65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir. Növbəti görüş Kürdəmir rayonunun Köhünlü kəndində baş tutub.
Görüşdə deputatlığa namizəd akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, aparılan sosial-iqtisadi islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. Əhliman Əmiraslanov, həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır.
Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli ilə bağlı fikirlərini bildiriblər. Əhliman Əmiraslanov qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.
Görüşdə iştirak edən Köhünlü kəndi ilə yanaşı, Şüşün və Qaramahmudlu kəndlərindən olan seçicilər də çıxış edərək, Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.