“Qarabağ klanı” ilə Nikol Paşinyan iqtidarı arasında qarşıdurma yenidən kəskinləşməkdədir. Belə görünür ki, “Qarabağ klanı” hakimiyyətin inzibati resurslar vasitəsilə onu sıradan çıxarmasına qarşı daha aktiv müqavimət göstərməyi planlaşdırır. Bunun ilkin anonsları artıq Ermənistanın eks-prezidenti Robert Köçəryan tərəfindən verilib.
R.Köçəryan həbs olunandan ara-sıra Paşinyana yönəlik açıqlamalar verir. Hətta özü barəsində bəzi məsələləri şişirdir. O, son müsahibəsində iddia edib ki, guya vaxtilə Azərbaycan həbsxanasından belə qaçmağı bacarıb: “Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Qarabağ hərəkatı başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”. Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Köçəryan “ölkənin azad olunmasında” vacib rol oynayacağını deyib.
Qarabağda erməni separatizmi baş qaldırdıqdan sonra o zaman separatçıların bəziləri həbs edildi. Ancaq Moskvanın təzyiqi ilə onlar yenidən azad edildi. Məsələn, o zaman separatçıların başında duran şəxslərdən biri də Samvel Babayan idi. O, 1991-ci ildə Xanlar (indiki Göygöl) rayonunun ərazisində sovet hərbçiləri tərəfindən həbs edildi. S.Babayan 6 ay Bakıda həbsdə qaldıqdan sonra Moskvanın təzyiqi ilə həbsdən buraxıldı. O vaxt R. Köçəryan həbs olunsaydı, bu mütləq arxiv sənədlərində əksini tapardı. R.Köçəryan həbs edilməyibsə, o zaman həbsxanadan necə qaçıb? Ona görə də R.Köçəryan özü barəsində bəzi məsələləri uydurur.
“Sadəcə, o özü barəsində qəhrəman obrazı yaratmaqdan ötrü belə şey uydurur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, R.Köçəryanın Azərbaycan həbsxanasından qaçması barədə səsləndirdiyi fikirlər yalandır: “O zamankı proseslər yaxın tarixdə baş verib. Düzdür, R.Köçəryan və Serj Sarkisyan hərbi cinayətkardırlar. Onlar Azərbaycana qarşı hərbi cinayətlərdə bilavasitə iştirak ediblər. Ancaq onlar buna görə cəza almayıblar. Qarabağda separatizmin alovlandığı dövrlərdə bəzi fəal ermənilər həbs olunub, amma Köçəryanın həbs olunması faktı yoxdur. Sadəcə, Köçəryan özü barəsində qəhrəman obrazı yaratmaqdan ötrü belə şey uydurur. Guya Azərbaycan həbsxanasından qaçıb. Separatçılardan bəziləri həbs edildi, ancaq Moskva müdaxilə etdiyi üçün onları çox saxlamaq mümkün olmayıb. Hətta Şuşa türməsindən bəzilərini sovet rəhbərliyi vertolyotla çıxarırdı. Köçəryanın türmədən qaçması mümkün deyildi. Köçəryan bununla özü barəsində uydurma qəhrəmanlıq imici yaradır. O vaxt S.Babayan həbs edildi, amma Moskvanın təzyiqi ilə əlaqədar bir neçə aydan sonra həbsxanadan azad edildi. Dinc azərbaycanlıların qırılmasında göstərdiyi “xidmətlərə” görə Ermənistan rəhbərliyi onu əvvəlcə sıravilikdən polkovnikliyə qaldırıb, daha sonra general rütbəsi verib. Deməyim odur ki, R.Köçəryanın həbsxanadan qaçması ilə bağlı səsləndirdiyi fikirlər yalandır”.
Vidadi ORDAHALLI