Erməni mediası yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və mətbuatda yer almış sitatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin ciddi narahatlığına səbəb olub.
Məlumata görə, vasitəçilər Paşinyanın bu addımını Minsk Qrupunun strategiyasına açıq-aşkar zidd olmaqla, növbəti özfəaliyyətinin təzahürü kimi qiymətləndiriblər. Bu səbəbdən yanvarın 29-da Cenevrədə həmsədrlər Mnatsakanyanla Paşinyanın Qarabağa dair səsləndirdiyi fikirlərlə bağlı kifayət qədər sərt söhbət ediblər. Bununla bağlı öz iradlarını bildiriblər.
Məlumat üçün qeyd edək ki, Paşinyan həmin mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənəddə Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasının nəzərdə tutulduğunu deyib. Ancaq onun sözlərinə görə, Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Paşinyan çıxışında Qarabağ ətrafındakı 5 rayondan erməni birləşmələrinin çıxmasından sonra bölgəyə beynəlxalq sülhməramlıların yerləşdirilməsini və bundan sonra azərbaycanlıların öz yurdlarına qayıtmalı olduğunu xatırladıb: “Amma sülhməramlılar Laçın və Kəlbəcər rayonlarında yerləşməli deyildi. Kəlbəcər ATƏT-in müvəqqəti monitorinqi altında qalmalı idi. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi. Yayılan məlumatlarda bu sənədlərdən söhbət gedir”.
Belə görünür ki, Paşinyanın danışıqların ümumi detalları ilə bağlı səsləndirdiyi məqamlar həmsədrləri narazı salıb. Bu səbəbdən, bir növ, Mnatsakanyan vasitəsilə Paşinyan həmsədrlər tərəfindən tənbeh edilib.
“Çünki belə açıqlamalar müharibə risqini artırır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bununla bağlı iradların Mnatsakanyanın diqqətinə çatdırılması gözlənilən idi: “Çünki Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasına zərbə vuran açıqlamaları Minsk Qrupunun fəaliyyətinə kölgə salmaqdır. Dəfələrlə Ermənistan Baş naziri danışıqların məzmununa zidd olan açıqlamalar verib. Ona görə də həmsədrlərin vasitəçiliyi ilə Ceneverdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə bu məsələ irad formasında Mnatsakanyanın diqqətinə çatdırılıb. Çünki belə açıqlamalar müharibə risqini artırır. Həmsədrlər də müharibənin alovlanmasında maraqlı deyillər. O üzdən, iki gün davam edən danışıqlar, digər danışıqlardan fərqli olaraq, Ermənistan üçün daha gərgin olub. Çünki rəsmi İrəvanın tutduğu kurs, bütövlükdə, danışıqlar üçün bütün mümkün vasitələrin üzərindən xətt çəkir. Ona görə də həmsədrlər çalışırlar ki, öz işlərinə xələl gətirən Paşinyanın qeyri-ciddi açıqlamalarının qarşısını alsınlar. O üzdən, Cenevrədə bu istiqamətdə çox gərgin danışıqlar olub. Rəsmi Bakı kifayət qədər aydın və ardıcıl siyasət ortaya qoyur. Dalan vəziyyətə düşən Ermənistan hakimiyyətidir. Minsk Qrupunun fəaliyyəti İrəvanın destruktiv fəaliyyətinə görə, demək olar ki, deqradasiyaya məruz qalıb. Həmsədrlər çalışırlar ki, bundan sonra Paşinyan açıqlamalarında diqqətli olsun. Cenevrə danışıqları nəticəsinin bir müddət sonra Ermənistanın davranışlarında nə kimi rol alması aydın olacaq”.
Vidadi ORDAHALLIКонец формы