Fransa Prezidenti iştirak etdiyi tədbirdə olduqca təzadlı bir mövqe ortaya qoyub. Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Mərkəzində (CCAF) təşkil olunan mərasimdə deyib ki, Fransada Dağlıq Qarabağla bağlı proqramlar həyata keçirilə bilər və bunun da yolları var.
Makron çıxışında bildirib ki, Fransanın inzibati vahidləri tanınmamış ərazilərlə, eləcə də Qarabağdakı rejimlə qanuni münasibət qura bilməz: "Mən sizi aldadıb deyə bilərəm ki, istədiyiniz qurumla sənəd imzalaya bilərsiniz. Ancaq mən sözlərimə görə cavabdehəm. Buna görə də sizinlə vicdanlı olmalıyam. Fransada bir neçə paralel diplomatiya ola bilməz. Bu, qanuni olaraq mümkün deyil. Diplomatiya yalnız vahid şəkildə ola bilər. Və bu mövzuda dürüst olmaq, sizin qarşınızda ikiüzlü olmaqdan daha yaxşıdır. Buna görə şəhər rəhbərliyi öz qərarlarını verir, məhkəmələr də öz qərarlarını çıxarır".
Fransa Prezidentinin sözlərinə görə, qeyd olunan məsələ nəinki Qarabağda, dünyanın başqa yerlərində də tanınmayan ərazilərə aiddir.
Xatırladaq ki, bir müddət əvvəl Fransa məhkəmələri bu ölkənin bəzi kommuna və şəhərləri ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimlə imzalanmış bir neçə "dostluq xartiyası"nı ləğv edib. Makron öz çıxışında açıq şəkildə Fransanın inzibati vahidlərini Qarabağ separatçıları ilə əlaqə qurmamağa çağırıb.
Ancaq Ermənistan KİV-i Makronun birmənalı şəkildə Ermənistanı müdafiə etdiyinə dair fikirlərinə də yer veriblər. Makron bildirib ki, Fransa Ermənistanın yanında olmağa, sadəcə, borcludur: “Biz çoxminillik bir millətin çox gənc bir dövlətinin gücü sayəsində yaradılan demokratiya və inqilabın sayəsində qazanılan uğurları nəzərə alaraq bunu etməliyik".
Daha sonra Fransa Prezidenti həm Ermənistan Baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud müntəzəm əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb: “Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”.
Göründüyü kimi, Fransa Prezidenti Ermənistana dəstəyin Fransanın şərəfli borcu olduğunu deyir. Bununla da Fransanın münaqişənin həllində olan vasitəçilik missiyasında tutmalı olduğu neytrallığa kölgə salmış olur.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov da qəzetimizə bildirdi ki, Makronun bu tip çıxışı ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkəyə yaraşmır: “Biz başa düşürük ki, Fransada güclü erməni lobbisi var və Makron çıxışını həmin auditoriyanın qarşısında edib. Bu heç də o anlama gəlmir ki, Makron ölkəsinin neytrallığına kölgə salan mövqe ortaya qoymalıdır. Ermənistanla Azərbaycan arasında neytral qalmaq Fransa və digər həmsədr ölkələrin borcudur. Çünki onlar üzərlərinə missiya götürüblər. Tərəflərdən hansınasa açıq dəstək ifadə etmək onlar üçün yolverilməzdir. Belədirsə, onda tutduqları missiyadan istefa versinlər. Ancaq bir faktı da qeyd edim ki, həmin tədbirdə Makron qanunsuz subyektlərlə bağlı obyektiv mövqe ortaya qoyub. Bildirib ki, Fransa əyalətləri işğal altındakı ərazilərdəki subyektlərlə ikitərəfli əlaqə qura bilməzlər. Bu həm də qanunun tələbidir və Makron ona istinad edib. Belə obyektiv mövqenin ardınca, Ermənistana hədsiz sevgi elan etmək Makronun öz obyektivliyinə şübhə salmış olur”.
Məhəmmədəli QƏRİBLİ