Milli Şuranın sədri Cəmil Həsənli qarşıdan gələn parlament seçkilərində kimin deputat mandatı qazanacağı ilə bağlı bir siyahı tutub və onu “dəqiq məlumat” kimi yayıb. Özü də C. Həsənli təqdimatı elə edib ki, guya böyük zəhmət hesabına, iqtidardakı agenturasının köməyilə bu məlumatları toplaya bilib.
Milli Şura sədri bir az da irəli gedərək, seçkinin demokratik olmayacağını əsas gətirib: “Milli Şura olaraq əldə etdiyimiz məlumatlar əsasında 2015-ci ilin parlament seçkilərindən 22 gün öncə MM-ə seçiləcək deputatların siyahısını mətbuatda dərc etmişdik. Həmin siyahıda göstərilmiş 125 nəfərdən 121-i düz çıxmışdı. Qarşıdakı növbədənkənar parlament seçkiləri ilə bağlı hakimiyyət orqanlarından, icra və seçki strukturlarından əldə etdiyimiz məlumatlar əsasında fevral ayının 9-da parlamentə seçiləcək deputatların siyahısını seçkidən 12 gün öncə Sizə təqdim edirik. Bu siyahı ehtimallar əsasında deyil, bilavasitə müxtəlif hakimiyyət orqanlarından, rayon icra strukturlarından, MSK, DSK-lardan və hakimiyyətə yaxın olan digər mənbələrdən əldə edilmiş məlumatlar əsasında tərtib edilmişdir. Qeyd edilən məlumatlar əsasında hazırlanmış bu siyahı Milli Şura tərəfindən cəmiyyətə təqdim edilir və bəzi dairələr haqqında yekun qərar verilmədiyindən, siyahıda 5-6 dairə üzrə nəticələr fərqli ola bilər. Ölkədə seçki deyilən bir şey olmadığı üçün seçki gününü - 9 fevralı da gözləməyə elə bir ehtiyac yoxdur. Buyurun, seçki günündən 12 gün öncə - 9 fevralda "seçiləcək" deputatların siyahısı ilə tanış olun”.
Siyahıya nəzər saldıqda məlum olur ki, əslində, Cəmil Həsənli burada hamının edə biləcəyi bir işi ortaya qoyub. Azacıq proseslərdən məlumatı olan adam bir saatın içində məntiqə və namizədlərin nüfuzuna əsaslanıb eyni siyahını təqdim edə bilər. Onda isə Cəmil Həsənlinin bu cür çaşdırıcı gedişi hansı məqsədə hesablana bilər?
Məhərrəm Zülfüqarlı: “İndidən elə təəssürat yaradırlar ki, həqiqi qələbə qazanana da şübhə ilə yanaşılsın”
Seçki üzrə ixtisaslaşmış QHT rəhbəri, professor Məhərrəm Zülfüqarlı qəzetimizə bildirdi ki, belə siyahılarla manipulyasiya çoxdan var: “Yadınızdadırsa 1995-ci ildə belə bir siyahını Nemət Pənahlı yaydı. Burada qəribə nəsə yoxdur. Məntiqlə bunu etmək mümkündür. Həm də namizədlərin kimliyinə, aparılan kampaniyanın səviyyəsinə baxıb 100 faizə yaxın ehtimallar səsləndirmək olar. İş burasındadır ki, bundan siyasi alver rıçaqı kimi istifadə edirlər. Qeyd edirlər ki, guya belə bir siyahını onlara kimsə ötürüb. Əslində, bunun bir adı var, seçkiyə şübhə yaratmaq. Seçilə biləcək namizədlərin qarşısını almaq. Görürsünüz ki, elə C.Həsənlini ən çox tənqid edənlər siyahıda adı qeyd edilənlərdir. Onlar hesab edirlər ki, qazanacaqları əsl qələbəyə bu şəkildə kölgə salırlar. İndidən elə təəssürat yaradırlar ki, həqiqi qələbə qazanana da şübhə ilə yanaşılsın. C.Həsənli bununla siyasi məqsədlərini həyata keçirir. Bunu hansısa bloger, jurnalist də edə bilər. Ancaq C.Həsənli qurum sədridir, o bu cür yanaşması ilə təxribatla məşğul olur. Mənim də qələbəsinə tam əmin olduğum namizədlər var. Durub onların adını maraqlı bir təqdimatla indidən açıqlasam, onların qələbəsinə şübhə yaranacaq. C.Həsənlinin işi-gücü qurtardığı üçün, belə krossvordlar cızmağa başlayıb. Gedib öz işlərilə məşğul olsa, daha hörmətli olar”.
Məhəmmədəli QƏRİBLİ