Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında məlum görüşdən sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi xüsusi maraq doğurur.
Qeyd edək ki, görüşlə bağlı artıq ilkin məlumatlar yayılıb. Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, görüş 7 saat davam edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib. Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər".
Beləliklə, XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər. Amma ötən il ərzində də çoxsaylı belə müzakirələr aparılıb. Buna rəğmən, məsələnin dinc müstəvidə həlli istiqamətində hansısa addım atmaq mümkün olmayıb. Təbii ki, hadisələrin bu səpkidə inkişafını şərtləndirən başlıca amil də Ermənistanın qeyri-konstruktiv mövqeyidir. İndi cari il ərzində Ermənistanın mövqe dəyişikliyinə gedib-getməyəcəyi də xüsusi maraq doğurur. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin yazdığına görə, hazırda danışıqlar masasında, əvvəlki kimi, “Madrid prinsipləri“ adı ilə məşhur olan nizamasalma planı durur: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar, həmişə olduğu kimi, yüksək məxfilik rejimində aparılır. Nazirlərin dəqiq nə söylədikləri və nəyin müzakirə edildiyi məlum deyil. Duman danışıqlardan sonra belə dağılmır - danışıq aparanlar ümumi sözlər və qeyri-müəyyən qiymətləndirmələrlə keçinirlər". Amma erməni tərəfinin iddiasına görə, əslində Azərbaycan qətiyyətli mövqe nümayiş etdirir və İrəvan daha çox müdafiə mövqeyindədir. Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bu xüsusda bildirir: “Paşinyanın hakimiyyəti dövründə ATƏT Minsk Qrupu həmsədrləri Ermənistana sillə vuran bəyanat yayırlar, Lavrov Valday forumunda Ermənistanı qeyri-konstruktivlikdə günahlandırır, Paşinyan isə öz cəmiyyəti, siyasi tərəfdaşları ilə dialoqa gedə bilməyərək Azərbaycan xalqını dialoqa çağırır. Digər tərəfdən onun mövqeyi Rusiyanı da narazı salır. Xüsusən də Qafanda səsləndirdiyi fikirlər Rusiyanı daha çox Azərbaycanın yanına itələyir”.
Qeyd edək ki, Qafanda mətbuat konfransı zamanı Paşinyana 2016-cı ildə aprel döyüşlərinin Rusiyanın razılığı ilə baş verməsi ilə bağlı bəyanatına dair sual verilib. Paşinyan cavab olaraq qeyd edib ki, 2016-cı ildə verdiyi bəyanatlar indi də “Facebook” səhifəsindədir. Paşinyanın sözlərinə görə, erməni cəmiyyətini narahat edən məsələləri rus həmkarları ilə müzakirə edib. Rus siyasi analitik Qriqori Trofimçuk məsələyə belə yanaşmanın Rusiyanı narazı saldığını vurğulayır: “Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, Sarkisyana qarşı isə rus tərəfinin heç nəyi yox idi, elə deyil?”. Trofimçuk qeyd edib ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi bəyanatlarından indi də imtina etmədiyi barədə birbaşa formada danışır: “Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, belə bir şeyə icazə vermək, yumşaq desək, hadisələrin qəribə inkişafı üçün isə rus tərəfinin Sarkisyana qarşı heç nəyi yox idi. Paşinyanın Qafanda verdiyi bəyanat birbaşa təxribat kimi görünür. Moskva hər hansı qaydada onu nəzərə almalıdır”. Elə erməni politoloq Ruben Mehrabyan da məsələyə bu prizmadan yanaşır. Onun sözlərinə görə, Paşinyan aprel döyüşlərindən dərhal sonra olduğu fikirdə bu günə qədər qalmaqda davam edir:“Və həyat göstərir ki, bu fikri dəyişmək üçün hər hansı əsas yoxdur”. O qeyd edib ki, Ermənistan, Cənubi Qafqaz istiqamətində siyasət Rusiyanın ümumi siyasətinin yalnız bir hissəsidir: “Rusiya siyasəti müvəqqəti dəyişikliklərə məruz qala bilər, lakin Rusiya rəhbərliyinin təsəvvürləri dəyişmədiyi müddətcə, rus siyasətinin dəyişdiyini düşünməyə əsas yoxdur. Rus siyasəti bu və ya digər hallara uğunlaşa bilər, lakin ən azından onun strategiyasında, təməlində və dərinliyində dəyişiklik ola bilməz. Sadəcə, Paşinyanın mövqeyi üzündən Rusiya Azərbaycanla daha çox yaxınlaşır. Aydındır ki, bu da Qarabağ danışıqlarına təsir edir”.
Digər tərəfdən artıq məlumdur ki, Qafanda keçirilən mətbuat konfransında Nikol Paşinyanın Qarabağla bağlı danışıqlar prosesi barədə səsləndirdiyi yanaşma və mətbuatdan gətirdiyi sitatlar ATƏT-in Minsk Qrupu həmsədrləri arasında da ciddi narahatlıq yaradıb. Erməni mediası yazır ki, onlar bu hərəkəti Minsk Qrupu daxilində ideologiyaya zidd olan Paşinyanın növbəti özfəaliyyət davranış tərzi nümayiş etdirməsi cəhdi kimi qəbul ediblər. Məlumata görə, həmsədrlər Cenevrədə Mnatsakanyanla Paşinyanın Qarabağa dair ifadələri ilə bağlı olduqca sərt bir söhbət aparıblar. Belə vəziyyət həm də Qarabağ məsələlsində Azərbaycanın mövqeyini daha da gücləndirən hal kimi qəbul olunur.
Tahir TAĞIYEV