Erməni mətbuatının yazdığına görə, Qarabağdakı separatçı rejimin tikdiyi kiçik su elektrik stansiyaları ekoloji fəlakətə yol açıb. Belə ki, tikinti zamanı standartlara əməl olunmaması çayların dayazlaşmasına, bəzilərinin isə qurumasına səbəb olub.
Su elektrik stansiyaları standartlara əməl edilmədən tikilib və bəzi çaylarda suyun istifadəsi 100 faizə çatır. Bu gedişlə Tərtər çayının da dayazlaşacağı gözlənir. Bununla yanaşı, separatçı rejim daha iki çay üzərində SES tikintisinə başlayıb. Belə ki, 28-ci ildir işğal altında qalan Laçın rayonundakı Hoçaz və Həkəri çayları üzərindəki yeni kiçik SES-lərin tikintisi sürətlə davam edir.
Hətta işğal altında olan Kəlbəcər rayonunda su elektrik stansiyalarının inşasına qarşı bir il əvvəl etirazlar baş verib. Orada məskunlaşdırılan ermənilər yolu bağlamaqla su elektrik stansiyasının inşasına mane olmağa çalışıblar.
Qarabağda yeni SES-lərin tikintisinə etiraz olaraq aclıq aksiyası keçirən erməni politoloq Aleksandr Kananyan bildirib ki, o, “Kaşataq” rayonuna (Laçın, Qubadlı, Zəngilan əraziləri) gedib və tamam qurumuş çayları görüb: “Kiçik SES-lərin tikintisindən sonra yaranmış vəziyyətdən dəhşətə gəldim. Şimalda əsas çaylardan ikisi – “Axavno” (Zabux) və “Kaxoçants” (Hoçaz) çayları tamamilə qurudulub. Bu il eyni tale “Şalva” (Şəlvə) çayını da gözləyir. Bundan əlavə, “Akari” (Həkəri) çayının yuxarı axarında yeni SES-in inşasına başlanıb. İnsanlar yaxşı bilməlidirlər ki, “Karvaçar” (Kəlbəcər) və “Kaşataq” (Laçın, Qubadlı, Zəngilan rayonları) bölgələri necə gəldi, heç bir məsuliyyət olmadan istismar edilə bilməz”.
Göründüyü kimi, Dağlıq Qarabağdakı separatçı rejimin su ehtiyatlarından vəhşicəsinə istifadə etməsi bölgədə ekoloji fəlakət yaradır. İşlər bu cür davam edərsə, ərazidəki ekoloji fəlakətin miqyası daha da genişlənəcək. Bu da çox ciddi fəsadlara yol açacaq. O baxımdan buna necə mane olmaq olar? Sözügedən məsələ ilə bağlı hansı addımlar atıla bilər?
“...sözügedən məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəyli buna bir nçə aspektdən yanaşdı: “Bütövlükdə, Azərbaycan işğal olunmuş ərazilərdə ekoloji tarazlığın pozulması və təbiətə ziyan vurulması ilə bağlı məsələləri qaldırır. Məlum olduğu kimi, Sərsəng su anbarı ilə də bağlı AŞPA tərəfindən müvafiq qətnamə var. Beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildiriblər, amma nəticə etibarilə Ermənistan yenə də işğal olunmuş ərazilərdə ekoloji tarazlığın pozulması istiqamətində işlər aparır. Bu təkcə su ehtiyatlarının istismarında özünü göstərmir, digər sahələrdə də özünü göstərir. Meşə ehtiyatları məhv edilir, Qarabağın yeraltı sərvətləri istismar edilir. Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ekoloji fəlakət beynəlxalq konvensiyalara ziddir. Bu həm ekoloji, həm də işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması baxımından beynəlxalq konvensiyalara ziddir. Ona görə də biz yenidən sözügedən məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Hələlik gücümüz yalnız buna çatır. Dünyada digər münaqişələrdə oxşar vəziyyətlə bağlı sanksiyalar tətbiq edilir. Ona görə də çalışmalıyıq ki, oxşar sanksiyalar Ermənistana da tətbiq edilsin. Söhbət diplomatik və iqtisadi sanksiyalardan gedir. Beynəlxalq birlik bununla bağlı Ermənistana siyasi təzyiq göstərərsə, o zaman bunun hansısa nəticəsi olar. Təzyiq olmayacaqsa, işğalçı tərəf yenə öz bildiyini edəcək”.
Vidadi ORDAHALLI