Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünün detalları barədə geniş məlumat olmasa da, burada gərgin müzakirələrin aparıldığı məlumdur. Xatırladaq ki, 28-30 yanvar tarixlərində Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüşü baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Idarəsindən verilən məlumata görə, Cenevrə görüşü son illər ərzində tərəflər arasında keçirilmiş ən intensiv müzakirələrin aparıldığı görüş olub: "Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada ilk olaraq, 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi, münaqişənin tənzimlənməsinin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli və nəhayət, münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Bu xüsusda, nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar". Bu açıqlamadan aydın olur ki, tərəflər danışıqlar vasitəsilə irəliyə doğru müəyyən addımların atılmasında maraqlıdır.
Baş verənlərlə bağlı erməni tərəfinin reaksiyası onların əslində prosesdən ciddi surətdə narahat olduğunu güstərir. Erməni ekspertləri bildirir ki, gərgin keçən danışıqlarda Azərbaycan şərtlərini diqtə edir. Özü də müxtəlif rakurslardan. Məsələn, “Politekonomiya” araşdırma İnstitutunun direktoru Andranik Tevanyan bildirir ki, Azərbaycanın gedişləri nəticəsində Nikol Paşinyan Qarabağ rejimini danışıqlar masasına gətirə bilmədi, əksinə, Qarabağın Azərbaycanlı İcmasının subyektivliyini təmin edə bildi:
“Nikol Paşinyanın “Qarabağ danışıqlar masası ətrafında oturmalıdır” proqramı çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Qarabağın azərbaycanlı icmasının rəhbəri ilə görüş keçirib. Xatırladaq ki, ABŞ üç həmsədr ölkədən biridir. Maraqlıdır ki, Qarabağın Azərbaycanlı İcması ilə görüş ABŞ səfirinin təşəbbüsü ilə baş tutub və Mnatsakanyan-Məmmədyarov görüşü öncəsi təşkil edilib. Yeri gəlmişkən, Ermənistan tərəfinin inadla “görüş” adlandırdığı Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında saatlarla davam edən danışıqlar Paşinyanın münaqişə ilə əlaqəli masada heç bir sənəd olmadığı barədə açıqlamaları fonunda baş tutur. Belə çıxır ki, Mnatsakanyan vasitəçilərin iştirakı ilə 7 saat heç bir şey haqqında danışıb. Azərbaycan diplomatiyası, Paşinyanın eklektik və populist addımlarından istifadə edərək, Qarabağ rejimini və Qarabağın azərbaycanlı icmasını eyni platformaya qoyur. Rusiya səfiri Qarabağın Azərbaycanlı İcmasının nümayəndələri ilə görüşsəydi, o halda “dənizdən-dənizə Ermənistan” tələb edənlərdən, qərbyönümlülərdən, “mülki şəxslərdən”, “ekoloqlardan” və Ermənistandakı Rusiya hərbi bazalarına qarşı çıxış edən digər subyektlər adı altında gizlənən Ermənistandakı 5-ci türk kolonu kosmik səs-küy qaldırar və bağıraraq səs-küy qaldırardılar ki, ay aman, qoymayın, Rusiya Ermənistana zərbə vurur və xəyanət edir”.
Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan da Azərbaycanın danışıqlarda daha üstün mövqeyə çıxdığını bildirir: “Paşinyan bildirir ki, Əliyevlə danışmaq mümkündür. Həmin Paşinyan sonra deyir ki, “Qarabağ Ermənistandır”. Eyni adam fərqli vəziyyətlərlə fərqli şeylər deyir. “Madrid prinsipləri” hələ danışıqlar masasındadır, ATƏT-in Minsk Qrupu həmsədrlərinin başqa təklifi yoxdur, hər halda yaxın illərdə də olmayacaq. “Madrid prinsipləri” həmsədrlərin onunla danışıqlar aparmağı təklif etdiyi “dil”dir, tərəflərdən heç biri bu prosesdən çıxış etməyib və danışıqlar bu “dil”lə aparılır. Belə vəziyyət də Azərbaycanın mövqeyini gücləndirir”. Qarabağda yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin keçmiş komandiri Samvel Babayan da Azərbaycanın üstünlüyünü etiraf edənlər sırasındadır: “Bu gün Ermənistandan Serjin dövründə olanlar tələb edilir. Yəni 7 rayonun - Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının qaytarılması və qaçqınların geri qaytarılması... Paşinyan Sarkisyanın irsi nöqteyi-nəzərincə danışıqlar prosesini davam etdirirsə, o, kapitulyasiya imzalayacaq. Digər tərəfdən o, danışıqlar prosesindən imtina etsə, bu, Azərbaycan hakimiyyətilə keçmiş razılaşmadan imtina etmək anlamına gələcək və müharibəyə gətirib çıxaracaq. Hər iki ssenari ermənilər üçün qəbuledilməzdir”. Lakin Ermənistanın başqa çıxış yolu da yoxdur. Hesab edilir ki, Azərbaycan ya sülh, ya da danışıqlar yolu ilə istədiyi nəticəyə nail olacaq. Ermənistanda narahatlıq doğuran həm də odur ki, artıq hər iki istiqamətdə Azərbaycan əvvəlkilərlə müqayisədə daha güclü mövqe sahibidir.
Tahir TAĞIYEV