“Deməli, demokratik seçkilərin keçirilməsi üçün normal mühit var”
Parlament seçkisini müşahidə etmək üçün 64048 müşahidəçi qeydiyyatdan keçib. Bu, bir məntəqəyə 12 nəfərin düşməsi deməkdir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. O qeyd edib ki, 4264 nəfər MSK-da qeydə alınıb: “Müşahidəçilər arasında 45 siyasi partiyanın nümayəndəsi var. Onlardan 390-ı YAP-ın, 418-i Müsavat Partiyasının və digər partiyaların müşahidəçiləridir. 1250 nəfər 4 QHT-ni təmsil edir. 2070 nəfər öz təşəbbüsü ilə müşahidəçilik aparmaq niyyətindədir. 59784 müşahidəçi DSK-larda qeydə alınıb. Namizəd olan müşahidəçilərin sayı 4576 nəfərdir. 20382 nəfər öz təşəbbüsü ilə müşahidəçilik aparmaq istəyindədir”. M.Pənahovun açıqlamasından o da məlum olub ki, beynəlxalq müşahidəçilərin sayı artaraq 842 nəfərə çatıb. Beynəlxalq müşahidəçilər 56 təşkilatı, 55 ölkəni təmsil edirlər. Görünən odur ki, qarşıdakı parlament seçkilərinə maraq böyükdür. Belə olmasaydı, həm yerli, həm də beynəlxalq müşahidəçilərin sayı bu qədər çox olmazdı. Müşahidəçilər arasında çoxsaylı partiya üzvləri var. Ümumilikdə bütün bunlar necə göstəricidir? Nəzərə alsaq ki, hər məntəqəyə 12 müşahidəçi düşəcək, o zaman gözdən nəsə yayındırmaq mümkün olacaqmı?
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu onu göstərir ki, 9 fevral seçkilərinin gedişi müşahidəçilərin ciddi nəzarəti altında olacaq: “O baxımdan bu yaxşı göstəricidir. Bütün namizədlər həqiqidirsə, o zaman gərək onların hər məntəqədə ən azı 1 müşahidəçisi olsun. Bu dəfə namizədlər çox olduğuna görə müşahidəçilərin sayı da çoxdur. Ancaq onların nə dərəcədə öz işlərinin öhdəsindən gələcəyini zaman göstərəcək. Digər tərəfdən, bu il xarici müşahidəçilərin də sayı çoxdur. Ən azı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 26 müşahidəçisi bu saat regionlardadır. 350 müşahidəçisi isə 9 fevral günü seçkiləri izləyəcək. Bundan başqa, Avropa Şurasından, MDB dövlətlərindən müşahidəçilər gələcək. Bütün bunlar onu deməyə əsas verir ki, 9 fevral seçkiləri müşahidəçilərin ciddi nəzarəti altında olacaq. Deməli, demokratik seçkilərin keçirilməsi üçün normal mühit var. İnşallah, bunu layiqincə həyata keçirəcəyik. O baxımdan çoxsaylı müşahidəçi ordusunun olması müsbət göstəricidir. Çünki bütün bunlar seçkidə ümumi işin xeyrinədir”.
Vidadi ORDAHALLI