Azərbaycan beynəlxalq arenada Dağlıq Qarabağ konfliktinin nizama salınması ilə bağlı irəliləyiş əldə edən kimi dünyadakı erməni lobbisi və onun təsiri altında olan mərkəzlər hərəkətə keçir. Artıq Ermənistan KİV-ləri Avropa Parlamentində Azərbaycanın xeyrinə lobbiçilik etmiş deputatlarla bağlı yayılan məlumatları həvəslə tirajlamağa başlayıblar. Bunun nədən qaynaqlana bilməsinə bir qədər yaxın keçmişə ekskurs etməklə qiymət verək.
Bu ilin yanvar ayının ortalarında Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin səsverməsi başa çatdı və yekun olaraq belə bir qərar qəbul edildi: “Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”. Səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verdi. Məlum qətnamə yeni redaksiyada qəbul edilib və ötən ilin dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib. Həmin maddədə, həmçinin, “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyin gücləndirilməsi” vurğulanır. Bu qətnamənin qəbul olunması Cənubi Qafqaz üçün onu ifadə edir ki, Ermənistan Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələri təşviq edə bilməyəcək. Azərbaycan, öz növbəsində, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərin problemlərinin həllində yeni mexanizm əldə edir. Bunun ardınca ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən Cenevrə görüşündə Ermənistanın çətin durumda olduğu nəzərə çarpdı. Bir tərəfdən Paşinyan danışıqlar predmetini lağa qoydu, digər tərəfdən isə xarici işlər naziri masaya oturdu. Bütün bu məğlubiyyətləri kompensaiya etmək üçün Avropadakı erməni mərkəzləri və onların təsiri altında olan qurumlar hərəkətə keçib. Ermənistan mətbuatının tirajladığı məlumatda bildirilir ki, Bundestaqın deputatı Karin Strents toxunulmazlıq hüququndan məhrum edilib, onun evində və ofislərində axtarışlar aparılıb:“Almaniya parlamentinin deputatı Karin Strents və keçmiş deputat Eduard Lintner rüşvət müqabilində Azərbaycan hakimiyyətini müdafiə etməkdə şübhəli bilinir. Onlar barəsində istintaq başlanıb. Strents deputat toxunulmazlığından məhrum edilib”. Hər iki şəxsin güya pul qarşılığında Azərbaycan xeyrinə lobbiçilik etdiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl də bir sıra Avropa ölkələrinin parlamentarilərinə qarşı analoji məzmunda ittihamlar irəli sürülüb və sonda təsdiqini tapmayıb. Bəlli olub ki, bütün bu qarayaxma kampaniyasının arxasında erməni lobbisi və ondan bəhrələnənlər durub. Məqsəd Azərbaycanı bütün beynəlxalq tribunalarda dəstəkdən mərhum etməkdir. Qeyd edək ki, münaqişə şəraitində olan ölkələrin hər birinin özünə lobbiçilik edən deputatlarla yaxından əməkdaşlıq etməsi normaldır. Ermənistanın özü belə münasibətləri “konyak diplomatiyası” ilə həyata keçirdiyi üçün bizi də şərləməyə çalışır.
Məhəmmədəli QƏRİBLİ