu artırır. Planlaşdırılan növbəti görüş üçün də Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.
Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Ölkəmiz həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır.
Bi məqamı da xüsusi qeyd etmək lazımdır ki, Bakının görüş yeri kimi seçilməsinin özü birbaşa Azərbaycan rəhbərliyinin, cənab Prezidentin və onun komandasının istər NATO, istərsə də Rusiya ilə seçdiyi əməkdaşlıq kursu onun həm NATO ilə əlaqələrini gücləndirir, perspektivli olmasını əsaslandırır, bu da düşünülmüş addımlar sayəsində regionun böyük dövlətlərini əsla qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir ki, bu da Bakıda keçirilən görüşlərin ənənə halını almasına şərait yaradır. Supergüclərin dünyanın taleyini həll etmək üçün Bakını seçməsi həm də Azərbaycanın regionda aparıcı bir güc olduğunu bir daha təsdiqləyir.
Tahir TAĞIYEV