Ermənistan KİV-nin verdiyi məlumata görə, Rusiyanın həmin ölkədəki səfirliyi bu dövlətin Milli Televiziya və Radio Komissiyasının (CTR) sədri Tiqran Hakobyan tərəfindən xarici ölkə kanallarının yayımının məhdudlaşdırılmasına dair fikirlərinə münasibət bildirib. T.Hakobyan yanvarın 29-da keçirilən mətbuat konfransında bu fikirlərini, əcnəbi kanallar tərəfindən mövcud qaydalar pozularsa, əllərində onlara təsir mexanizminin olmaması ilə əsaslandırıb. O bu mövqeyini Rusiya səfirliyinə çatdırdığını, qarşı tərəfin razılaşdığını qeyd edib. Bununla bağlı Rusiya səfirliyi “Facebook”dakı səhifəsində səfirin sözügedən məsələ ilə bağlı razılıq bildirməsi barədə CTR sədrinin şərhini təəccüblə qarşıladıqlarını açıqlayıb.
Qeyd edək ki, Ermənistanın rəqəmli yayın zərfinə 27 kanal, o cümlədən Rusiyanın 4 kanalı və ABŞ-ın bir (CNN) kanalı daxildir. Rusiya səfirliyinin bu məsələyə etirazına Ermənistandan kəskin reaksiya verilir. Hətta bunu Rusiyanın mədəni şəkildə Ermənistanı işğal etmək niyyəti kimi də qəbul edirlər. Bu faktın özü Rusiya ilə Ermənistan arasındakı münasibətlərin daha da gərginləşdiyinə bir sübut sayıla bilərmi?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verənləri Rusiya ilə həmin ölkə arasındakı münasibətlərin gərginləşməsi kimi anlamaq olar: “Əvvəlcə nəyin baş verdiyinə diqqət edək. Ermənistan Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Hakobyan bəyanatla çıxış edərək milli tezliklərdə yayılan xarici telekanalların yayımının dayandıracağını bildirib. Əlbəttə, bu bəyanatı Rusiya bir qədər də siyasi qərar kimi qəbul edib. Buna görə də Rusiyanın həmin ölkədəki səfirliyi məsələyə dərhal reaksiya verib. Hakobyan fikrini onunla əsalandırıb ki, milli tezliklərdə yalnız dostlar deyil, onlarla münasibətləri yaxşı olmayan ölkələr də yayımlar edir. Ortaya maraqlı nüans çıxır: Ermənistan teleradio sahəsinə tətbiq etdiyi qadağanı bununla əsaslandırırsa, onda Rusiyanın adını o siyahıdan çıxara bilərdi. Amma görünən budur ki, Rusiya bu qadağanın episentrinə düşür və bu təsadüfi deyil. Rusiya üçün onun kanallarının məhz milli tezliklərdə yayılması böyük önəm kəsb edir. Bu səbəbdən də qadağaya siyasi bəyanatla cavab verir. Görünən budur ki, Ermənistan qərarında israrlıdır. Belə olacağı tədqirdə, bu, iki ölkə arsındakı gərginliyi daha da artırmış olacaq. Rusiya səfirinə edilən hücumların kökündə məhz bu amilin dayandığına qəti şübhə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ