ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton yeni kitab üzərində işləyir. Kitabın mart ayında çap edilməsi nəzərdə tutulur. Ancaq kitabın bir nüsxəsini ələ keçirməyi bacaran “Nyu York Tayms” qəzeti orada bəzi məqamları yayıb.
Keçmiş milli təhlükəsizlik müşaviri Bolton hələ çap olunmamış kitabında çox ciddi iddialarla çıxış edib. Bolton prezidentə istinadla yazır ki, Tramp avqustda Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı yubatmaq istədiyini deyib və bunu Kiyevin demokratlarla bağlı təhqiqat başlatmasına nail olmaq üçün etmək istəyib. İddialara görə, daha çox keçmiş vitse-prezident Jo Baydenin oğlu Hunter Bayden barəsində araşdırma aparılması istənilib.
Demokratlar Boltonun ifadə verməyə çağırılmasını istəyirlər, Ağ ev isə buna qarşı çıxır. Senatda bu məsələ səsverməyə qoyula bilər, amma respublikaçılar da şahidlərin ifadə verməyə çağırılmasının əleyhinə çıxırlar. Kitabın nə vaxt çapdan çıxacağı bəlli deyil. Ağ Ev yanvarın 29-da Boltonun vəkilinə məktubunu yayıb, əlyazmada “ciddi həcmli məxfi informasiya”nın yer almasına etiraz edib. Bolton və vəkili isə kitabda hər hansı məxfi informasiyanın olmadığını bildirirlər. Bu arada o da məlum olub ki, Boltonun sözügedən kitabının çapına qadağa qoyulub. Ağ Ev bəyan edib ki, bu vəziyyətdə kitab çap oluna bilməz. Bunu onunla əsaslandırırlar ki, əlyazmada məxfi informasiyalar yer alıb. Bolton isə deyilənləri qəbul etmir.
Göründüyü kimi, demokratiyanın, söz azadlığının və digər ali dəyərlərin qoruyucusu kimi təqdim olunan ABŞ-da kitab çapına qadağa qoyulur.
Bütün hallarda, kitabın çapına qadağa qoyulmasının arxasında nə dayanır?
“Fikrimcə, məhz bu səbəbdən kitabın çapına qadağa qoyulub”
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Boltonun kitabının çapına qadağanın qoyulması qarşıdakı prezident seçkiləri ilə bağlıdır: “Əvvəla bir çox hallarda demokratiyadan böyük dövlətlər öz geosiyasi maraqlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə edirlər. Demokratiya örtüyündən istifadə edərək öz siyasətlərini həyata keçirirlər. Təəssüf ki, bu siyasət indi də davam edir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri işləmiş Con Boltonun yazdığı kitabın çapına yüksək səviyyədə qadağa qoyulması və bunun guya hansısa məxfi məlumatların olması ilə əlaqələndirilməsi əsas səbəb deyil. Bunun arxasında başqa məqamlar dayanır. Nəzərə almaq lazımdır ki, Bolton adi bir adam deyil. O, Prezidentin müşaviri olmazdan əvvəl ABŞ-ın BMT-dəki nümayəndəsi olub. 2003-cü ildə İraq kampaniyasının gedişatında onun xüsusi rolu olub, sərt siyasətçi imicinə malikdir. O üzdən, onun müəllifi olduğu kitab nəşr olunsaydı, bu çox ciddi rezonans yaradardı. Ən başlıcası, bu kitab hakimiyyətdə olan Respublikaçılar Partiyasının imicinə ciddi zərbə vura bilərdi. Nəticədə noyabrda keçiriləcək prezident seçkilərində Trampın qalib gəlməsi sual altına düşə bilər. Fikrimcə, məhz bu səbəbdən kitabın çapına qadağa qoyulub. Çox güman ki, Boltonun kitabının çapına prezident seçkilərindən sonra icazə veriləcək”.
Vidadi ORDAHALLI