Məlum olduğu kimi, Ermənistan Prezidenti Armen Sarkisyan İsraildə səfərdə olub. Səfər Holokost hadisələrinin ildönümünün qeyd edilməsi çərçivəsində baş tutub. Ermənistan Prezidenti İsrailin ictimai televiziyasına müsahibə verib və həmin ölkənin rəsmi qurumlarını aşağılayan mövqe ortaya qoyub. O bildirib ki, İsrail parlamenti “erməni soyqırımı”nı siyasi səbəblərə görə tanımır: “Mən bunun üçün başqa səbəb görmürəm. Holokost və “erməni soyqırımı”ndan nəticə çıxarmaq lazımdır”.
Göründüyü kimi, Ermənistan Prezidenti İsrailin boynuna haqq qoyur və saxta “soyqırımı” tanımağa borclu olduqlarını qeyd edir. Maraqlıdır ki, İsrail A.Sarkisyanın bu sərsəmləməsinə də lazımi cavab verməyib.
Elşən Mustafayev: “Kifayət qədər informasiya qaynağına çıxışı olan ölkə kimi ola bilməz ki, həmin hadisələrlə bağlı İsrailin əlində sübutlar olmasın”
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ermənistan Prezidentinin bu şəkildə davranış nümayiş etdirməsinin səbəbləri var: “Əvvəla demək lazımdır ki, onun orada nə işi var? Nə vaxtdan Ermənistan faşizmlə mübarizə aparan olub? Ermənistan Prezidenti ilk yalanını həmin tədbirdəki çıxışı zamanı danışdı. Guya ölkəsinin faşizm üzərindəki qələbədə böyük rolunun olduğunu bildirdi. Təbii ki, bunların hamısı yalandır. Çünki Ermənistan indinin özündə də faşizmi dəstəkləyən siyasət yürüdür. Hitlerin silahdaşlarının və yəhudilərin qırğınında birbaşa əli olan şəxslərin xatirəsini əbədiləşdirən bir ölkənin başçısını faşizmlə bağlı tədbirdə yuxarı başa keçirəndə o da İsraili aşağılayacaq. Özlərini yəhudilərlə eyni tərəziyə qoyub, soyqırımdan əziyyət çəkən ölkə kimi qələmə verirlər. İsrail parlamentinin siyasi səbəblərə görə “soyqırımı” tanımadığını deyirsə, bu doğru deyil. Ola bilər ki, İsrail kimi ölkə bu amili də nəzərə alsın. Amma bu həm də obyektivliklə bağlıdır. Kifayət qədər informasiya qaynağına çıxışı olan ölkə kimi ola bilməz ki, həmin hadisələrlə bağlı İsrailin əlində sübutlar olmasın. Əminəm ki, İsrailin əlində ermənilərin iddialarını yalan çıxara biləcək kifayət qədər material var. Bunun bir səbəbi də İsrailin ermənilərin yalanlarından xəbərdar olması ilə əlaqəlidir. Görün bunlar necə millətdir ki, özlərinə yer edən kimi başlarına sığal çəkənə qarşı çıxmağı bacarırlar. Ermənisan rəhbəri həmin tədbirə heç baxmağı haqq etmirdi, nəyin ki, orada çıxış edib, yalan söyləməyi. Çox təəssüf edirəm ki, İsrail hələ də Ermənistan rəhbərinin böhtanlarına lazımi reaksiya vermir”.
Ekspertin sözlərinə görə, artıq erməni yalanları dünyada ifşa olunub: “Sübut olundu ki, həmin təzyiq üsulları ilə Türkiyəyə nəsə etmək mümkün deyil. Hər halda, bunu nəzərə alan İsrail Ermənistanla bir qədər məsafəli davranmağa üstünlük verməlidir. Əks halda, tez-tez belə böhtanlarla üzləşməli olacaq”.
Məhəmmədəli QƏRİBLİ