Məlum olduğu kimi, 9 fevral 2020-ci ildə Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Ölkənin davamlı inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Təbii ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmə olmalıdır. Milli Məclisin buraxılması ölkədə aparılan islahatlar kursunun mahiyyətindən doğan zərurət idi. Nəzərə almaq lazımdır ki, ölkədə elə bir sfera qalmayıb ki, islahatlar onu əhatə etməsin. Sosial, iqtisadi, məhkəmə-hüquq sistemində və digər sahələrdə aparılan islahatlar öz nəticəsini verir. Bu baxımdan, Milli Məclisin buraxılması təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun prosesdir.
Radikal müxalifət nümayəndələri növbədənkənar parlament seçkilərinin keçirilməsindən özlərinin siyasi məqsədləri üçün istifadə edərək, müxtəlif bəyanatlar verir, fərqli iddialarla çıxış edirlər. İlk əvvəl sözügedən qərarın cəmiyyət tərəfindən qəbul olunmayacağı fikirlərini ortaya atdılar. Çox keçmədi ki, onların bu iddiaları özünü doğrultmadı. İndi də belə proqnozlarla çıxış edirlər ki, 9 fevral seçkilərindən sonra cəmiyyətdə sosial gərginlik yaranacaq və bu, artan xətt üzrə inkişaf edəcək. Nəticədə bütün bunlar ölkədəki siyasi sabitliyə ciddi mənfi təsir göstərəcək. Guya bütün bunlar ölkədə ciddi çaxnaşmalara rəvac verəcək.
Bütövlükdə, parlament seçkiləri ölkədə sosial-siyasi həmrəyliyə və sabitliyin əsaslarına necə təsir göstərəcək?
“Radikalların bununla bağlı verdiyi bədbin proqnozlar reallığa söykənmir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, 9 fevral seçkiləri bu baxımdan hər hansı risqlər vəd etmir: “Parlament seçkilərindən sonrakı vəziyyət ölkədə sosial-siyasi həmrəyliyə və sabitliyin əsaslarına mənfi mənada təsir etməyəcək. Niyə? Çünki bunu şərtləndirən bir sıra faktorlar var. Məsələ ondadır ki, əhalinin maddi təminatında hansısa ciddi sıxıntılar yoxdur. Ölkədə aparılan islahatlar fonunda bir sıra sosial paketlər qəbul olunub. Həmin sosial paketlər sayəsində aztəminatlı ailələrin maddi vəziyyəti yaxşılaşıb. Əhalinin gəlirləri artıb, inflyasiya səviyyəsi aşağıdır. Neftdən əldə olunan gəlirlər azalmayıb, əksinə, artıb. Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları ötüb. Digər tərəfdən, aparılan islahatlarla əlaqədar idarəetmə sadələşdirilir. İnnovativ metodlardan istifadə edilir. Əvvəlki illərdə olduğu kimi, vətəndaşlar süründürməçiliklə üzləşmirlər. Cavan, bacarıqlı kadrlara dövlət idarəçiliyində geniş yer verilir. Əvvəlki yaşlı məmurların çoxu siyasi səhnədən gedib. Bütün bu prosesləri də cəmiyyət maraqla izləyir. Başqa bir tərəfdən, bir sıra ölkələrdə mövcud olan qeyri-stabil vəziyyətin hansı kataklizmlərə yol açdığını hamımız görürük. Cəmiyyət də bütün bunların fərqindədir. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, parlament seçkilərindən sonra ölkədə siyasi və sosial sabitliyin pozulmasına yönəlik hər hansı bir narahatlıq olmayacaq. Əksinə, sabitliyin daha da möhkəmlənəcəyi gözlənir. Radikalların bununla bağlı verdiyi bədbin proqnozlar reallığa söykənmir”.
Vidadi ORDAHALLI