Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan ərazilərinə səfər edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, N.Paşinyan Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla birlikdə hərbçilər üçün yeni xidməti mənzillərin açılışında iştirak edib.
Maraqlıdır ki, Sarkisyanın bu səfəri Cenevrədə xarici işlər nazirlərinin görüşü ərəfəsinə təsadüf edir. Ermənistan bu taktikadan çox istifadə edir. Adətən mühüm görüşlər ərəfəsində ya cəbhədə atəşkəsi pozur, ya da Ermənistan rəhbərliyi qondarma qurumun nəzarəti altında olan ərazilərə səfər edib, orada cəmiyyəti qıcıqlandıran bəyanatlar verir. Bu taktika nəyə hesablana bilər?
Daşdəmir Əliyev: “Bu cür hərəkətlərə sərt reaksiyanı görüşü təşkil edən həmsədrlər verməlidirlər”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun səbəbləri aydındır: “Elə məhz həmin görüşün ərəfəsində Paşinyan özündən əvvəlki Ermənistan rəhbərliyinin nisbətən konstruktiv mövqeyini kəskin tənqid etdi. Sonra Qarabağa səfər etdi. Bütün bunlar beynəlxalq aləmə verilən mesajlardır. Paşinyan bununla demək istəyir ki, hər hansı bir konstruktiv mövqeni ondan gözləməyə dəyməz. Buna görə də bütün diqqəti danışıqlardan çox separatçı quruma yönəltmək istəyirlər. Biz belə halları Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində də müşahidə edirik. Bununla ermənilər həm də Azərbaycanın stabil ölkə olmadığı ilə bağlı fon yaratmaq istəyirlər. Mühüm görüşlər ərəfəsində Paşinyanın etdiyi səfərlərin bir mənası da var. Bununla açıq demək istəyirlər ki, heç bir təzyiq onları yolundan döndərə bilməz. Bütün bunlardan nəticə çıxararaq demək olar ki, Azərbaycan Ordusunun öz sözünü deməsinin vaxtı yetişib. Biz hərbi qüdrətimizlə öz ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq. Paşinyan budəfəki səfərində Dağlıq Qarabağdakı separatçı hərbçilərə tikilmiş evlərin təqdimat mərasimində iştirak etdi. Bunun özü beynəlxalq aləmə meydan oxumaqdır. Bir tərəfdən danışığa gedir, digər tərəfdən isə başqa bir ölkənin ərazisindəki separatçılara mənzil paylayır. Ümidvaram ki, tez bir zamanda bu məsələ həllini tapacaq. Biz torpaqlarımızı azad etməyin yolunu gözəl bilirik”.
Ekspertin sözlərinə görə, bu cür hərəkətlərə sərt reaksiyanı görüşü təşkil edən həmsədrlər verməlidirlər: “Təəssüf ki, biz onlardan belə bir mövqeni görə bilmirik. Onlar bununla həm də öz missiyalarına olan inamı azaldırlar”.
Məhəmmədəli QƏRİBLİ