Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndələri ilə görüşü zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsində həll yolu tapmaq üçün səylərini davam etdirirlər.
O vurğulayıb ki, bu il də Qarabağ məsələsinə böyük diqqət ayıracaqlar: “Rusiya bu məsələyə öz təsirini göstərsə, biz onu həll edəcəyik”.
Göründüyü kimi, Türkiyənin Xarici İşlər naziri açıq etiraf edir ki, münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Əslində, burada heç bir yenilik kəşf edilməyib. Çünki Rusiyanın regiona təsir gücünün böyük olduğunu hamı bilir. Bəs Türkiyə bu məsələdə qardaş ölkəyə yardım üçün yalnız Rusiyanın mövqeyini gözləməlidir, yoxsa müstəqil addımlar da ata bilər?
Qabil Hüseynli: “Rusiyanın geri çəkilməsinə gözləməklə deyil, təzyiqlə nail olmaq mümkündür”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə bir qardaş ölkə olaraq bu məsələdə Rusiya faktorunu əsas gətirib yaxasını kənara çəkməməlidir: “Biz də bilirik ki, hər şey Rusiyadan asılıdır. Rusiya ilə dil tapıla bilsə, elə özümüz də münaqişəni həll edə bilərik. Türkiyə özündən kənardakı maraqlarını da ardıcıl şəkildə, yeri gələndə böyük prinsipallıqla qoruyur. Məsələn, Liviyaya və Suriyaya qoşun göndərə bilirsə, deməli, Dağlıq Qarabağla da bağlı mövqeyini sərtləşdirə bilər. Bura Türkiyəni digər türkdilli ölkələrlə birləşdirən yoludur. Bura fikri daha çox verməlidir. Gözü ilə görür ki, Dağlıq Qarabağla bağlı ciddi ədalətsizliklərə yol verilir. Rusiyaya çox bel bağlamamalıdır. Rusiya onu Suriyada aldatdı. Liviyada üz-üzə gəlirlər. Türkiyə regional gücdür, NATO üzvüdür. Yaxşı olar ki, potensialını tam olaraq Dağlıq Qarabağ konfliktinin həllinə yönəltsin. Rusiya heç vaxt Türkiyənin xeyri üçün buradakı maraqlarını güzəştə gedən deyil. Biz Rusiyaya qarşı açıq dirəniş göstərə bilmərik. Ancaq Türkiyə kənardan bu məsələlərdə dəyişiklik edə bilər. Hesab edirəm ki, Türkiyə Fələstin probleminə ayırdığı diqqəti, sərf etdiyi enerjini bura ayırsa, Rusiyanın mövqeyinin neytrallaşmasında irəliləyiş əldə oluna bilər. Rusiyanın geri çəkilməsinə gözləməklə deyil, təzyiqlə nail olmaq mümkündür. Mən əminəm ki, Türkiyə belə potensiala sahib ölkədir”.
Məhəmmədəli QƏRİBLİ