Son dövrlərdə Ermənistanda ən aktual müzakirə mövzularından biri də yeni hakimiyyət dəyişikliyinin ola biləcəyi, iqtidara kimin gələcəyi ilə bağlıdır. Bu xüsusda indi olduqca fərqli və maraqlı fikirlər səslənir. Adıçəkilən ölkənin “Past” qəzeti yazır ki, Avrasiya İttifaqı Komissiyasının sədri, Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan tezliklə ölkəyə geri qayıtmağa hazırlaşır.
Məlumata görə, o geri döndükdən sonra siyasi proseslərdə aktiv iştirak edəcək:“2020-ci ilin fevralında Sarkisyanın Avrasiya İttifaqına sədrliyi bitəcək və Avrasiya İttifaqında onun heç bir işi qalmayacaq. Sabiq baş nazir siyasətə qayıdacaq. Hakimiyyət belə proqnozlaşdırır ki, Ermənistana qayıdan Tiqran Sarkisyan aktiv şəkildə siyasi proseslərə cəlb olunacaq”. Bununla yanaşı, Sarkisyanın geri qayıtmasından sonra hakimiyyətin ona qarşı hücuma keçəcəyi, onun baş nazirliyi dönəmi ilə bağlı cinayət işinin açılmasının gündəmə gətiriləcəyi vurğulanıb. “Qarabağ klanı”nın da Tiqran Sarkisyanın yanında yer alması gözlənilən sayılır. “Past” qəzeti yazır ki, bunlar artan sosial problemlər fonunda baş nazir Nikol Paşinyan üçün ciddi problemə çevrilə bilər: “Paşinyan müxalif bir millət vəkili olduğu dövrdə onun çıxışının hər biri reytinqini yüksəldirdi. Baxmayaraq ki, bu çıxışların əksəriyyəti sadəcə pafoslu tənqid idi və yumşaq desək, həmişə əsaslandırılmamış olurdu. Amma 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistan tam əks bir reallıq mənzərəsi ilə qarşılaşıb. Paşinyanın hər bir canlı yayımı, hər bir “Facebook” yazısı, hər mətbuat konfransı və hər çıxışı ardıcıl olaraq reytinqini və xalq arasında etimadını aşağı salır. Ekspertlər qeyd edir ki, bunun üçün bir neçə əsas səbəb var, bunlardan biri həyəcan anı dalğasında əsassız ifadələrin çox olmasıdır. Xüsusilə tam bir il əvvəl Paşinyan Ermənistanda xarici agent olan siyasətçilərin olduğunu açıqlayıb. Bu çox təhlükəli və məsuliyyətli bir bəyanat idi. Ancaq bir il ərzində ən azı bir iş belə hüquq-mühafizə orqanları tərəfindən açıqlanmayıb. Zaman-zaman “cinayətkarlar”, “talançılar” və oxşar ümumi xüsusiyyətləri eşitmək artıq adi hal olub. Lakin Qafandakı mətbuat konfransında “dövlətə xəyanət” termini də istifadə edildi. Bu artıq ciddi ittihamdır, çünki Cinayət Məcəlləsində bu termin dəqiq müəyyən edilib. Əslində, bu cür ifadələr halında hər kəs, xüsusən də dövlət başçısı çox diqqətli olmalıdır, çünki hətta mücərrəddə, subyektiv fikirlər belə onları sübut etməyin əhəmiyyətini azaltmır. Lakin bu qədər əsaslı ittihamlar irəli sürüldüyü təqdirdə səbəb və nəticələrin olmaması sonda hər hansı bir sözə inamın və etimadın itirilməsinə, ardınca isə itkiyə səbəb olacaq. Belə vəziyyətdə Paşinyan hakimiyyəti itirə biləcəyinin, rəqiblərinin isə daha mütəşəkkil formada hərəkət edəcəyinin hələ də fərqində deyil”.
Bundan əlavə qeyd olunur ki, hadisələr indiki templə davam etsə, Paşinyan cari ildə devrilə bilər. Maraqlıdır ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan da eyni proqnozla çıxış edir: “Hər kəsə aydındır ki, cəmiyyətdə eyforiya başa çatıb, amma bu güclü eyforiyanın altında formalaşan hakimiyyət hələ də qalıb. Parlament, gözlənildiyi kimi, öz funksiyalarını icra etmək gücündə deyil. Siyasi proseslər parlamentdən kənarda gedir. 2020-ci ildə parlamentin formatı yekun olaraq ictimai ovqatı əks etdirməyi dayandıracaq ki, bu da legitimliyin itirilməsi demək olacaq. Bu, növbəbənkənar parlament seçkisinin keçirilməsilə bağlı siyasi tələbin formalaşmasına gətirib çıxaracaq. Bütün bunlar ölkədə sosial-iqtisadi situasiyanın pisləşməsi fonunda gerçəkləşəcək. Növbədənkənar seçkinin keçirilməsi siyasi proseslərin intensivliyindən, hakim fraksiyanın stabilliyindən, hakimiyyətin səhvlərindən asılı olacaq”. Erməni mediası daha bir məqama da diqqət çəkərək yazır ki, güc strukturları da Paşinyana qarşı çıxır və belə vəziyyət baş nazir üçün ciddi təhdid yaradır. Erməni politoloq Qaqik Hambaryan isə bildirir ki, Paşinyanın güc strukturlarını ləkələməsi onların səbrini daşırıb. Onun sözlərinə görə, yanvarın 28-də İrəvanda baş vermiş müxalif baxışları olan xadimlərin həbs olunması və onların dərhal azad edilməsi Paşinyanın oyunbazlığı olsa da, güc qurumlarını pis vəziyyətə qoyub: “Paşinyan tərəfindən bütün bunlar qəsdən və məqsədli şəkildə edilir. O, güc strukturlarının - Milli Təhlükəsizlik Xidməti və Ermənistan Polisinin ləkələnməsi siyasətini cəmiyyətin gözlərində önə çəkir. Əvvəlcə o, bu strukturların xarizmatik rəhbərlərindən - böyük rəğbət bəslənilən Artur Vanetsyan və Valeri Osipyandan qurtuldu. Sonra Osipyanın ləkələnməsi prosesinə başladı. “Sasna Tsrer”in məhkəmə iclası zamanı müttəhimlərdən biri Ermənistanın polis rəisini uşaq adlandıranda və bunun üçün cəzalandırılmayanda Osipyanı “pisləməyə” başladılar”. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun sabiq müavini Qurqen Yegiazaryan burada Paşinyana bağlı Sorosçu qüvvələrin də az rol oynamadığını qeyd edir: “Faktdır ki, Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyət İstanbul konvensiyasi ilə də birbaşa bağlılığa malikdir. Bunların sorosçuların timsalında ən güclü köməkçiləri var. Sorosçular Avropada bunların lehinə işləyir və vəziyyətimizi çətinləşdirirlər. Hələ sorosçuların Ermənistanı işğal etdiyini demirəm”. O qeyd edib ki, sorosçular hakimiyyətdə ən ciddi faizi təşkil edir, onlar hər yerdədirlər: “Məsələn, Vanetsyanın üzərinə hücuma baxın, o, Sorosa qarşıdır. Bu səbəbdən Paşinyanın düşməni oldu. Amma Nikol, bil ki, hər şey bumeranqdır. 2008-ci ildə bizi götürəndə, evlərimizi axtaranda, həbsxanadan çıxdıqdan sonra dedim: “Serj, yanıldın, bu bumeranqdır, sabah ədalətsiz olsa belə sənin arxandan gələcəklər”. İndi bunu deyirəm: Robert Köçəryan və digərləri insandır, onları həbsxana ilə qorxutmayacaqsınız, lakin presedent yaranır, sabah bumeranq sənin arxandan gələcək, Nikol. Nə əkərsən, onu da biçərsən”. Ekspert bildirir ki, güc qurumlarının Paşinyanın rəqibləri ilə birləşməsi mövcud hakimiyyətin sonunu gətirəcək.
Nahid SALAYEV